Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq”

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq”

Mədəni̇yyət

15 Oktyabr 2015, 14:22


Modern.az
saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasını davam etdirir. Bu dəfə 1976-cı ildə böyük dramaturq Mirzə Fərəli Axundovun “Müsyö Jordan həkimi-nəbatət və Dərviş Məstəli şah cadükani-müşkin” pyesinin motivləri əsasında çəkilən “Dərviş Parisi partladır” filminin məşhur sitatlarını təqdim edəcəyik. Qeyd edək ki, böyük maarifçi M.F.Axundovun pyeslərinin ən birincisi  olan Qərb və o zamankı Şərq düşüncəsini, insanların həyata, dünyaya yanaşmasını, iki təfəkkür arasındakı fərqlər və bu fərqin tən ortasında yerləşən o zamankı Azərbaycanı ustalıqla təsvir edir. Təsadüfi deyil ki, Parisə oxumağa getmək istəyən Şahbaz (Ənvər Həsənov) nişanlısı Şərəfnisə ilə söhbətdə buranı, (əslində böyüdüyü kəndi, obanı  yox, ümumən o zamanın Azərbaycanını) “qamışlıq adlandırır:  “Elə mən qalmışam bu qamışlıqda adsız-sansız” cümləsi də əslində o zamankı Azərbaycanın yerində saymasına bir işarədir.

Axundovun pyesi gizli sətiraltı mənalarla zəngindir. O səbəbdən də film üçün hazırlanan ssenaridə onlardan bir qismini qoruyub saxlamaqla ekran əsərinə daha da rəng qatmaq mümkün olub. Amma istər filmin sevilməsində, istərsə də bəzi sitatların məşhurlaşmasında Axundov qələmi ilə bərabər, həm də peşəkar aktyor heyətinin də rolu az deyil. Hatəmxan ağa obrazını canlandıran Adil İsgəndərov və onu səsləndirən Əliağa Ağayevin ustalığı bəzi sitatların xalq arasında sevilməsinə gətirib çıxarıb. Bu sitatlar içərisində, adi söz-cümlə, kiçik ifadə  və mürəkkəb cümlə də ola bilər. Hatəmxan ağanın Paris şəkillərinə baxarkən “xətakarcasına” bircə “bay, bu nədir ə” replikası ondan sonra daha da məşhurlaşdı: 



“Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma”,  “O nə qırıldadır orda”, “bonjur, bonjur muso
” kimi maraqlı replikaları sonradan məşhur sitatlara çevrildi.

Hatəmxan ağanın iki bir-birindən fərqli cəmiyyəti müqayisə zamanı istifadə etdiyi maraqlı bənzətmələrin hamısı sonradan dillər əzbəri oldu: “Bizlər əlimizə həna qoyarıq, onlar qoymazlar. Biz xörəyi əlimizlə yeyərik, onlar qaşıqla. Bizlərdə aşikara peşkəş almaq var, onlarda xəlvətdə. Biz hər zada inanarıq, onlar heç zada. Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq”.

İki təfəkkür nümayəndələrini sadə məişət üsulları ilə çox gözəl müqayisə edən Hatəmxan ağa obrazı timsalında həm Axundov, həm də filmin rejissorları (Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyov) savadsız olmasına baxmayaraq, özünəməxsus fəhm sahibi olan tipik Şərq kişisinin obrazını yaradıb.

“Adını alim qoyub, otların adın da bilmir” – bu məşhur ifadənin müəllifi isə nökər Qəmbərdir (Kamil Məhərrəmov). O, nökərdir və təbii ki, üç aylıq mollaxana təhsilindən savayı heç bir təhsil görməyib. Filmin əvvəlində kiril əlifbası ilə gətirilən məktuba baxan kimi “Ay xamın vallah, mən dildə oxuya bilmirəm” deyərək öz  “qabını” göstərir. Amma yuxarıdakı cümlənin birinci hissəsinin yəni “adını alim qoyub” replikasını Qəmbər məşhurlaşdırdı. Bu gün də intellektual bir adamda hansısa səhv görsək, biz də belə deyəcəyik.



“Onun Firəngistanda nə ölümü var”,  “İndi mən bildim ki, Müsyo Jordan hansı yuvanın quşuymuş...” 
məşhur sitatları isə Hatəmxan ağanın arvadı Şəhrəbanuya (Leyla Bədirbəyli)  aiddir. Hatəmxan ağa kimi fəndgir sövdəgərə ağlagəlməyən məsləhət verən də odur, dərvişin nağılına inanan da odur. Hatəmxan ağanən məşhur  “Onlara bir toy çaldırım ki, səsi Firəngistandan gəlsin” ifadəsi də arvadı ilə məsləhətləşmənin nəticəsində meydana çıxıb.  “Papağını fırlat, il gəlib keçəcək” məşhur zərbi-məsəli isə Şahbaz bəyin gedişini mübahisə edərkən yaranıb.

“Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm, zəmanəni dolayıb barmağıma gəlmişəm” misralarının müəllifini yəqin ki, hamımız xatırladıq. Bu Mirzə Babayevin böyük ustalıqla yaratdığı Dərviş Məstəli şah obrazıdır. Öncə onu qeyd edək ki, Qədim və Orta əsrlər Şərqində dərvişlər və dərvişilik müqəddəs bir missiyanın daşıyıcıları idi. Axundov isə sırf öz yaşadığı zamana uyğun və islami dünyagörüşünə alternativ fikir ortaya qoymaq üçün fırıldaçı Məstəliyə Dərviş “vəzifə”sini verir.

Bu xanımlar elə bilirlər ki, biz Qarabağda oturub Parisi partladacağıq”, “Ya məlixa, ya zəlixa!”,  “Ədə hərzə-hərzə danışma” sitatları bu gün də ən azı kinosevərlərin yaddaşındadır. Lakin onun “kül başuva Qulaməli, bu qədər də barıt tökəllər” ifadəsini isə az qala hamı işlədir. Təbii ki, “nəyinsə barıtı çox olanda”

“Qorxuram ki, Parisin dağılmağında özgə şəhərlər də bərbad ola”, “Əgər kişilərin ağlı varsa, niyə biz onları hər qədəmdə min yol aldadırıq”  məşhur zərbi məsəllərinin müəllifi isə  Axundovun  özüdür. O, bu siyasi replikaları quluqçu Xanpərinin (filmdə sənəm) dili ilə səsləndirir.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!