Modern.az

Musiqi tariximizdən maraqlı həqiqətlər - "Cücələrim"in bəstəkarını niyə həbs ediblər...

Musiqi tariximizdən maraqlı həqiqətlər - "Cücələrim"in bəstəkarını niyə həbs ediblər...

19 Oktyabr 2015, 11:00

Hacıbaba Həsənovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Yağma yağış” mahnısı çox böyük dinləyici kütləsi qazanmışdı. Demək olar ki, bu mahnı hər kəsin zümzüməsində yer almışdı.

Həmin illərin birində yay mövsümü bitir, kənd təsərrüfatı bol məhsul üçün yağışın yağmasını gözləyir. Amma yağış yağmır ki, yağmır.

Buna hirslənən kalxoz sədrləri şikayət məktubu yazıb Mərkəzi Komitəyə göndərirlər. Məktubda qeyd edirlər ki: “Hamı deyir yağma yağış, yağma yağış! Yağış yağmır və biz də məhsul verə bilmirik. Xahiş edirik ki, bu mahnı qadağan olunsun!”.

Çoxsaylı müraciətlərdən sonra bu mahnının oxunmasını uzun müddət qadağan edirlər.

                                                            ***

Bayram Bayramovun “Bəlalı sevgim” romanı əsasında Ziyafət Abbasov “Onun bəlalı sevgisi” filmini çəkərkən, bəstəkar Emin Sabitoğluna bu filmə mahnı yazması üçün müraciət edir. Emin Sabitoğlu da Ramiz Rövşənin sözlərinə “Bağışla” mahnısını yazır. (Bu həmin “Bağışla” mahnısıdır ki, o mahnını əksəriyyət “Səni axtarıram” tamaşasından tanıyır. Əslində mahnı ilk dəfə “Onun bəlalı sevgisi” filmi üçün yazılıb və Flora Kərimova tərəfindən bu film üçün ifa olunub. Sonralar isə “Səni axtarıram” tamaşasında bu mahnı yenidən istifadə edilib.)

Mahnının ifası Flora Kərimovaya tapşırılır. Lakin, o vaxt Flora xanım öz qızına hamilə imiş. Belə ki, mahnını lentə almaq üçün Flora xanım Moskvaya yola düşür. Studiyada onun üçün iki kreslo qoyulur. Flora Kərimova bir kresloda oturub digər kreslonun üzərinə ayaqlarını uzadır və bu halda mahnını ifa edir.

Məlumdur ki, mahnı çətin mahnıdır və nəfəs ehtiyatı tələb edir. Hamilə qadın üçün bu mahnını ifa etmək müşkül olsa da, Flora xanım bunun öhdəsindən gəlir. Lakin mahnının zil yerlərində qızı Flora xanımın bətnini döyəcləyirmiş. Flora xanım da  “bağışla” kəlməsini qarnını sığallayaraq ifa etmiş və sanki, qızından ona əziyyət etdiyi üçün üzürxahlıq etmişdi.

Mahnı ilə bağlı ikinci maraqlı bir hadisə də var.

Flora Kərimova daha çox Vaqif Səmədoğlunun şeirlərinə mahnı oxuduğu üçün uzun illər boyu “Bağışla” mahnısının sözlərinin də Vaqif Səmədoğluna məxsus olduğunu zənn edir. Hətta Ramiz Rövşənlə dəfələrlə eyni məclisdə olarkən, bu mahnını ifa etmiş və sözlərinin Vaqif Səmədoğluna məxsus olduğunu qeyd etmişdir. Buna baxmayaraq, Ramiz Rövşən heç vaxt etiraz etməmiş və sözlərin ona məxsus olduğunu deməmişdir.

Bir gün məclislərin birində Flora xanım yenə bu mahnını ifa edir və qeyd edir ki, sözləri Vaqif Səmədoğlunundur. Ramiz Rövşən də bu məclisdə olur və həmişəki kimi Flora xanıma heç bir etiraz etmir. Amma məclisin bir başqa qonağı bu sözlərin Ramiz Rövşənə məxsus olduğunu bilir və Flora xanıma deyir ki:

-Ay Flora xanım, axı bu mahnının sözləri Ramiz Rövşənindir.

 Flora xanım əvvəlcə inanmır və Ramiz müəllimin özündən soruşur. Ramiz Rövşən təsdiq etdikdən sonra Flora xanım onu qucaqlayıb üzürxahlıq edir. Ramiz Rövşənin cavabı isə belə olur:

-Mən Vaqif Səmədoğlunu o qədər çox istəyirəm ki, nə fərqi var o yazdı, ya mən yazdım!?

                                                         ***

Bir gün Əlibaba Məmmədov Tiflisdə konsertdə olur. Konsertdən sonra bir qız ona yaxınlaşıb soruşur ki:
-Əlibaba müəllim, siz bu gözəl mahnıları hardan tapırsız belə?
Əlibaba müəllim cavab verir ki:
-Özüm bəstələyirəm.

Qız onun sözünə inanmır, hətta zarafat kimi qəbul edib gülür. Əlibaba müəllim Mikayıl Müşfiqin kitabını qıza uzadır və deyir ki:
-İnanmırsansa, al bu kitabdan istədiyin bir şeiri seç. Sabahkı konsertdə dinləyərsən.

Qız da kitabı vərəqləyib Müşfiqin "Yaşa məhəbbətim, yaşa ürəyim" şeirini seçir. Əlibaba Məmmədov həmin gecə o şeirə mahnı bəstələyir və ertəsi gün konsertdə mahnını ifa edir. Mahnı təbii ki, o gündən bu günə qədər oxunur, dinlənilir və sevilir. 

                                                      ***


Bəstəkar Qəmbər Hüseynlini repressiya illərində mühakimə edirlər. İrad tuturlar ki:
-Bu "Cücələrim" nədir? Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir.
Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:
-Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər.
Bəstəkarın bu sözündən əsəbləşib onu həbs edirlər. Təbii ki, bu cəzanın əsas səbəbi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubu idi.

Qəmbər Hüseynli həbsdə olanda Azərbaycandan bir qrup incəsənət xadimi Fransaya səfərə gedir. Onları məşhur aktyor Çarli Çaplin qarşılayır. Qonaqların Azərbaycandan olduğunu öyrənəndə Çarli Çaplin royalın arxasına keçib "Cücələrim" mahnısını ifa edir. Sonra isə üzünü qonaqlara tutub:
-Deməli, siz bu məşhur melodiyanın vətənindənsiz. Məndən o bəxtəvər bəstəkara salam yetirərsiz. - deyir.

Amma Çarli Çaplinin xəbəri olmur ki, həmin bəxtəvər bəstəkar Qəmbər Hüseynli bəstələdiyi mahnılara görə həbs olunub. Həbsdə ağır xəstəliyə yoluxur və bundan iki il sonra vəfat edir.

 Qeyd: Qəmbər Hüsenli "Ay işığında", "Nə vaxta qaldı", "İlk məhəbbət", "Niyə bizə gəlmirsən", "Tellər oynadı", "Dolanım başına" kimi məşhur mahnıların bəstəkarıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi