Modern.az

“Milli Məclis sədrini məhkəmədə udmağımız “Şərq”in ən yadda qalan tarixidi...”

“Milli Məclis sədrini məhkəmədə udmağımız “Şərq”in ən yadda qalan tarixidi...”

1 Noyabr 2010, 20:05

Bu gün “Şərq” qəzetinin ad günüdür. Qəzetin 14 yaşı tamam olur. “Qoca “Şərq”in” bir qədər bədbin və qayğılı danışan baş redaktoru Akif Aşırlı Modern.az-a müsahibəsində qəzetin keçdiyi “ömür yolu” barədə danışıb…

- "Şərq" qəzeti Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolu olan və 14 illik tarixi olan bir qəzetdir. Mən hələ bu tarixi bir qədər də önə çəkmək istərdim. Şərq qəzetinin ilk  6 sayı 1994-cü ildə nəşr olunmuşdu. O dönəmdə maddi imkansızlığımızın səbəbindən qəzet yaşaya bilmədi.

Biz yenidən “Şərq”i 1996-ci il noyabrın 1-də bərpa etdik və o vaxtdan da “Şərq” qəzeti davamlı olaraq  nəşr olunmağa başladı. İlk sayımızı nəşrə hazırlıyan vaxt mərhum ekstasens Etibar Erkinin məsləhəti ilə qəzetin nəşr tarixini noyabrın 1-i yazdıq.  Mən onu tanıyırdım və münasibətlərimiz var idi.  Söhbət edən zaman E.Erkin dedi ki, 1994-cü il sizin üçün uğurlu alınmadı, yaxşı olar 1996-cı ilin noyabrın 1-i yazın. Mən hesab edirdim ki, E.Erkinin ekstrasens kimi özünəməxsus bir intiusiyası, uzaqgörənliyi var və ona qulaq asdıq.
Qəzetin nəşr tarixini noyabrın 1-dən yazdıq. O vaxtdan 14 ildir ki, “Şərq” qəzeti davamlı nəşr olunur. Bu müddət ərzində “Şərq” qəzeti çox burulğandan, bizim üçün enişli-yoxuşlu çox gərgin bir yaradıcılıq prosesindən keçdik və bu gün “Şərq” qəzeti ölkənin ictimai siyasi həyatında, ictimai rəyə təsir etmə imkanlarına görə çox öndədi. Ancaq “Şərq”in “nərdivanda” neçənci yerdə olmağını oxucular müəyyənləşdirə bilər.

- Qəzetinin indiki durumu necədi?  

- Mən hesab edirəm ki, “Şərq” bu gün də Azərbaycan oxucuları tərəfindən qəbul olunan və özünəməxsus oxucular dairəsi olan bir qəzetdir. Azərbaycan mətbuatında olduğu kimi, Şərqin də maliyyə imkanı zəifdi. Reklam imkanlarımız yoxdur. İkinci, bizim layihələrimiz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilmir. Ayrı-ayrı qəzetlərə Fond tərəfdən 50-60 min manat ayrılıbsa, biz bundan məhrum olmuşuq. “Şərq” qəzeti əsasən satış göstəricilərinə arxalanır, böyük olmayan reklam gəlirlərimiz var, digər tərəfdən dostların köməyi olur. Həmişə zaman-azman təmənnasız şəkildə “Şərq”ə müəyyən kömək olub. Bu imkanların hesabına “Şərq” qəzeti bu gün ayaqda durur. Qəzetdə işləyən jurnalistlərin qanor və maaş alma imkanları getdikcə zəifliyir. Ümumilikdə, bizdə Azərbaycan mətbuatının yoxsullaşması, muflisləşməsi prosesi gedir. Bu proseslərin fövqundə “Şərq” qəzeti təbi ki, özünü heç də rahat hiss edə bilməz.

- 14 yaşı hansı  ovqatla, hansı fikir və durumla qeyd edirsiniz?

