Modern.az

Mənsum İbrahimov: “Artıq hamımızın səbri tükənib” - MÜSAHİBƏ

Mənsum İbrahimov: “Artıq hamımızın səbri tükənib” - MÜSAHİBƏ

22 Oktyabr 2015, 09:59

“Hər dəfə Məcnunu ifa edəndə Allaha bir addım da yaxınlaşıram”


Müsahibəyə başlamazdan əvvəl bir neçə il öncə onun barəsində yazdığım essedən sitat gətirdim. Dedim ki, səs yeddi notdur, rəng əsas yeddi çalardan ibarətdir, insan yeddi inkişaf mərhələsindən keçir (Hindistanda buna çakra deyilir), göyün də yeddi qatı var. Həqiqətən də səslə rəng birləşərək insani kamilliyin əsas düsturunu yarada bilir. Müsahibəyə də elə bu mövzuya toxunaraq start verdik. Beləliklə, Modern.az saytının budəfəki müsahibi xalq artisti, professor Mənsum İbrahimovdur:

- Bu sahə ilə məşğul olan peşəkar insanlar sualınıza daha dolğun cavab verə bilərlər. Amma mən də həyatı dərk edən insan kimi deyə bilərəm ki, bu həyatda hər şeyin öz rəngi olduğu kimi, səsin də rəngi var. Həyat yalnız ağ və qaradan ibarət olsaydı, insanlar çox sıxılardılar. Səsin də rənginin insan ovqatına çox böyük təsiri var.

- Orta əsr musiqişünaslarından Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində bir detal var ki, ayrı-ayrı musiqi parçaları insanı sağaltmağa qadirdir. Sizcə, səsiniz hansı mənəvi xəstəliklərin qarşısını ala bilər?

- Öz səsim haqqında yüksək fikirlər desəm, təbii ki, doğru olmaz. Tamaşaçılar da yaxşı bilir ki, mən iddiasız adamam. Çalışıram ki, öz işimi görüm. Qiyməti vermək kənardakıların işidir. 25 ilə yaxındır iki böyük dahinin -Füzuli və Üzeyir Hacıbəyovun əsəri olan “Leyli və Məcnun” operasında Məcnunu oynayıram. Hər zaman bu obraz vasitəsilə insanlara xoş, ülvi duyğular aşılamağa çalışmışam. Bu nə dərəcədə alınıb, onu deyə bilmərəm. Bunu tamaşaçılar deyə bilər. Amma hər zaman çalışmışam. Bəzən tamaşaçılar məni öz adımla yox, Məcnun deyə çağırırlar. Mənim üçün də çox xoşdur ki, belə etimad qazanmışam. Çünki Məcnun sadiqlik deməkdir, məcnunluq saf, ülvi məhəbbətin daşıyıcısı olmaq deməkdir. Düşünürəm ki, hər halda, tamaşaçıya zərərli bir şey vermirəm. Çünki indiki tamaşaçı çox səbirsiz və çox emosionaldır. İnformasiya, sürət əsrində nə xoşuna gəlmirsə, anında reaksiya verir, çıxır gedir. Amma artıq 100 ildir oynanılan “Leyli və Məcnun”dan sonra elə tamaşaçılar olub ki, tamaşa bitəndən sonra ağlaya-ağlaya yanıma gəliblər. Hər zaman çalışmışam ki, tamaşaçıya faydalı hislər aşılayım.

- Məcnun sizi necə dəyişdirdi?

- Bir insan kimi nəyisə dəyişdirmədi. Yaradan məni necə yaradıbsa, hansı xarakterdə idimsə, indi də o cürəm. Amma təbii ki, həyata baxışımı dəyişib, formalaşmağımda çox böyük yardımçı olub. Yazıçı Mustafa Çəmənli 50 illiyimdə haqqımda bir kitab yazıb - “Məcnunun məcnunu”.

“Leyli və Məcnun”u oxuyandan, səhnədə oynayandan sonra dünyaya, həyata baxışım dəyişdi. Belə qənaətə gəlmişəm ki, Allahın yaratdığı nə varsa, mən onların hamısının Məcnunuyam. Ən son gəldiyim nəticə bax budur!Hər bir yaradılışa - təbiətə, insanlara, dostlara, ailəyə böyük məhəbbətlə baxıram. Bu, adi əsər, adi yanaşma deyil. Bu, böyük fəlsəfədir. Böyük Füzulinin məhəbbət, Üzeyir bəyin isə musiqi fəlsəfəsidir. Məni geniş tamaşaçı kütləsinə bu əsər tanıdıb. Adətən, Məcnun roluna sənətdə öz sözünü demiş və hamının tanıdığı xanəndəni dəvət edirdilər. Amma o zaman, 1993-cü ildə  çox gənc idim və yalnız bəzi insanlar məni tanıyırdı. Tərəf müqabilim də o zaman gənc olan xalq artisti Gülyaz xanım olub. Qeyd edim ki, ondan sonra yeddi Leylim olub. 131 dəfə bu tamaşada baş rolda çıxış etmişəm. Oxuduğum tamaşaların 80 faizində tərəf müqabilim Nəzakət Teymurova olub. “Leyli və Məcnun”un 100 illiyində həm də UNESCO tərəfindən keçirilən tədbirlərdə dünyanın bir çox ölkələrində onunla ifa etmişəm. Dediyim odur ki, bu da Allahın bir qismətidir. Mən başqa yerdə də ola bilərdim. Amma görünür belə olmalı imiş. Bunun əsas səbəbkarı elə bu gün (dünən-red.) ad günü olan Şövkət Ələkbərovadır. Mən hər gün onun ruhuna dua oxuyuram. Çünki operaya gəlməyimin ilk səbəbkarı Şövkət xanım olub. 1985-ci ildə, Üzeyir bəyin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən Respublika Muğam Müsabiqəsində birinci yeri tutdum. Rayondan gələn bir gənc idim. Təsəvvür edin, münsiflərdən biri olan Şövkət xanım bu cür gənci təltif edəndən sonra öz sinfinə dəvət etdi. O zaman mərhum sənətkarımız Vahid Abdullayevin sinfində dərs alırdım. Ondan sonra Şövkət xanımın sinfinə gəlib-getməyə başladım. O, dedi ki, sənin yerin operadır. Sənin səs tembrin, vizual görkəmin və. s kriteriyalar operaya uyğundur. Onun məsləhəti ilə o zaman məni operada işə götürdülər. Artıq o vaxtdan 30 il keçdi.  Demək istəyirəm ki, sənət taleyim bu insanların məsləhəti ilə həll olunub.

- Məcnun kimi çıxış etdiyiniz ilk tamaşanı necə xatırlayırsınız? Tamaşa müddətində nə kimi maraqlı hadisə baş verdi?

- Məcnun rolunda çıxış etdiyim ilk tamaşam 1993-cü ildə olub. Amma buna kimi də “Leyli və Məcnun”da İbni Səlam və Zeyd kimi kiçik obrazları ifa etmişəm. Çünki teatra xanəndə kimi gəlmişdik. Səhnədə yeriməyi, səhnə hərəkətləri, artistizmi öyrənmək üçün kiçik rollardan başlamaq lazım idi. Məcnun kimi ilk rolum isə 1993-cü il iyunun 25-də Gülyaz xanımla oldu. Hər ikimiz o qədər də geniş kütlənin tanımadığı gənc idik. Buna baxmayaraq, səs-küylü bir tamaşa oldu. Çox adamın tanımadığı iki gənc səhnəyə çıxdı və uğurla çıxış etdi. O vaxtkı mədəniyyət nazirimiz Polad Bülbüloğlu da tamaşaya gəlmişdi. Xeyli tanınmış şəxslər, sənət adamları, ictimai xadimlər, bütün media nümayəndələri, televiziya həmin premyeraya gəlmişdi. Böyük alimlərimizdən biri Azad Mirzəcanzadə o tamaşaya baxandan sonra demişdi ki, “mən onun qismində Sarabskini gördüm, onu Sarabskiyə oxşatdım”. Müəyyən müddətdən sonra biz Azad müəllimlə görüşdük. Dedim ki, “Azad müəllim haqqımda çox gözəl söz demisiniz, özümü ona layiq bilmirəm”. Cavab verdi ki, “təbii, sənin çatışan və çatışmayan cəhətlərin də var idi. Bunlar da zaman keçdikcə, tamaşadan-tamaşaya düzələcək. Amma faktura olaraq mən səni Sarabskiyə oxşatdım. Səni səhnədə elə Məcnun olaraq görürdüm. Düşünmürdüm ki, bu aktyordur. Elə necə varsansa, səni o cür görürdüm.  Hiss etdim ki, sən də Sarabski kimi öz sənətinin Məcnunusan. Zaman gələcək, mənim bu sözüm təsdiq olacaq”.

- Görünür uzaqgörən olub...

- Onun bu sözləri mənə əlavə ruh verdi. Zaman keçdikcə, çox şükür olsun, tamaşaçı məni qəbul etdi. Dövlətimiz də mənə qiymət verdi. 1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev mənə əməkdar artist, 2005-ci ildə cənab prezident İlham Əliyev tərəfindən Xalq artisti fəxri adına layiq görüldüm. 2010-cu ildə isə 50 yaşımda “Şöhrət” ordeni ilə təltif olundum. 3 ildir muğam professoruyam. Bunların hamısı uzun zəhmətin nəticəsində baş verib. Hər dəfə fəxri ad alanda çox sevinmişəm. Çünki insanın zəhmətinə qiymət veriləndə çox sevinər. Amma heç vaxt bununla qürrələnməmişəm. Hər dəfə mükafat alanda elə bil ki, çiynimə böyük yük götürmüşəm. Bir-iki ay keçəndən sonra o mükafatları unutmuşam. Bu yaxınlarda bir jurnalist mənə sual verdi: “Artıq bütün fəxri adları almısınız. Daha bundan sonra nə olmalıdır?”.
Dedim ki, axı, mən bunun üçün yaşamıram. Bundan sonra çox sayda görməli işlərim,layihələrim var. Görüm ömrüm onlara yetəcəkmi? Əgər mən adı fikirləşən olsaydım, gərək çoxdan sənəti tərk edəydim. İndi sənəti daha yaxşı dərk etdiyim bir dövrdəyəm. Səsimin daha yaxşı olan dövrünü yaşayıram. Artıq özüm bunları dərk edirəm. Arxamca artıq tələbə ordusu gəlir. Onlarla tələbəm həm Opera və Balet Teatrının, həm də televiziyanın solistləridir. Elələri var ki, konservatoriyada dərs deyirlər. Aralarında əməkdar artist olnlar da var. Artıq tələbələrim mənim sənət yoldaşlarımdır. Əməkdar artist Təyyar Bayramov, Arzu Əliyeva, Aytən Məhərrəmova, Elməddin İbrahimov və başqaları mənim tələbələrimdir. Bu il Beynəlxalq Muğam Müsabiqəsində birinci yerin qalibi Aytən Məhərrəmli, Respublika Muğam Müsabiqəsinin qalibi Orxan Hüseynli də tələbələrimdir... Mən onlarla fəxr edirəm. Gəncləri yetişdirməliyik. Bizi necə öyrədiblərsə, biz də sənəti bu cür gənclərə öyrətməliyik. Bu gün dövlətin, xüsusən də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna diqqət və qayğısı var. Bu gün bizim muğamımız intibah dövrünü yaşayır.



-
 Peşəkar mütəxəssisdən dərs alan, ciddi musiqi, həmçinin muğam ifaçıları olan gənclər sonradan iş tapmaqda çətinlik çəkirlər. Bu məsələ get-gedə həllini tapacaq?

- Düşünürəm ki, bu məsələ yavaş-yavaş həll olunur. Artıq musiqi məktəblərinin hamısında xanəndəlik sinifləri açılıb və bizim uşaqlar orada dərs deyirlər. Sevindirici haldır ki, tələbələrimizin bir qismi həm də musiqi məktəblərinə rəhbərlik edirlər. Bu, çox önəmlidir. Mən də təbii ki, dərs deyəndən sonra tələbə ilə əlaqəmi kəsmirəm, onun fəaliyyətini izləyirəm. Görəndə ki, kimsə artıq passivliyi ilə seçilir, onunla danışırıq, yardım etməyə çalışırıq. Çünki tələbə dərs aldısa, sabah onu unutmaq olmaz. O həm öz sənətini davam etdirməli, həm də dolanmalıdır. Ümumiyyətlə, tələbə mənim üçün mənəvi övlad kimidir. Bəzilərinin toyunda da, elçiliklərində də əlimdən gələn yardımları etmişəm.

- Amma onlar gəncdirlər. Bayağı musiqinin təmsilçilərinin toylarda yüksək məbləğdə pul qazanıb yaxşı dolandıqlarını görəndə, onlar ciddi musiqinin təmsilçisi kimi kənarda qalırlar. Bu amil onlarda mənəvi sarsıntı yaşada bilər?

- Əvvəllər bu cür vəziyyət olurdu. Amma bu gün dövlət muğama xüsusi diqqət göstərir və bu onlar üçün stimula çevrilir. Rəsmi dövlət tədbirlərində, beynəlxalq rəsmi mədəni görüşlərdə ölkəni təmsil edənlər arasında mütləq muğam ifaçıları da var. Artıq televiziyalar get-gedə xanəndələrə üstünlük verməyə başlayıb. Onların çoxu işlə təmin oluna bilir. Bütün bunların hamısı onlar üçün stimuldur.

- Tez tez televiziyada, ya haradasa hər hansı xanəndənin ünvanına “ilahi səs sahibi” ifadəsi işlədilir. Ümumiyətlə, “ilahi səs nə deməkdir? 

- Televiziyalarda bəzən sənət adamları ilə bağlı şişirtmələr olur. Yeri gəldi-gəlmədi kiməsə korifey deyirlər, bir də görürsən ki, bir gəncə ustad deyirlər. Aparıcıların çoxu bəzi məqamları bilmir. Dillərində qüsurlar da olur, yaxud nəyisə anlamırlar. Amma ən azından sənətin spesifikasını bilmək lazımdır. Elə qeyri-adi səslər var ki, o ifadəni yalnız onlara şamil etmək olar. Məsələn, Qədir Rüstəmovun, Rəşid Behbudovun, Şövkət xanımın səsinə “ilahi səs” demək olar. Elə xanəndə var ki, mexaniki surətdə nəyisə öyrənib oxuyur. Amma eləsi var, qulaq asan kimi bilirsən ki, bu artıq Allahın verdiyi bir səsdir. Bu cür səs səni heç zaman yormayacaq.

- Deməli, Allah  xanəndədən vasitəçi kimi istifadə edir? O müğənni vasitəsiləinsanlara ötürdüyü səsdə nəyi çatdırmaq istəyir?

- Sənət adamları, yaradıcı insanlar Allahın sevdiyi və seçdiyi insanlardır. Allahın səs verdiyi insanın ağlı, şüuru yerindədirsə, o bu səsi cilalayıb insanlara, vətənə xidmət edəcək. Yox, yerində deyilsə, əksinə olacaq. Allah hər zaman istəyər ki, o səs vasitəsilə insanlara müsbət mesajlar ötürsün, insanları düzgün istiqamətə yönəltsin. Allah belələrini özünə yaxınlaşdırmağa çalışır. Hər dəfə Məcnunu ifa edəndə Allaha bir addım da yaxınlaşıram. İçimdə hər dəfə mənəvi təmizlənmə hiss edirəm.

- Bilirik ki, işləriniz çox olur. Bu qədər işdən ayrılıb mütaliəyə vaxt ayıra bilirsiniz?

- Çox az hallarda asudə vaxtım olur. Həm rəsmi tədbirlər, həm çəkilişlər, həm tələbələrlə iş, həm teatr, həm də konservatoriyada işlər çoxdur. Amma hər zaman mütaliəyə böyük marağım olub. İndi stolumun üstündə seçdiyim kitablar var. Onların əksəriyyəti sənətimlə bağlıdır, qəzəl kitablarıdır. Onları mütaliə edirəm, xoşladığım misraları işarələyirəm ki, sonra yenə də onlara qayıdım. Gündəlik mətbuatı da izləyirəm. Bir vətəndaş kimi baş verən hadisələrdən xəbərdar oluram. Təbii ki, siyasətə qarışmıram. Düşünürəm ki, mənim üçün ən böyük siyasət mədəniyyətdir, musiqimdir. Düşünürəm ki, bu gün Qarabağ həqiqətlərini sənətimlə çatdırmağa çalışıram. Mənim məşhur üçlüyümün adı da “Qarabağ” adlanır. Bunu təbii ki, xarici ölkələri nəzərə alaraq etmişik. Hara gediriksə “Qarabağ” üçlüyünü təqdim edirik və sonda “Qarabağ şikəstəsi”ni ifa edirik. Bu, bir musiqiçi siyasətidir. Mən heç nə demirəm, sadəcə, oxuyuram. Bununla da bütün insanlara çatdırıram ki, Qarabağ bizim millətin torpağıdır.

- Madam ki gündəlik mətbuatı oxuyursunuz, istərdim belə bir sual verim. Məsələn, bu gün bütün media əsasən parlament seçkilərindən və gündəmdəki digər hadisədən – iş yerlərinin ixtisarından yazır. O cür xəbərləri oxuyursunuz, yoxsa ötüb keçirsiniz?

- Təbii ki, izləyirəm, maraqlı məlumatlar olanda oxuyuram... 

- Bəzi mədəniyyət adamları son günlər siyasətlə məşğul olmağa çalışırlar. Sizin buna münasibətiniz necədir?

- Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Jurnalist öz qələmi ilə, ifaçı ifası ilə məşğul olsa, daha çox fayda verər. Bizim çox yaxşı siyasətçilərimiz var. Onlar artıq ömürlərini bu işə həsr ediblər. Mən də gedib onlarla bərabər işləsəm, bu artıq özfəaliyyət səviyyəsində olacaq. Mən ancaq öz sahəmi gözəl bilirəm, burada uğur qazana bilərəm. Mənim işim muğam öyrətməkdir. Bundan yaxşı ictimai fəaliyyət yoxdur. Çünki muğamda tərbiyə, əxlaq, özünü kamilləşdirmə var.  Deməli, biz həm də bunları öyrədirik. Hesab edirəm ki, mənim yerim elə buradır.

- Amma siz namizədliyinizi irəli sürüb deputat seçilsəydiniz, şəxsən mən sevinərdim. Düşünərdim ki, Mənsum müəllim oradakı bəzi deputatlardan fərqli olaraq, heç bir şikayətçinin xahişini geri çevirməyəcək...

- Tam səmimi deyirəm, heç o haqda düşünməmişəm. Bu yaxında 55 yaşım tamam olacaq. Öz təşəbbüsümlə Ağdama getdim. İcra  hakimiyyətinin başçısı Raqif Məmmədov da təşəbbüsümü təsdiqlədi. Ağdam Olimpiya Kompleksində məcburi köçkünlər və şəhid ailələrinin qarşısında yaxşı konsert təşkil etdik. Ağdamdan olan başqa sənətkarlar - Arif Babayev, Aygün Bayramova, Feyruz Səxavət, Rəmiş, Səbuhi İbayev, Təyyar Bayramov, Sevinc Sarıyeva da bizə qoşuldu. Bakıda da edə bilərdik. Anma mən özümü o torpağa borclu sayıram. Səsi bu torpaqdan almışam. Getdim və bütün günü o insanlarla bir yerə oldum. Bu, heç vaxt yadımdan çıxmayacaq. Burada təbii ki, heç bir siyasətdən söhbət gedə bilməz. Bu, sadəcə, ürəyimdən keçdi. Hər kəs öz sahəsində bir iş görməlidir. Mən deputat oldum-olmadım, bacardığım işi görməliyəm. Bu gün mənim səlahiyyətim daha çoxdur. Azad insanam, hara istəsəm gedə bilirəm və istədiyim addımı atıram...

- Son sualı verim, Ağdam işğaldan azad olunanda hansı muğamı ifa edəcəksiniz?

- Artıq hamımızın səbri tükənib. Keçən dəfə prezident dedi ki, əgər erməni ölmək istəmirsə, mənim torpağıma girməsin. Artıq səbirlər tükənib. Sizi inandırıram, o gün uzaqda deyil. Mütləq tez bir zamanda o torpaqlar azad olunacaq və mən də “Qarabağ şikəstəsi”ni oxuyacağam.


Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı