Arxiv
23 Oktyabr 2015, 14:44 | MÜSAHİBƏ
Sanballı qonaq: Qubalı Eynşteynlə SÖHBƏT - LAYİHƏ

Nizaməddin Şəmsizadə: “AMEA-da milli təfəkkürlə əyalətçilik təfəkkürünün amansız mübarizəsi gedir”

 
“Sufilər insanı Allaha aparırdılar, hürufilər Allahı insana endirib “ənəlhəqq” dedilər”

Modern.az internet portalında jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Sanballı qonaq” adlı yeni bir layihəsinə start vermək qərarına gəldik. Uzaqdan təmtəraqlı səslənən, dürlü-dürlü əcnəbi sözlərdən yaranan rubrikalardan qaçdıq.

Qonaqlarımız... qonaqlarımız ictimai həyatda tanınan, başqa sözlə, hərəsi öz sahəsi ilə paralel olaraq cəmiyyətimizə böyük töhfələr verən sanballı ziyalılarımız olacaq.

Hədəfimiz... hədəfimiz ölkəmizə və xalqımıza layihəmizin adına uyğun sanballı söhbətlər təqdim etməkdir ki, içində tarix də, ədəbiyyat da, siyasət də, sosial-mədəni istiqamətli bilgilər də olsun. Arabir yəqin ictimai-siyasi, eləcə də ədəbi mühitdə baş verən arzulanmayan hallar da söhbətlərimizə sirayət edə biləcək. Bunu yalnız ona görə məzur tutun ki: təəssüf ki, onlar da günümüzün reallıqlarıdır...

Layihə barədə uzun-uzadı danışmaqdansa onu sizlərin diqqətinə çatdırmağı daha münasib bildiyimizdən vaxt itirmədən ilk qonağımızın təqdimatına keçək. “Sanballı qonaq”ın ilk müsahibi filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.

Tanışlıq:

Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin İspik kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda baş laborant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
1985-ci ildə SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür.1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedaqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991), professor (1992) seçilib. 1991-ci ildən 2006-cı ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2007-ci ilin fevral ayından AMEA-nın Nizamı adına Ədəbiyyat İnstitutu Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin müdiri işləyib.
Hazırda Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə (2003) akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

“Ədəbi mübahisələr”(1986), “Azərbaycan ideologiyası” (1996), “Azərbaycan ədəbiyyatşünaslığı” (1997), “Türk təfəkkürü məcrasında” (1998), “Hıçqıran gülüşlər” (2002), “Əli Nazim” (2003), “Rejissor taleyi” (2004), “Tənqidin ədəbi prosesdə rolu” (2004), “Böyük nəslin davamçısı” (2005), “Azərbaycançılıq” (2006), “Ədəbi proses və ədəbi nəsil” (2008) kimi monoqrafiyaların, “Bürkü” (2003) hekayələr, “Tüstü” (2007) hekayələr və şeirlər kitablarının, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və publisistik məqalənin müəllifidir.

N.Şəmsizadənin yaradıcılığı haqqında 50-dən artıq elmi məqalə və professor Ş.Vəliyevin “Azərbaycanşünas alim” (2004) monoqrafiyası çap olunub.

20-30-cu illər tənqidin ilk sistemli öyrənilməsi, Azərbaycan ədəbiyyatşünaslığının min illik tarixi və mərhələlərinin ilk monoqrafik tədqiqi, çoxəsrlik gülüş mədəniyyətimizin araşdırılması, Xalq Cümhuriyyətinin tarixini öyrənmək, H.Z.Tağıyevin tarixi haqqını bərpa etmək ideyası professor N.Şəmsizadənin adı ilə bağlıdır.
O, milli ideologiyamız-azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın müəllifidir. Nizami adına Ədəbiyyat İnstitunun Elmi Şurasının BDU-nun nəzdində dissertasiya Şurasının üzvü, “Yaddaş” Milli Mükafatlar komissiyasının sədridir.

Heç bir siyası partiya və ictimai təşkilatın üzvü deyil. Ailəlidir, dörd övladı, yeddi nəvəsi var.

Söhbətimizə bir qədər fərqli başlamaq niyyətindəydik. Qonağımıza ünvanlamağa bir növ məcbur olduğumuz ilk suala professor Nizaməddin Şəmsizadə bir qədər gileyli, bir qədər yarım emosional qatqılı durumu ilə özü körpü saldı

- İndiki cavan yazarlar götürüb elə şeylər yazırlar ki, adam cavab verməyi belə bəzən özünə sığışdırmır.

Nəzirməmməd Zöhrablı:

-  Nizaməddin müəllim, elə bu sual da var idi nəzərimizdə. Birbaşa bu istiqamətdən başlamağınız söhbətimizin formatını da dəyişdirdi bir az. Amma belə də keçərlidi. Fikrimizcə, SSRİ dönəmində yazarlar arasında keçmişi, özlərindən əvvəlkilərini inkar və ya onların yazdıqlarına kölgə salmaq cəhdləri indiki ədəbi nəsillər qədər olmayıb. Yoxsa bizə nisbətən “təmizlənmiş” gətirib çatdırıblar o münasibətləri?

Nizaməddin Şəmsizadə:

- Yox, orda da var.

- O dövrün ədəbi mübahisələrinə, yaxud deyək ki, açıq və ya gizli mübarizələrinə nəzər salanda bu mübarizənin daha çox həmmüasirlərin öz aralarında getdiyi qənaətinə gəlirik. Kiminsə istedadına həsədin səbəbindən baş qaldıran paxıllıq hisslərinin yaratdığı fəsadlar, kiminsə vəzifələrə yüksəlmək məqsədilə qarşısındakını heç bir əxlaqa sığmayan üsullarla sıradan çıxarmaq niyyəti və s...

- Yox belə deyil. Söhbət ondan gedir ki, ötən əsrin 20-ci illərində yeni irsin yaradılması naminə köhnə irsdən imtina xəttinin yeridilməsinə başlanmışdı. Yəni, o dövrün mənzərəsində əsas məsələ köhnəliklə yeniliyin mübarizəsi idi. Yadınızdadırsa, SSRİ-də proletkultçuluq deyilən bir təşkilat vardı. O dövrdə Azərbaycandan ayrıca danışmaq bir qədər anormal çıxa bilər. Bu təşkilatın 1920-ci ildə bir iclası çağırılır. İclasda çıxış etmək üçün Lenin Lunaçarskini göndərir. Lakin Lunaçarskinin çıxışı üzərində qurulmuş plan bəri başdan iflasa uğrayır. Daha doğrusu, elə iclasdaca Trotskinin cavab çıxışı Lunaçarskinin bütün dediklərini məhv edir.

Bundan sonra proletkultçuluqla bağlı iclas keçirilir. Bu iclasa Lenin şəxsən qatılır və yeddi dəfə çıxış edir. Ona cavab olaraq Trotski doqquz çıxışla cavab verir, başqa sözlə, qalib gəlir Leninə. O, proletar mədəniyyəti anlayışı idi. Proletkultçuluqda isə belə bir fikir var idi ki, köhnəliyin bütün qalıqları məhv edilməlidir. Təsəvvür edin hətta o dərəcədə ki, köhnə dəmir yollarını belə çıxarıb atmaq və yeniləri ilə əvəzləmək... bu iddiaya qədər sirayət etmişdi köhnəliklə mübarizə.

- Bu sinfi mübarizənin nəticəsi idi əslində...

- Bəli, bu sinfi mübarizənin ortaya qoyduğu nəticə idi. Amma sirayət elədi ədəbiyyata. Ədəbiyyatdansa SSRİ-nin ayrı-ayrı regionlarına axdı, yəni adı milli olan respublikalara. Burada isə milli nihilizmə çevrildi.

Və bizdə başladı, nə başladı...

- Bizdəkilər Məhəmməd Füzulini bəyənmirdilər, böyük sənətkarlardan imtina edirdilər. Nizami Gəncəvini fars şairi adlandırırdılar. Ərəb əlifbası ilə yazılan ədəbi nümunələrin hamısından imtina edirdilər. Üstəlik məscidləri söküb-dağıtmağa, dini ədəbiyyatı məhv etməyə başladılar. Nə var, Marks demişdi ki, din xalq üçün tiryəkdir.
Bax, bu konteksdə iş gedirdi. Bununla da həm dini, həm də klassik ədəbiyyatdan imtina edilirdi. Konkret bir misal çəkim: Maarif  komissarı və tənqidçi Mustafa Quliyev yazırdı ki: əruz və heca köhnəlmişdir. Biz əruz və hecanın köhnə qəliblərində yeni poeziya yarada bilmərik. O, poeziyaya bir monotonluq gətirir. Mustafa Quliyevin kitabı var: “Oktyabr i tyurkskaya literatura”. 1930-cu ildə çap olunub. Yaxud  həmin Mustafa Quliyev “Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolları” adlı məqaləsində yazır ki, “muğam inləyən miflərin fəyadıdır. Tar İran musiqi alətidir”. Xatırladıram ki, bunun təsiri altında Süleyman Rüstəm yazdı: oxuma tar, oxuma tar.

Səni sevmir proletar...

- Sonra isə cavab olaraq Mikayıl Müşfiq yazdı ki, oxu tar. Eləcə də digərləri buna münasibət bildirdilər. Bunları artıq bizim oxucular yaxşı bilirlər. Ümumən dediyim odur ki, belə bir proses var idi. 

Yenə də deyirəm, bunlar bütövlükdə sələflərdən imtina idi, yoxsa hansısa konkret əsərləri heçə çıxarırdılar?

- Bütövlükdə. Məsələn Füzulidən tamam imtina edirdilər.  

Yəqin Mirzə Fətəli Axundova söykənirdilər bu ittiham-iradlarında...

- Onlar Axundzadənin yolu ilə gedirdilər.Dövrün mənzərəsi bunun üstündə qurulurdu. Amma 37-ci ildə repressiya olunan tənqidçilər müdafiə edirdilər klassikanı.



Nizaməddin müəllim, yazırsınız ki, “Hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir”. Miflərə inanmırıq axı... 

- Yox, bilirsiniz necədi. Miflərə SSRİ dönəmində inanmırdıq. Bu da bir növ bayaqkı sualın cavabının davamıdır. Mif - bəşəriyyətin yaratdığı ən böyük abidədir. Mif – ilkinlikdi. Mif – bakirəlikdi. Miflər – bütün yaradılış dövrlərinin bədii salnaməsidi.  Bu gün miflər bütün dünyanı fəth edir. Bu gün Amerika ədəbiyyatı mif əsasında inkişaf edir. Bizdə məsələn, ən yaxşı romanlarımızdan biri Yusif Səmədoğlunun “Qətl günü”dü. Bu romanda məşhur Baba Kaha obrazı var. Bu mifik obrazdı. Yaxud Amerika yazıçısı Con Aptaykın “Kentavr” əsəri Yunan mifi əsasında yazılıb. Mif bu gün ədəbiyyat yaradır. Yəni, başqa sözlə, biz müasir dövrün bir sıra adi suallarına yox, kainatla, yaradılışla bağlı suallarına cavabları müasir təfəkkürdə tapa bilmirik. Amma onları miflərdə tapırıq. Təbiətdən, kainatdan bəhs edən miflər var. Bir sözlə, mif ilkin dünya modelidi. Biz ondan heç zaman imtina eləyə bilmərik. Bizlərin – türk xalqlarının xoşbəxtliyi ondadır ki, türk xalqlarının mifi ən güclü mifdi. Elə bu mifin hesabına da “Dədə Qorqud”, “Manas” və s. yaranıb.

Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir 

“Azərbaycançılığın əsasında yalnız mükəmməl ailə kultu dayanır”sa çərçivə bir qədər dar görünür... 

- Çox dardı. (gülür) Mən onu dəqiq demişəm. Amma yazanlar “həm də”ni unudublar görünür. Ya da siz qəsdən ixtisar etmisiz ki, məni bir az qıcıqlandırasız... 

Qətiyyən (ikimiz də gülürük). 

- Azərbaycançılıq mədəniyyətinin əsasında mifik təfəkkürdən müasir dövrə qədər Azərbaycan xalqının yaşam tərzi, tarixi, etnogenezi, etnoqrafiyası, epos mədəniyyəti və şübhəsiz ki, sonrakı dövrlərin klassik ədəbiyyatının Azərbaycanla bağlı, Vətənçiliklə bağlı düşüncələri əks olunur. Mən Azərbaycançılığı 1990-cı illərin əvvəllərində yazmışam. Bu o dövr idi ki, o zaman bir türkçülük eyforiyası var idi. “Türkün türkdən başqa dostu yoxdur” şüarı vardı. Bu fikir əlbəttə ki, Türkiyə üçün özünü doğruldur. Amma Azərbaycan polietnik bir cəmiyyətdir və burada yaşayan bütün xalqların öz vətənində haqqı-hüququ var. Ona görə də bu şüar bizdə özünü doğrultmur, kimlərisə hətta qıcıqlandırır. Ona görə də mən “Azərbaycançılığ”ı irəli sürdüm. Əvvəl elə başa düşdülər ki, mən bu ideyanı türkçülüyə qarşı ortaya atmışam. Elə adamlar vardı ki, mən burda konkret ad da çəkə bilərəm, yalnız əsəri oxuyandan sonra anladı ki, burada heç də azərbaycançılıqla türkçülüyü qarşı-qarşıya qoymamışam. Amma azərbaycançılıq düsturunu tapmaq üçün xeyli fikirləşdim. Beləliklə, təxminən belə bir tərif yarandı: Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir. Vətən əxlaqı isə mənim sözüm deyil. Böyük türkçü Ziya Göyalpın sözüdü. “Türkçülüyün əsasları” kitabında işlədib. Mən onu da bilirəm ki, vətən əxlaqı Azərbaycan üçün digər haqlardan daha önəmlidi. Çünki vətəni dönə-dönə yağmalanan, əsarət altına düşən bir xalq üçün vətən itkisindən böyük itki yoxdu. Ona görə də Azərbaycançılıq Azərbaycan vətəni üzərində türkçülük deməkdi və bu gün burada türk əsilli bir xalq yaşayır, eyni zamanda onunla bərabər tatlar, talışlar, ləzgilər və s. də bu torpağın üzərində, bu vətənin hüdudlarında yaşayır. Kimin sözüdü xatırlamıram, amma belə bir deyim var ki, əgər biz torpağın üstündə birləşməsək, torpağın altında birləşməli olacağıq.

Nizaməddin müəllim, elə babalarımız Azərbaycan Demokratik Respublikasını yaradanda da uzun müddət mübahisə-müzakirələr aparılmışdı ki, biz necə bir dövlət qurmalıyıq. Bu dövrdə hələ müasir Türkiyə dövləti yox idi. Amma onlar dövlət formatı olaraq tarixi Türk dövlətlərinin hansınınsa “şəklini” çəkmədilər ki... Üçrəngli bayrağımızın formulasını seçdilər və ona uyğun da dövlət yaratdılar: Türk köklü, İslam dinli, Avropa qiyafəli. Əli bəy Hüseynzadə üçrəngli bayrağın ideyasını bu minvalla irəli sürmüşdü.  

- Bəli, elədir. Mənim Azərbaycançılıq kitabımda sonda belə bir şüar var:  Türk millətindənəm, islam hümmətindənəm, Azərbaycan məmləkətindənəm. İndi dünyaya inteqrasiya, multikultiralizm dövrü olmasına baxmayaraq, biz əsas prinsiplərimizi – kök prinsiplərimizi qoruyub saxlamalıyıq.

Müdrik elmlər yer, mistik elmlər səma həqiqətlərini dərk edir

- Sizin təbirinizcə,   hürufizm ideyasına görə «İnsan həqdən qopmuş nur parçasıdır». Fikir ümumən insanı əhatə edir, yoxsa hürufiliyin dəyərləndirdiyi insanı?   

- Yox, bu mənim fikrim deyil. Hardasa oxumuşam. Amma mən də işlədirəm onu. Çox işlədirəm. Bu, əslində elə hürufilərin fikridi. Ona görə də mən elə bilirəm ki, bu fikir İNSAN ANLAYIŞININ mənəvi tərəflərini əks etdirir. Həqiqətən də insan haqdan qopmuş nur parçasıdı. Hürufizm sufizmin bir istiqamətidi. Ən coşqun, ən davakar istiqamətidi. Nəsimi adicə şair deyil, cəngavərdi, onun sözlərində bir cəngavərlik var, coşqu var. Sufizm nədir əslində? Sufizm – məxluqun mistik məhəbbəti yolunda Allaha qovuşması haqqında fəlsəfi təlimdi. Sufilər insanı Allaha aparırdılar, hürufilər Allahı insana endirib “ənəlhəqq” dedilər. Əsas budur. Amma bəziləri buna ateistcəsinə yanaşırlar. Onlar Allahı inkar eləmirdilər ki. Onlar deyirdilər ki, biz Allahın, yəni haqqın nur parçasıyıq. Allah mənim içimdədi deyirdilər.

- Professor, yəni bu qədər fərqi var idi onların?

- Fərqi bu idi hürufilərlə sufilərin. Bir fərqləri də vardı. Sufilər ancaq qəlbi, hürufilərsə əqli əsas götürürdülər. Ona görə sufilər demirdilər ki, kamil insan var, Hürufilərsə, Fəzlullahın təlimidir bu, deyirdilər ki, cahil insan var, kamil insan var. Hürufiliyin burası Nizamidən gəlir. Nizami də kamil insan yaradıb də İsgəndəri, Xosrovu. “Xosrov və Şirin”də məhəbbət yolu ilə Xosrovu insan eləyir. Xosrov sonda ölür, amma qıymır sevgilisinə desin ki, mənə su ver yanıram. Yəni şah gəlir adi insan olur - gözəlləşir, kamilləşir.

Sufilər qəlbi əsas götürdüklərindən təlim edirdilər ki, Allah insanın əqlini yalnız Yer həqiqətlərini dərk etmək üçün yaradıb. Mən Zəlimxan Yaqubun qonşusu olmuşam. Qoy bir az özümdən də deyim. Nizaməddin Şəmsizadə də yazır ki, bir var müdrik elmlər – kitabdan, həyatdan, müəllimdən, dərslikdən öyrənilənlər, bir də var mistik elmlər – səma elmləri. Müdrik elmlər ancaq yer həqiqətlərini dərk etməyə imkan verir. Mistik elmlərsə səma həqiqətlərini dərk etməyə imkan verir. Mistik elmlərin iki mühüm qolu var. Biri vəhydir, o biri fəhm. Vəhy Allahlar, peyğəmbərlər və dahilər arasında olub. Fəhm isə - ağıllı, qəlbi olan, duyğusal insanlar fəhmlə duyurlar. Sufizmdə fəhm çox güclü olub. Bir misal çəkim. Nəqşibəndlik olub. O, sufizmin təriqətlərindən biridi. Nəqşibəndinin yanında oxuyan tələbələrdən birinin varlı valideyni gəlib bir gün müəllimə deyir ki, sən niyə elə həmişə Nəqşibəndini tərifləyirsən, bəs mənim oğlumu niyə tərifləmirsən? Müəllim dərsdən əvvəl bütün şagirdlərinin əyləşəcəyi döşəkçələrin hər birinin altına bir vərəq qoyur. Şagirdlər oturandan sonra əvvəlcə həmin varlının oğlundan soruşur ki, nə hiss edirsən, nə dəyişiklik var? Oğlan cavab verir ki, heç nə. Sonra Nəqşibəndidən nə hiss etdiyini soruşur. Nəqşibəndi cavab verir ki, müəllim, ya döşəkçə bir vərəq qalınlığında yuxarı qalxıb, ya da tavan bir vərəq qalınlığında aşağı düşüb. Müəllim varlı valideynə bunu əyani göstərib deyir ki, Nəqşibəndini fəhmlə duyduğuna görə tərifləyirəm. Bədii yaradıcılıq üçün bilikdən, kitabdan, savaddan daha çox fəhm əsasdı. 

Tarixi enən “lift” millilikdi

Hürufilikdən, sufulikdən əsrlər keçib. Ancaq insan əksərən o kamilliyə qovuşa bilməyib. Bu təriqət sahiblərinin, onları yayan dərvişlərin zəhməti hədər getmiş kimi görünür...

- Yox. Sadəcə indiki insanlar axı keçmiş modelləri dərk eləyə bilmir. Dərvişlik, yəni vahidlik sufizmin birinci mərhələsidi. Dərvişlik Məhəmməd peyğəmbərdən sonra üçüncü xəlifənin var-dövlət toplamaq siyasətinə etiraz

əlaməti olaraq formalaşdı. Asketizm də deyirlər dünyada buna. Yəni, maddi  dünyaya hədsiz bağlanmamaq üçün maddi dünyadan hədsiz uzaqlaşmaq deməkdi bunun prinsipi. “Suf” əslində yun əba deməkdi. Yun əba geyinirdilər sufilər. Ona görə ki, bu cod əba bədəni incitsin. Yəni onlar rahatlıq sevmirdilər. Dünya malından imtina edirdilər.

Onların zəhməti hədər getməyib. Sadəcə bu gün bəşəriyyət onları qəbul edə bilmir. İndi elm, biliklər, kosmosa qədər artım var, amma mənəvi idrak əksinə, azalıb.

Bəs bu nəylə bağlıdı?

- Onunla bağlıdır ki, bu gün imperialist dövlətlər dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə aparır. Üstəlik dünyada inteqrasiya, qloballaşma meylləri. Beləliklə həm də millətsizləşməyə doğru gedirik. Ona görə də kosmopolit adamlar yaranır. Bilirsiz, tarixi nəylə enmək olar? Tarixi enən “lift”, əlbəttə ki, millilikdi, milli müəyyənlikdi. Bizi bu gün milli müəyyənliyimizdən uzaqlaşdırırlar. Bayaq Mustafa Quliyevdən misal gətirdik. Belələri həmişə olub tarixdə.



İnsan səma üçün yaransaydı...

- Professor, hürufilik millilik axtarmırdı axı...

- Yox, hürufilik millilik axtarmırdı. Hürufilikdə bəşərilik vardı. Amma onların təbliğ etdiyi ideyanın özündə milli idrak var idi. İndiki anlamda milli idrak yoxdu. Adamın kimliyi var. Məsələn, mən Qurban bayramı günü Azərbaycan televiziyasında çıxış etdim. Qurban bayramına tamam başqa traktirovka verib dedim ki, bəşəriyyət yarandığı gündən insan özünü və Allahı dərk kimi iki idrak yoluna düşüb. Əslində Allahı dərk etmək insanın özünü dərk etməsindən başlayıb. Bu gün insan özünü dərk etməkdə çətinlik çəkirsə Allahı necə dərk eləyə bilər?! Bu, mümkün olan şey deyil. İnsanın özünüdərkə aparan yolunda ən böyük maneə nəfsdi. Nəfsə qalib gəlmək ən böyük orduya qalib gəlməkdən çətindi. Deməli, məşhur sufi Mənsur Həllac Miyanəçi (məlumat üçün deyim ki, o, həbsxanada yaşayıb, onu qeyri-adi möcüzələrinə görə həbsxanaya salıblar ki, o, Allahın işinə qarışmasın), hansı ki, onu soyublar, o, soyulmağa gedərkən müridi ağlayır ki, mənə bir söz yadigar qoy. Deyir “nəfsinə qalib gəl”.

Çox dərinə getməmişik ki...

- (gülür). Nəzirməmməd, məni niyə özümdən çıxarırsan ki...

Yalnız danışdırmaq üçün. Nizaməddin müəllim, ədəbiyyat zamanı dəyişdirməyə - bu anlamda deyək ki, saflaşdırmağa qadirdimi...  

- Bədiilik tarixin lazım olan cəhətlərini yeni nəsillərə çatdırmaq üçün yaradılmış bir möcüzədi. SÖZ elə-belə şey deyil. Mən yazmışam ki, mən SÖZ-lə söhbət edirəm. Mən hər şeydən əlim üzüləndə bax səninlə oturub söhbət etdiyim kimi, əlahəzrət SÖZ-lə də söhbət edirəm. Mən SÖZ-ü başa düşməyə çalışıram. Təkcə sözün özünü yox. Söz gün-ay kimidi. Bədii sözün haləsi var. Mən sözün haləsini SÖZ-dən ayırmıram. Çünki ayıran kimi SÖZ yazıqlaşır, çılpaqlaşır. Füzuli nə deyirdi divani-dibaçəsində:

- Sözə xor baxmaq olmaz, hər bir söz
Ərşdədir qəlb hədiyyəsi.

Mən ərşdən gələn sözlə fərşi - yeri dərk etmək istəyirəm. Eləcə də zamanı. Mən sənə tamam təzə bir fikrimi söyləmək istəyirəm. İnsan səma üçün yaranmayıb. Səma üçün yaransaydı, Allah onu elə səmada saxlayardı. İnsan yer üçün yaranıb. Ona görə insanın stixiyası yerdi. Amma qeyri-adi insanlar – peyğəmbərlər, dahilər, böyük  sənətkarlar yerlə göy arasındakı sərhəddə yaşayır. Elə bil ki, onlar tənha Allahın yaşadığı səmanı tənhalaşmağa qoymurlar. Bax, ədəbiyyatın, sənətin gücü bundadı.

Bəşəriyyətin başı olsaydı...

- Ədəbiyyat əksərən tarixin ardınca gedir...

- Yox. Bu bu gün elədi. Çünki ədəbiyyat zəifdi. Ədəbiyyat tarixi qabaqlamalıdı. Mənim çox güvəndiyim ötən əsrin 60-cı illərinin ədəbiyyatı 90-cı illəri qabaqlamalıydı. Amma gücü çatmadı. Çünki mətnaltı danışdı. Anarın qəhrəmanı Nemət gəlib soruşurdu ki “Pravda” var? Cavab alırdı ki, pravda hardadı, pravda yoxdu, yəni həqiqət yoxdu. Hal-hazırda əlimdə Elçinin “Baş” adlı bir əsəri var. Çox maraqlı, janra yenilik gətirən bir romandı. Oxudum, gördüm ki, “Baş” romanı əslində başsızlıq haqqında romandı. Yəni, bu gün bəşəriyyət başsızdı. Bəşəriyyətin başı olsaydı, Şərqdə o qırğınlar baş verməzdi. İndi ABŞ-la Rusiya – iki böyük dövlət üçüncü böyük dövlət olan Türkiyəni hər vəchlə müharibəyə sürükləyib zəiflətməyə çalışır. Bu müharibə isə bizim üçün – bütün türk xalqları üçün böyük fəlakətlərə səbəb ola bilər. 

Azadlıq zərurətin hər kəsin təfəkkürü səviyyəsində dərkidir

-
Qayıdaq bir daha atalar-oğullar probleminə. Hər zaman olduğu kimi, bu problem yenə də aktualdı. Xüsusilə də ədəbiyyatda. Sizcə yeni ədəbi nümunələr klassik yanaşma baxımından cilalanmalıdı, yoxsa sərbəst axarında inkişaf etməlidi? Mövqelər müxtəlifdi: bir qism xaotik inkişafın, bir qismsə əvvəlki ədəbi nümunələrlə uzlaşdırmanın tərəfdarıdır... 

- (Bir qədər köks ötürdükdən sonra) Lap açıq istəyirəm deyəm. Atalar və oğullar problemi həmişə olub. Yəni bu nəsillər problemidi. Bu yaxınlarda mətbuatda bizim ortabablıqdan da aşağı səviyyəli şairimiz Qəşəm Nəcəfzadə və onun oğlu Kəramət Böyükçöl birləşib Bəxtiyar Vahabzadəni inkar eləyib, həmçinin Kəramət Mirzə Ələkbər Sabiri inkar eləyib. Mən belə başa düşürəm ki, Kəramət inkarla məşğuldursa, ilk növbədə atası Qəşəm Nəcəfzadəni inkar eləməlidi. Ancaq bu iki istedadsız adam birləşərək klassik ədəbiyyatı, keçmişi çayxana səviyyəsində inkar eləyirlər. Çox gülməli və ağlamalı bir vəziyyətdir bu. Bizim rəhmətlik bir direktorumuz, böyük alim Əziz Mirəhmədov bir yazını oxuyurdu, soruşanda deyirdi ki, xeyli ağlamalıdı. Bizim Quba tərəfdə də belə bir misal var: deyirlər ki, a bala, səninçün türk, azərbaycanlı arvadı ağlayıb halva düzəldə bilməz. Gedək səninçün Qırmızı qəsəbədən bir cühud arvadı alıb gətirək, o səni daha yaxşı ağlaya bilər. Onlar yalandan ağlamağı bacarırlar. Qoy ağlasın, bəlkə sənə də bir xeyri ola. İndi bunların vəziyyəti ağlamalıdı. Ancaq belə də qala bilməz, Azərbaycan Yazıçılar Birliyinin dəhlizlərində səhərdən-axşama kimi dolaşan bu adamlarla bağlı Yazıçılar Birliyi öz fikrini bildirməlidi. Mən tənqidçi kimi fikrimi bildirmişəm, bu gün də sizin media vasitəsilə fikrimi bildirirəm. Bir “ayıb” sözü var.

- Bəlkə onların tənqidi inkişafa aparardı ədəbiyyatı... 

- Sizin dediyiniz o zaman baş verərdi ki, mübahisə tərəfləri heç olmasa əlli faiz bir-birinə bərabər olardılar. Bayaqkı fikrimi misal çəkirəm. 30-cu illərdə proletar şairləri hamısı Füzulini söyürdülər. Onda gənc Mikayıl Müşfiq çox gözəl yazdı:

Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim,
Utanmazmı Füzulini söyən, özü bir heçkən”. 

İndi mən də deyirəm: utanmazmı Bəxtiyarı söyən, özü onun bir dırnağı da ola bilmirsə. Ayıbdı. Bu “ayıb” sözünü Azərbaycanda insanlar gərək tez-tez xatırlasınlar.

- Nizaməddin müəllim, Qəşəm Nəcəfoğlu, Kəramət Böyükçöl və başqaları... Xüsusilə də gəncliyin ayrı-ayrı təmsilçiləri... Bir ədəbiyyatşünas olaraq, bu gənclərin barəsində bir yazar kimi pozitiv nəsə demək olar?

- Bunu yaxşı deyirsən. Gəlin bayaqkı sualın cavabını bir balaca tamamlayaq. Sualı bir qədər başqa yöndə qoydunuz. Mən də faktdan çıxış eləyib qəzəblənib daha çox düşdüm onların üstünə. Hesab eləyirəm ki, gəncliyə əvvəlcə maarif vermək lazımdı, sonra azadlıq. Əslində azadlıq “nənəm mənə kor dedi, kimi gəldi vur dedi” demək deyil. Azadlıq zərurətin hər kəsin təfəkkürü səviyyəsində dərkidir. Yəni, mənim azadlıq haqda anlayışımla həmin o Kəramətin, yaxud başqasının azadlıq haqda anlayışı başqa cürdü. Məsələn, adını belə çəkmək istəmədiyim birisi yarım qrankalıq bir yazıda məni də pisləyir, Elçin Əfəndiyevi də pisləyir, beş il bundan qabaq dünyasını dəyişmiş aktyor Əliabbas Qədirovu da pisləyir. O heç düşünmür ki, Əliabbas Qədirov həyatda yoxdu artıq.

- Bəlkə bir gündəmə gəlmək, diqqətləri cəlb eləmək istəyi var…

- Yəqin ki, belə bir istək də var. Vaxt var idi Mirzə Cəlili, Sabiri tənqid edirdilər. Dünya ədəbiyyatının dramaturgiyasında ikinci belə bir əsər yoxdur ki, qəhrəman səhnədən tüpürsün kütləyə. “Ölülər”in qəhrəmanı İsgəndər kimi. O, insanların yox, diriykən ölülərin üzünə tüpürür. Bu gün də kütlənin içərisində adı yalnız siyahılarda hallananlar var. Mirzə Cəlilin “Poçt qutusu”ndakı Novruzəliyə nə boyda məhəbbəti var. O hekayə göz yaşlarıdır. 

Üzgörənlik edib güzəştə gedirik

- Ədəbiyyatda baş verənlər xüsusilə media vasitələrindən az-çox bəllidi. Amma eyni zamanda Azərbaycan Milli Elmlər yaşananlar - xüsusilə də Dilçilik İnstitutunda aparılan yoxlamalar, bu elm ocağında regional qruplaşmalarla bağlı yayılan söz-söhbətlər hansı çərçivəyə sığır?

- Mən sizə deyim. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında milli təfəkkürlə əyalətçilik təfəkkürünün amansız mübarizəsi gedir. Akademiyanın ən böyük problemi budur.

Mən əslində Akademiyaya işə getmək istəmirdim. Rəhmətlik akademik, mənim müəllimim Bəkir Nəbiyev dəvət və xahiş elədi ki, nəzəriyyə şöbəsinə müdir olum. Çox böyük seçkiylə keçdim. İki dəfə elan verildi. Əleyhimə adamlar vardı. Amma qalib gəldim. Sonrakı – növbəti beşilliyə seçilmək istəmirdim. Onda mənim əleyhimə 17 adam səs verdi. Özümün “mən kiməm” kitabımda həmin 17 də daxil mənə xəyanət eləmiş 30-40 adamın hamısının adını yazmışam ki, bunlar belə “kişi”dirlər.

- Yeni dissertasiyaların müdafiəsində bilavasitə iştirakçı, rəyçisiniz. Azərbaycan elminin bu sahəsinin hazırkı durumunun xarakterizəsi oxucularımıza maraqlı olardı. Hara gedir elmimiz?.. 

- Elmimiz fəlakətə doğru gedir. Mən də bəzən üzdən keçə bilmirəm. Ölkəmizdə yalançı mentalitet deyilən bir şey var. Elə bil hansısa məqamda bizi bu mentalitetlə sınağa çəkirlər ki, filankəsə kömək elə, sənin millətinin oğludu, qızıdı və s. Belə sözlərlə gətirib elə yerə çıxarırlar ki, biz mütləq onlara rəy veririk.

Mütləq rəy verirsiz, rədd eləmirsiz…

- Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvüyəm. Şuranın sədri hörmətli Nərgiz xanım Paşayevadı. Mən orda da, hər yerdə bu sözü deyirəm. Üzgörənlik edirik, güzəştə gedirik, rəy veririk. Mənə elə gəlir ki, dissertasiya mövzusu verilərkən onun kimə verildiyi müəyyən olunmalıdı. Alimə vermək lazımdı mövzunu. Ona görə də elmə istedadlı adamlar gəlmir. Bu da bir reallıqdır ki, bu gün daha çox da qadınlar gəlir elmə. Axtarsanız, aspiranturada, yaxud doktoranturada oxuyanların doxsan faizi qadınlardır. Kişilər gəlmirlər elmə. İmkanlı ailələrin qadınları, qızları gəlir.

Yəni söhbət güzəran və imkan müstəvisindədir…

- Bəli, ancaq imkanlı adamların qızları, gəlinləri, xanımları gəlir. Onların da böyük əksəriyyəti kiməsə yazdırırlar işlərini. Elmimiz fəlakətə gedir deməli...

Ədəbiyyat gəmisinin narahat sərnişini

- Professor, heç bir ictimai-siyasi qurumda təmsil olunmamağınız yəqin ki, ədəbiyyat adlı nəhəng gəmidə daha rahat ola bilməyinizlə ilgilidi. Amma ədəbiyyat adamının insan taleyinə biganə qala bilməsi də bir o qədər inandırıcı görünmür... 

- Mən beş il aktiv siyasətlə məşğul olmuşam. 1993-cü ildən 98-ci ilə qədər. Bu dövrü ömrümün itmiş illəri hesab edirəm. Başım qarışmışdı siyasətə. Nəticədə yaradıcılığım da zəifləmişdi. Bundan peşmanam. Amma məşhur Fransız yazıçısı Jül Renarın belə bir məşhur sözü var: “Mən siyasətlə məşğul olmuram, mən həyatla məşğul olmuram deməkdir”.

Mən ədəbiyyat adlı gəmidə  heç də rahat yerdə deyiləm. Mənim əsərlərim həyat, siyasət, dövlət, ədəbiyyat haqqında əsərlərdir. Hər halda, Azərbaycançılıq kitabının müəllifiyəm. O Azərbaycançılıq ideologiyası 1996-cı ildə çapdan çıxıb. Bu kitab bütün dünya azərbaycanlılarına paylanıb. Bu ədəbiyyat deyil, bu fəlsəfədi.

- Bu sualımız ondan doğdu ki, biz sizin kimi ziyalıları ictimai-siyasi həyatdan kənarda təsəvvür eləyə bilmirik.

- Bu onunla bağlıdır ki, biz qabağa gedəndə “oyundan kənar” vəziyyət yaranır.



Qubalı Eynşteyn

- Niyə sizin uşaqlığınız, müxtəlif dövrlərdə başınıza gələn olaylar barədə internetdə, heç bir yerdə məlumatlar yoxdu. Bu bizim söhbətimizin axarına da təsirsiz ötüşməzdi...

- Uşaqlığım, gəncliyim, tələbəliyim... bu məlumatların hamısı 60 illiyimlə əlaqədar çapdan çıxan “Mən kiməm” kitabımda toplanıb. Verərəm sizə oxuyarsız. Uşaq vaxtı kəndimizdə mənə Eynşteyn deyirdilər. Yaşıdlarımdan fərqlənirdim həyata baxışlarıma, istedadıma görə. Müəllimlərim məni idman, əmək təlimi dərslərindən azad edirdilər ki, get otur oxu. O oxuyan hələ də oxuyuram (gülür).

- İndi nəşriyyatlarımız daha çox xarici ədəbiyyatın tərcüməsininçapına üstünlük verir. Sizcə, bu bizim yazarlarımızı həvəsdən salmazmı? Bir də ədəbiyyatın sonrakı inkişafında nəsrin yeri çox görünür, yoxsa poeziyanın? 

- Tərcümə haqqında deyim əvvəlcə. O əsərlər ki, vaxtilə peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilib, onların təkrar çapı da çox yaxşıdır. Mən bu yaxınlarda tərcümə ədəbiyyatı ilə maraqlandım. Con Aptaykın bayaq adını çəkdiyim “Kentavr” romanını oxudum. Əsərin tərcüməsindən çox narazı qaldım. 5-6 adama tərcüməni tapşırırlar. Hərəsi bir az hərfi tərcümə edir, sonra yapışdırırlar bir-birinə. Kentavr miflə müasirliyin qovuşağında yazılıb. Mən gördüm ki, indi adını unutduğum tərcüməçi əsərin mifologiyasını başa düşmədiyi üçün aləmi qatıb bir-birinə və nəticədə tərcümə olduqca bərbad çıxıb. Mən o kitabı oxumaq üçün məcbur olub rus dilindəki variantı ilə tutuşdurdum. Azərbaycanca anlaşılmayan fikirləri ruscasından başa düşürdüm. Tərcüməçi o əsərin fəlsəfi mahiyyətini, ideyasını, quruluşunu başa düşməmişdi.  

Amma onu da deyim ki, kütləvi şəkildə xarici ədəbiyyatın tərcümə edilib çap olunması yaxşı addımdı. Mən buna görə bir ədəbiyyat adamı kimi Azərbaycanın dövlət başçısına təşəkkür edirəm. Vaxt olub tərcümələr çap olunmayıb, biz axtarmışıq onları. İndi çap var, oxuyan yoxdu. Bu günün problemi başqadı. Mən bir rayonun təhsil şöbəsinin müdiri ilə söhbət apardım. Dedi ki, bizə daha kitab lazım deyil. Biz uşaqlara bundan sonra planşet paylayacağıq. Başıma döyə-döyə uzaqlaşdım o adamdan. Heç bir planşet, heç bir komputer kitabın ətrini, gözəlliyini, kitaba olan inamı verə bilməz. Amma qaldı ki, zəif yazıçının həvəsdən düşməsinə, onun özü üçün tərcümə adəbiyyatı müqayisə imkanları, düşünmək imkanları yaradır.