- “Şərq”i həmişə yaşadan bir ümid olub. Biz həmişə ən çətin məqamlarda gələcəyə  ümidlə  baxmışıq və çətinliklərin ömrünün çox qısa olacağını hesab etmişik

  - Hər bir qəzetin fəaliyyətində bir pik, orta, aşağı nöqtəsi olur. “Şərq” qəzeti yenidən o pik nöqtəsinə çata bilərmi?

- Pik nöqtəyə çatmaqda mühitin çox böyük rolu var, cəmiyyətin fəalığının rolu böyükdür. Cəmiyyətdə Azərbaycan mətbuatının, müstəqil mətbuatın inkşafı üçün lazım olan bütün şərait, mühitin olması gərəkdir. Mən hesab edirəm ki, “Şərq” qəzeti hələ mətbuat bazarında öz yerini qoruyub saxlıya bilib. Bu qədər çətinliklərin, basqınların, təziqlərin fonunda bir qəzet özünü, yerini ictimai rəyə təsir imkanlarını qoruyub saxlıya bilirsə, deməli bu qəzetin ən yüksək tiraja sahib olması və pik nöqtəsinə qalxma mərhələlərini təzədən yaşaya bilər. Bunun üçün “Şərq” qəzetinin yaradıcı potensialı, texniki imkanları var.  Sadəcə olaraq qəzetlərin bazarlanması, yayım siyasətində olan problemlər aradan qaldırılmalıdı. Reklam məsələləri həll edilməlidir.

Bəzi mətbuat orqanları ilə nisbətdə bir qəzetə daha çox imkanlar yaradılırsa, o zaman  rəqabətsiz bir mühitdə, köməksiz bir vəziyyətdə qalan “Şərq” hansı şəkildə inkşafı yüksəlişləri bərpa edə bilər?
Mən rəqabətin tərəfdarıyam. Əgər rəqabət aparırıqsa, normal şəkildə aparılsın, bütün qəzetlərə eyni münasibətlər göstərilsin. Dövlətin yaratdığı media ilə bağlı stukturlara xitabən bunu nəzərdə tuturam. Bəzi qəzetlər böyük imkanlar aldığı halda, digər qəzet bu cür imkanlardan məhrum olursa, məsələ çətin olur. “Şərq” qəzeti həmişə rəqabətə davamlı bir qəzet olub, biz həmişə Azərbaycanda müstəqil mətbuatın inkşafında maraqlı olmuşuq və öz fikirlərimizdə həmişə alternativ fikir daşıyıcılarına yer vermişik.
Parlament Jurnalistləri Birliyin ötən il keçirdiyi rəy sorğusunda biz ən tərəfsiz, neytral müstəqil qəzet seçilmişiksə, bunun özü böyük bir göstəricidi. Bu bizim əməyimizi kənardan izləyən və onun qiymətini verən respondentlərin rəyidi.
Azərbaycanda həqiqətən də müstəqil mətbuatın varlığına, inkşafına çox ciddi ehtiyac var. Çünki Azərbaycan dövlətinin müstəqilliyi məhz müstəqil mətbuatdan aslıdır. Sahibkarlar nəzərə almalıdırlar ki, onların işinin daha hərtərəfli inkşafı üçün müstəqil mətbuatın olmağına daha çox ehtiyac var. Çünki sahibkarların öz fəaliyyətində üzləşdiyi qanunsuzluqlar, onların işinə müdaxilə yazılı mətbuatda daha çox əksini tapır. Mən bunu ona görə deyirəm ki, qoy sahibkarlar Hacı Zeynalabidin Tağıyev kimi düşünsünlər. H.Z.Tağıyev qızlar məktəbini yaradan zaman “İşıq” qəzeti bir məqlə dərc eləmişdi və hacının bir əlində “Quran”, bir əlində qəzet olan portretini vermişdi. Hacı Zeyalabdin inkşafı Azərbaycan mətbuatında görürdü. Ona görə də təmənnasız olaraq bütün qəzetlərə köməklik edirdi. “İrşad”, “Həyat” qəzetlərini çıxarır, “Kaspi” qəzetini rusların əlindən pulla alıb onu Azərbaycanın milli qəzetinə çevirdi. İndiki sahibkarlarımız nəinki H.Z.Tağıyev, heç onun yarısı ola bilmirlər.

- 14 il ərzində “Şərq” qəzetinin yadda qalan nömrəsi, yazısı və yadda qalan əməkdaşı barəıdə nə deyə bilərsiniz, bunu necə xatırlayırsınız?

- “Şərq” qəzetinin çoxsaylı kollektivi olub. Bizim kollektivin sayı hətta 35-40 nəfərə çatırdı. 30 nəfər qəzetin əl yayımı ilə məşğul olub. Ümümilikdə 70-dən yuxarı əməkdaşımız olub. Bu gün “Şərq” qəzetinin belə geniş kollektivə sahib olmaq imkanları məhduddur. Maliyyə imkanlarımız geniş deyil və getdikcə peşəkarları itiririk. Mən “Şərq” qəzetinin hər bir nömrəsini yadda qalan hesab edirəm.
“Şərq” qəzetində çox peşəkar jurnalist fəaliyyət göstərib və indi onların bəziləri ölkənin ayrı-ayrı televiziya kanallarında, informasiya agentliklərində çalışırlar, dövlət strukturlarında təmsilçilik hüququ qazananlar da var. Mən onların hamısını bugünku gün münasibəti ilə təbrik edirəm. “Şərq”in bu səviyyəyə qalxmağında vaxtı ilə qəzetdə çalışmış həmin insanların hər birinin rolu olub

- Ən yadda qalan yazılardan birinin adını çəkərdiniz?

- Bizim çoxlu sayda yadda qalan, reaksiya doğuracaq yazılarımız olub. Hətta o yazılardan bizə təxribat məqsədlər üçün  istifadə ediblər. Bizim elə yazılarımız olub ki, ona görə redaksiyamızın qapıları möhürlənib. Akif Aşırlı polis idarələrinə, prokurorluq orqanlarına, istintaqlara, məhkəmə proseslərinə cəlb olunub.
Qəzetin ən yadda qalan tarixi Milli Məclisin sədri Mürtuz Ələsgərovu məhkəmə prosesində udmağımız olub. Bu Azərbaycanda yeganə bir örnəkdi. 1998-ci ildə Vəfa Allahverdiyeva bir yazı yazmışdı. O yazıya görə Mürtuz Ələsgərov onu məhkəməyə çəkmişdi. Vəkilimiz də  məhşur hüquqşunas, Arbitraj Məhkəməsinin sədri Natiq Abdullayev idi.  Biz gün ərzində müdafiə çıxışları hazırlayırdıq. O zaman Azərbaycan Vəkillər Kollegiyasının sədri Eynulla Vəliyev həm də M.Ələsgərovun vəkili qismində çıxış edirdi. M.Ələsgərov o yazının sifariş əsasında yazıldığını zənn edirdi. Məhkəmə prosesində sübut etdik ki, heç bir siyasi sifarişdən söhbət belə gedə bilməz və bir jurnalistin ortaya qoyduğu yazıdı.
Onda M.Ələsgərov geri çəkildi. M.Ələsgərovun geri çəkilmə prosesini biz yüksək qiymətləndirdik. Bu Azərbaycanda həmin dönəmdə Milli Məclisin sədri olan bir insanın bir qəzetin yazdığı yazıyla barışması demək idi. Biz Azərbaycan mətbuatının, jurnalitsinin həqiqətən də obyektiv şəkildə cəmiyyətə, fakta, inkşafa xidmət etdiyinin şahidi olduq.  Həmin dönəmdə məhkəmələr indikidən qat-qat qanunsuzluğa, hüquqların tapdalanmasına meyilli idilər. Biz senzuranın ən qatı zamanını görmüşük.

- Qəzetin ad günü ilə bağlı tədbirləriniz olacaq?  

- Redaksiyamızın kollektivi bir araya gələcək və biz bu yubleyi qeyd edəcəyik. “Şərq”ə və “Şərq”çilərə uğurlar arzulayıram və hesab edirəm ki, çətin günün ömrü çox az olar. Dözmək lazımdı, dözmüşük və dözəcəyik də...

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı