Modern.az

Nitq mədəniyyəti barədə - VIII yazı

Nitq mədəniyyəti barədə - VIII yazı

23 Oktyabr 2015, 10:11

 filologiya üzrə elmlər doktoru, professor

Məktəb yaratmış diktorları həm sənət yoldaşları, həm də geniş ictimaiyyət qəbul etməlidir. Bu, nitq mədəniyyəti yüksək səviyyədə olanların qarşısında qoyulan tələblərdən biridir. Məktəb yaradanlardan söhbət düşmüşkən Aydın Qaradağlı barədə deyilənləri xatırlamaq yerinə düşər. Məsələn, Məmməd Araz deyirdi: “Aydının səsində vətən havası, torpaq ətri var. Bizi ilk dəfə həm sözə, həm səsə diqqət kəsdirən Aydın Qaradağlı olub. Onun səsində elə bir sirr var ki, qulaq asdıqda sanki adamın ruhu sakitləşir”. Həsən Əbluca görə: “Aydının yeri görünür… Hər gün görünür… Hər yerdə, hər yerdən görünür”. Ofelya Sənani isə Aydın Qaradağlı haqqında belə düşünür: “Aydın Qaradağlı aydınlar içində ən aydın görünən dan ulduzu idi. Bu ulduz heç vaxt sönməyəcək. Vallah, sönməyəcək!” Valid Sənani Aydın Qaradağlı barədə belə deyir: “O, bütün gözəl özəllikləri ilə yanaşı, yüz ildə bir dəfə doğulan və doğulmayacaq səsdir”.
Roza Tağıyevanın fikri: “Aydın Qaradağlı dili bıçaq, ürəyi zərif gül ləçəyi olan böyük insandır”. Bu deyilənlər və yüzlərlə belə deyilmiş fikirlər təsdiq edir ki, Aydın Qaradağlı səsi və diksiyası ilə məktəb yaratmış peşəkarlardan biri olmuşdur. Adətən belə peşəkarları qəbul etməmək, onunla razılaşmamaq, onunla hesablaşmamaq mümkün deyildir. Odur ki, belələrinin fikirləri, məsləhətləri və tövsiyələri həmişə başqaları tərəfindən qəbul olunubdur. Belələrinin mövqeyi nizam tərəzisi kimi hər bir əməli öz yerindəcə düzgün çəkibdir. Onu da qeyd edək ki, belələrinin mövqeyindən heç kəs heç zaman inciməyibdir. Ona görə ki, onların mövqeyi hər zaman qərəzdən, bədxahlıqdan uzaq olmuş, xeyirxahlıq və səmimiyyətdən yaranmışdır. Belələri həmişə xeyirxah, düzgün əqidə sahibləri olmuşdur. Bu mənada Aydın Qaradağlı barədə oğlu Vüqar Qaradağlının dedikləri yerinə düşür: “Düzgün adam idi. Bəzən radioda kimlərinsə ifasında səhv eşidəndə əsəbiləşirdi, özündən çıxırdı. Həsən Əbluc “Qobustan” jurnalına müsahibə verərkən demişdi ki, bir gün efirdə nəyisə səhv oxudum. Aydın müəllim sərt reaksiya verdi. Əvvəlcə pərt oldum. Sonra könlümü aldı. Atamdan heç kim inciməzdi. Onun səmimi və içdən gələn münasibəti hamıya doğma idi”. (bax: Xatirələrdə yaşayan yaxşılar – Aydın Qaradağlı kimi. – “Kaspi” qəzeti, 29 yanvar 2015, 017 (3328), s.8)

Peşəkarların peşəkarlığı imkan vermir ki, onlar qeyri-səmimi olsunlar. Onların fikirləri peşəkarlara da, peşəkar olmaq istəyənlərə də hər zaman lazım gəlir. Hər bir zaman peşəkarlara və onların fikirlərinə ehtiyac olub. Məsələn, Cəfər Cabbarlı “Dövlət türk teatrında” məqaləsində “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın”, “İblis” əsərlərində aktyorların və aktrisaların fəaliyyəti barədə yazırdı: “Aktrislərdən xüsusilə Mərziyə xanım, Məğfurə xanım gözəl idilər. Yalnız Mərziyə xanım öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər”. (bax: Cəfər Cabbarlı. Dövlət türk teatrında. – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.281) Məhz Cəfər Cabbarlının bu fikirləri müəllim-ustad kimi aktyorların və aktrisaların məsuliyyətini artırırdı.

Məktəb yaratmışlara, müəllim-ustadlara hörmət deyəndə Əminə Yusifqızının Gənc Tamaşaçılar Teatrındakı müəllimi Viktor Mixayloviç Kolton barədə dedikləri maraqlıdır: “Hər şeyi onunla məsləhətləşirdim. Mənə şeir deməyi, söz üstündə nə cür işləmək lazım olduğunu o, öyrədib. Viktor Mixayloviç bir neçə ildir rəhmətə gedib. Sağlığında mütəmadi olaraq onunla əlaqə saxlayırdım. Mən Xalq artisti adı alanda da Viktor Mixayloviçlə danışdım. Dedi ki, “Əminə, nəhayət, sən Xalq artisti adını da aldın”. Mən də cavabında bildirdim ki, “Xeyr, Mixayloviç, Xalq artisti sizsiniz. Çünki sizin sayənizdə mən şeir üzərində işləməyi öyrənmişəm”. Qeyd edim ki, əvvəllər şeirləri rus dilində deyirdim. Hətta televiziyada da söylədiyim ilk şeirlər rus dilində olub”. (bax: “Hər ay təqaüdümü rəfiqəmə verirdim”. – “Kaspi”, 10 iyul 2015, 123 (3437), s.21) Əminə Yusifqızının keçdiyi məktəb və özünün yaratdığı məktəb imkan verib ki, onun bədii qiraətində səslənən nümunələr dinləyiciləri ələ ala bilsin. Bizim hər birimiz onun bədii qiraəti vasitəsilə təkcə onun peşəkarlığına deyil, həm də onun müraciət etdiyi şairlərin yaradıcılığına məhəbbətlə bağlanmışıq.

Nitq mədəniyyətinin tələblərindən biri də nitqin aydın, sadə və ifadəli olmasıdır. Yeri gəlmişkən qeyd edək ki, nitq mədəniyyətinin inkişaf etdirilməsində qeyd olunan bu tələbləri böyük rus hüquqşünası Anatoli Fyodoroviç Koni də (1844-1927) məsləhət bilirdi. Onun nitq mədəniyyəti sahəsindəki fikirləri, mülahizələri öz dəyərini indi də itirmir. A.F.Koni öz fəaliyyətini məhkəmə sahəsi ilə məhdudlaşdırmamış, məhkəmə etikası, nitq mədəniyyəti barədə də dəyərli fikirlər söyləmişdir. “Fəaliyyəti boyu A.F.Koni elmi yaradıcılığını təcrübə ilə sıx əlaqələndirərək cinayət prosesini, həmiçinin məhkəmə etikası və nitq mədəniyyətinin aktual məsələləri üzrə “Mühazirəçilərə məsləhət”, “Cinayət prosesini, həmçinin məhkəmə etikası və nitq mədəniyyətinin aktual məsələləri üzrə “Mühazirəçilərə məsləhət”, “Cinayət prosesinin əxlaqi əsasları”, “Məhkəmədə nitq mədəniyyəti” və s. bu kimi bir sıra məqalə və qeydlər yazmışdır”. (bax: İlham Abbasov. Nitq mədəniyyətinin bəzi məsələləri. – “Kaspi” qəzeti, 27-29 dekabr 2014-cü il, s.7)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?