- Komputerdən istifadə eləmirsiz? 

- Xeyr. Bir söz deyim bu əsnada təkrar da olsa. Bütün millətlər kompüterdən inkişaf üçün istifadə edir, amma bizimkilər bir-birini söymək üçün... 

Komrüterə öyrəşə bilərsiz professor. Bu çox da çətin deyil.  

- İstəmirəm. Müqayisə eləmirəm. Amma Lev Tolstoy deyirdi ki, əlim mürəkkəbə batmayanda özümü narahat hiss edirəm.  

Həmişə güclü alimlərin zəif tələbəsi olur... 

Hansı dərslikləri yazmısız? 

- Mənim dərsliyim Azərbaycanda ən məşhur dərslikdi: Ədəbiyyat nəzəriyyəsi. 2013-cü ildə çap olundu. Bütün ali məktəblərdə onu tədris edirlər. İndi nəşriyyatlar təkrar çap üçün müraciət edirlər. Mən iki il bu kitabın materiallarını topladıqdan sonra Qubada oturub səhər saat 10 tamamdan axşam saat 5 tamama kimi yerimdən durmadan 40 günə 435 səhifəlik dərslik yazdım. Bütün günü yazırdım. Qızım mənə qulluq edirdi. Oturmaq özümü şişmanlaşdırdı, ayaqlarıma şiş gətirdi, gözlərimi zəiflətdi.  

- Bu fədakarlıqdı ki... 

- Mən ömrümdə nə danışdığım, nə də yazdığım cümləni redaktə eləməmişəm. Hamısı beynimə hazır gəlir.  

Dərsliklərin səviyyəsi qane etmir vətəndaşları... 

- Mən dərsliklər barədə 10 tənqidi məqalə yazmışam. Məqaləmin adı “tənqiddə meyarsızlıq sindromu”dur. Dərsliklər yaxşı vəziyyətdə deyil. Niyə? Fikir verin dərsliyi kim yazır. Zaman Əsgərli. Zaman Əsgərli rəhmətlik Əziz Mirəhmədovun tələbəsi idi. Həmişə güclü alimlərin zəif tələbəsi olur. Zaman Əsgərlinin özünün ala biləcəyi qiymət 2,5-dir, yəni 5-in yarısı. Amma bu adam 10 ildir ki, dərslik yazır. Bax, niyə nazirlik bu adamı çıxarmır, uzaqlaşdırmır bu işdən. Məsələn, niyə bu işi mənə vermirlər? Bu qədər kitab çap eləmişəm. Bayaq qeyd etdiyim ədəbiyyat nəzəriyyəsi də daxil olmaqla. Amma maddi qazanc, əmək haqqı almaq imkanı olanda niyə yada düşmürəm? Mən kimdənsə pul borc alıb kitab çap elətdirirəm. Ziyalını bu qədər incitmək olar? Amma kimsə Avropada bir həftəyə bir milyon pul xərcləyir! 

Bir gün rəhmətlik Xeyrulla Məmmədov mənə dedi ki, Nizami, sən gəl bir ədəbiyyat nəzəriyyəsi yaz. Orada 10 nəfərə yaxın ədəbiyyatçı var idi. Dedim niyə axı mən? Dedi, ona görə ki, sən Azərbaycan ədəbiyyatını da, rus ədəbiyyatını da, qərb ədəbiyyatını da, şərq ədəbiyyatını da bilirsən. Ədəbiyyat nəzəriyyəsi isə bir xalqın ədəbiyyatına nəzərən yazıla bilməz. İndi mənim kitabımı Çin dilinə çevirin, realizm nədir, sürrealizm nədir, orda yazılıb, eləcə də başqa dillərdə.

Amma başqa yaxşı nümunələr də var. Ali məktəbdə ən yaxşı dərsliklər Dövlət Mükafatı almış dərsliklərdir. Dilçilik üzrə Oqtay Seyidzadədi, Səlim Cəfərovdu, tarix sahəsində Süleyman Əliyarlının yazdığı kitabdı. Bunlarda konyuktura yoxdu. Bunlar yaxşıdı. Əla demək bir az çox məsuliyyət tələb edir adamdan. İndi isə dərslik problemdi. Məsələ burasındadır ki, yaxşı müəllim də problemdi. Bü gün dərsliyi elə adamlara yazdırırlar ki... mənim faciəm ondadır ki, o yazanı başa sala bilmirəm. Onun faciəsi ondadır ki, o özü də başa düşməyə qadir deyil. Bir nazir müavininin yanına getmişdim. Dedi danışma. Dedim niyə? Dedi sən danışıb hər şeyi sübut eləyəcəksən, mən də əməl eləyə bilməyəcəm, yaxşısı budur ki, danışma.

Auditoriyada hər gün nəsə təzə söz deməsəm tələbələrimə, mən müəllim deyiləm.

Bütün bunları bilə-bilə necə oldu ki, Akademiyaya təkrar sənəd verdiniz? 

- Buna çox maraqlı bir cavabım var. Mənim çoxlu taksi sürücüsü dostlarım var. Pulum olmayanda da tanıyıb aparırlar məni. Bir gün onlardan biri dedi ki, müəllim, axı sən ağıllı adamsan, niyə ağılsız hərəkət edib aparıb sənədlərini Akademiya seçkisinə vermisən? (taksi sürücüsü, akademiya... ikimizi də qəhqəhəli gülmək tutur). Dedim axı niyə? Dedi onlar pulu özlərinkilərə ayırıblar, sənə verərlər onu? Azərbaycançılığın müəllifinə, hamıya yalnız yaxşılıq edən Nizaməddin Şəmsizadəyə deyilən sözə, qoyulan münasibətin meyarına fikir verin...  

Maraqlı söhbət – sanballı müsahibə üçün təşəkkür edirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50