Modern.az

“Mənim kəndim” - Tariyel Qasımov: “Kəndimizdən bir xoş söz eşitmədim”

“Mənim kəndim” - Tariyel Qasımov: “Kəndimizdən bir xoş söz eşitmədim”

Mədəni̇yyət

24 Oktyabr 2015, 10:13

Modern.az saytının “Mənim kəndim” layihəsində bu dəfə xalq artisti, teatr və kino aktyoru Tariyel Qasımov anadan olduğu Ağstafa rayonunun Köçəsgər kəndindən danışır. Xalq artisti kəndindən incik olsa da, o yerləri və uşaqlıq illərini xoş duyğularla xatırlayır: 



“Bir az özümdən danışım”

-1939-cu ildə Ağstafa rayonunun  Köçəsgər  kəndində anadan olmuşam. 1956-cı ildə orta məktəbini bitirdim və Bakıya gəlib Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Ancaq bura daxil olmağıma baxmayaraq, mənim uşaqlıqdan aktyorluğa çox böyük həvəsim olub. O zamanlar artistlər kəndə gələndə atam onları bizə qonaq gətirərdi. Məndə də elə arzu oyanardı  ki, kaş onlar kimi olaydım, onlar kimi şən gözəl həyat keçirəydim. Amma məni əsasən sənətə bağlayan bu hadisə oldu: kəndimizə bir dəfə “Ovod” kinosu gəlmişdi. Aktyorların  ifası mənim çox xoşuma gəldi. Onda  qəti qərara gəldim ki, aktyor olacağam.   

1956-cı ildə Bakıya gələndə bizdə orta məktəbdə attestatı çox gec verdilər. Halbuki, artıq institutlarda imtahanlar başlamışdı. Daha doğrusu, indiki Mədəniyyət və İncəsənət İnstitutunda imtahanlar başlamışdı. Başqa instutlara nisbətən burada imtahanlar daha tez başlayırdı.  Mən attestatı alanda çatmadım ora... Nə isə, Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. Bu, atamın istəyi ilə baş verdi. Ona görə ki,  mən o zaman cılız uşaq idim. Atam mənə dedi ki, burada oxu, həm şəhərə alış, həm də bədənin formalaşsın, bir az özünə gəl.

Mən orada iki il oxudum, 3-cü kursda artıq sənədlərimi geri götürdüm. İdman institutunda oxuya-oxuya “26-lar” adına Mədəniyyət Sarayına Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə getdim. Orada aktyorluq sənətinin sirlərini daha yaxşı öyrəndim. Yaxşı dostluq əlaqələri qurdum. Orada dostlaşdığım gənclər sonradan böyük aktyorlar oldu. Elə onlar məni həvəsləndirdilər. Mən də  Bədən Tərbiyəsi İnstitutundan sənədlərimi götürüb, onlarla birlikdə İncəsənət  İnstitutuna gəldim. O zaman atam məndən bərk incidi. Biləndə ki, sənədlərimi aktyorluğa vermişəm, küsdü. Heç mənə pul da göndərmədi. Çətin olsa da, Şahmar Ələkbərov məni evlərinə apardı. 4 il onların evində yaşadım. İnstitutu bitirəndən sonra bir çox teatrlarda aktyor kimi çalışdım. Naxçıvan, İrəvan teatrlarında işlədim. O zaman Qazaxdakı teatrı bağlamaq istəyirdilər. Məni bir qazaxlı kimi ora göndərdilər  ki, bunun qarşısını alım. Ora rəhbər təyin olundum və teatrı bağlanmağa  qoymadım. 4 il idi ki, ora fəaliyyətsiz idi. Daha sonra Dağıstanda açılan Azərbaycan Dövlət Dram Teatrına  bədii rəhbər təyin olundum və quruluş verdiyim tamaşa ilə orada Azərbaycan Dövlət Dram Teatrı açıldı.

“İndi keçim kəndə”

-
Bunlar öz yerində. İndi isə sizin soruşduğunuz -böyüyüb, boya-başa çatdığım doğma kənddən danışım. Amma əvvəlcə onu deyim ki, insan yaşa dolduqca öz doğma kəndinə, torpağına getmək istəyir. Bunu mən artıq özümdə hiss edirəm. Bəzən soruşanda ki, “niyə Bakıda çox qala bilmirsən? Burada gözəl şəraitin var, işin-gücün var, amma vaxt tapdıqca kəndə gedirsən?”. Düz deyirlər, çünki  görürlər ki, mən 1 həftə boş olan kimi kəndə qaçıram. Əvvəla ona görə ki, anam sağdır, Allah ömür versin,100 yaşı var. Ən birinci ona görə  gedirəm ki, anamı görüm. Həm də nə yalan deyim: kəndimizin özü də  çox gözəldir, təbiəti, havası heyrətamizdir. Ora gedəndə  özümü çox yaxşı hiss edirəm. Bakıda bildiyiniz kimi tıxac çox olur. Öz maşınım var, amma çox maşın sürmürəm. O tıxaclara görə adam əsəbləşir. Elə maşınların belə çox olması havanın çirklənməsinə də səbəb olur. Şəhərdə hava heç yaxşı deyil. Ona görə də  bir həftə boş olan kimi qaçıram kəndə. Qaçıram ki, o təmiz havanı udum. Həm də deyirlər ki, insan yaşa dolduqca mütləq doğulduğu yer onu çəkir. Mən də yaşa doluram. Ona görə yəqin ki, kənd məni çəkir. Elə qəbiristanlıq da kəndin kənarındadır. Bəlkə də  artıq ora çəkir...



“Evimiz və məktəbimiz”

-
Biz 6 qardaş olmuşuq. 4 qardaş köhnə  evimizdə yaşayıb. Yəni bütün ailəmizin güzəranı əsasən həmin evdə keçib. Məktəb illəri də heç zaman yaddan çıxmaz.  Mənim yaxşı sinif yoldaşlarım olub. Mail Kərimov vardı, sonradan Ucarda prokuror işlədi.  İndi rəhmətə gedib. Başqa bir sinif yoldaşım Əfqan Babayev əvvəlcə kənd təsərrüfatı nazirinin birinci müavini,  sonra isə nazir oldu. İndi təqaüddədi. Telman Kürsoy ədəbiyyat müəllimi işlədi. İndi təqaüddədi. Amma gözəl şairdi, gözəl kitabları var. Rayonda ən sayılan, seçilən şairlərdən biridir. Zahid müəllim vardı, kənd təsərrüfat elmləri namizədi oldu. Sinifimizdə İslam vardı 1-ci sinifdən, 10-cu sinifə kimi əlaçı oldu.Mən isə çox dəcəl uşaq olmuşam.

Ona görə ki

kolxoz sədrinin oğlu idim. Məni çox ərköyün böyüdüblər . Yetənə yetirdim, yetməyənə bir daş atırdım. Hamı ilə dalaşırdım. Məni döymürdülər, atam vardı axı qabağımda. Orta məktəbdə şuluqluq edəndə müəəllimlər hərdən çubuğu əllərinə alırdılar. Amma mənə qarşı səhv edəni isə daha çox döyürdülər.  

Amma bir dəfə

direktorumuz Qənbər müəllim məni nar çubuğu ilə necə döydüsə, 1 həftə yataqda yatdım. Bunun da çox qəribə tarixçəsi var. Gəlin onu da sizə danışım:  Deməli, bizim məktəb əvvəl 7 illik idi, sonra  oldu 10 illik. Bizim qonşu Eynallı kəndinin məktəbi isə 7 illik idi. Orada 7-ci sinfi bitirənlər bizim məktəbə gəlib 8, 9 və 10-cu sinifləri oxuyurdular. Orda da əlaçı sinif yoldaşlarım olub. Həmişə də anam, nənəm evdə deyərdilər ki, sən kolxoz sədrinin oğlusan, mütləq kolxoz sədrinin qızı ilə evlənməlisən. Başqa kasıb-kusubun qızı ilə evlənməməlisən. Eynalıda da bir kolxoz sədrinin qızı var idi, elə alındı ki, o da 8-ci sinfi mənimlə birgə oxudu. Öz-özümə düşündüm ki, anamın, nənəmin arzusu daha yerinə yetdi. Qıza dərs vaxtı şanlı bir məktub yazdım. Yazdığım məktubu uşaqlara uzatdım, onlar da qıza ötürdülər. Qız oxuyan kimi başladı ağlamağa. Ağlayanda o zaman bizə dərs deyən Səkinə müəllimə soruşdu ki, “qızım niyə ağlayırsan?”. Qız da susub heç nə demədi. Müəllimə yenidən soruşdu və bu qız mən yazdığım həmin o şanlı məktubu müəlliməyə uzatdı. Səkinə müəllimə oxudu və gəldi mənim yanıma, o vaxt pero ilə yazırdıq, perolu qələm mənim əlimdə idi, axı təzə yazmışdım məktubu. Müəllimə istədi ki, məni vursun, özümü qorumağa çalışanda pero batdı onun əlinə. Müəllimə yerə yıxıldı. Mən də qaçdım. Bir həftə məktəbə getmədim.
Direktorumuz Qənbər müəllim atama deyib ki, bəs sənin oğlun bir həftədi dərsə gəlmir. Atam da deyir ki, “ola bilməz, o, hər gün dərsə gedir axı”. Axşam atam işdən evə gələndə soruşdu ki, “sən dərsə niyə getmirsən?”. Dedim yox gedirəm. Səhərisi qorxa-qorxa getdim dərsə. Gedən kimi direktora xəbər verdilər ki, Tariel dərsə gəlib. Bir də gördük qapı açıldı, direktor girdi içəri. Gəldi mənim yanıma və qulağımdan tutub apardı düz kabinetinə. O, uşaqları həmişə nar çubuğu ilə döyərdi. Orda da 5-6 dənə yaxşı nar çubuğu var idi. Məni necə döydüsə, 1 həftə evdə yatdım. Ondan sonra daha heç kimi sevə bilmirdim. Hətta institutda oxuyanda da kimisə sevmədim. Elə bilirdim ki, “Qənbər müəllim hadisəsi” yenə təkrarlanacaq.



“Elə bilirdim ki, məni yenə döyəcəklər”

İnstitutda Təhmasib müəllimin tələbələri idik. Təhmasib müəllim bir dəfə bizə dedi ki, “siz bilirsinizmi sinifdə neçə nəfərsiz?”. Dedik 20 nəfərik. Dedi ki, 10 qız, 10 oğlansınız.  Təklif etdi ki, “institutu bitirəndən sonra bir-birinizlə ailə qurarsınız”. Mən də çox yaraşıqlı oğlan idim. Bir xanım qrup yoldaşım istəyirdi mənə öz məhəbbətini açsın, amma qorxurdum, ona yaxın durmurdum. Elə bilirdim ki, Qənbər müəllim gəlib məni yenə döyəcək. İnstitut illərində mən heç kimi sevmədim. Aktyor olandan sonra sevdim və ailə qurdum.

“Yaddan çıxmayan tənbeh... Yaxud mən çoban olanda..”

-Mən bir dəfə də dərsə getməmişdim. Atam gəlib mənə dedi ki, “deyəsən, sənin oxumaq fikrin yoxdur”. Qış vaxtı idi. Qar yağmışdı. Ayağımı soyundurdu. Bizim də həyətimizdə 5-6 qoyun var idi. Elə ayaqyalın halda mənə dedi ki, “görürəm sən çoban olmaq istəyirsən. Bu gündən gedib qoyunları otaracaqsan və dərsə də getməyəcəksən”. Məni ayaqyalın göndərdi qoyunların yanına. Anam ağlayırdı ki, “ay İsgəndər, axı bu uşaq xəstələnər”. Dedi ki, “qoy xəstələnsin. Bu oxumaq istəmir, çoban olmaq istəyir, mən də göndərirəm onu olsun çoban”. Həmin gün mən çox əziyyət çəkdim. Elə o gün özümə söz verdim ki, bir də dərsdən qalmayacam.

“Anamın üzünə o qədər ağ olmuşam ki...”

-Bu gün anamı mənim üçün heç kim əvəz edə bilməz. Mən burdan kəndimizə elə ancaq ona görə gedirəm. Bakıya oxumağa gələndə anama bir şeir yazdım:

"Ana yadındamı yola saldığın
gözəl kəndimizdən, vağzaldan məni?
Qatar tərpənəndə donub qaldığın,
uzaqdan qışqırdın:- “unutma məni”.

Unuda billəmmi anacan sənin
gecələr çəkdiyin yorğun günləri?
İstəkli balanam hər zaman sənin
lap yüzü ötsə də ömrün illəri".

Bunu bilirsiz nəyə görə yazdım? Ona görə ki,  uşaqlıqda anamı çox incitmişəm. Anamın sözünə qulaq asmamışam. Bəzən olub ki, uşaq olmuşam qanmamışam, üzünə də ağ olmuşam. Ona görə anamdan üzr istəmək üçün o şeiri yazdım. Ananın borcunu heç bir adam qaytara bilməz. Ana müqəddəsdir, ana dünyadır. Bu gün də kəndə gedəndə anam o yaşda durub mənə çay gətirir, xingal bişirir. Baxmayaraq ki, 100 yaşı var, heç gəlini işləməyə qoymur. Deyir, “ay bala sən 17 yaşından getmisən şəhərə, mən sənə yaxşı qulluq edə bilməmişəm. Ona görə də, istəyirəm ki, mən özüm sənə qulluq edim”.



“Amma bizim o kənd...”

-Köçəsgər məni o qədər də özünə məhrəm bilmədi. Məşhurlaşandan sonra kəndə gedəndə ora məni o qədər də yaxşı qarşılamırdı. Onlar üçün mən adi adam idim. Mənim məşhurluğumu onlar saymırdılar. Amma başqa rayonlara gedirdim, orada az qala arxamca düşürdülər,  mənə suallar verirdilər, qonaq dəvət edirdilər.

“O kənddən bir xoş söz eşitmədim”

-Baxmayaraq ki, xalq artistiyəm, çox məşhuram, kəndimizdə elə bu gün də məni çox adi qarşılayırlar. Başqa yerlərdə deyirlər ki, “Tariyel müəllim siz korifeysiz, böyük sənətkarsız, sizdən az qalıb”. Amma bizim kənddən öz ünvanıma hələ bir  xoş söz eşitməmişəm. Mənim əmim uşaqları var, başqa qohumlar var ki, mən onlarla qarşılaşsam, tanımaram. Çünki rayona gedəndə heç biri məni qonaq çağırmayıb ki, gəl bir stəkan çay iç, qonaq ol. Yəni, bizim kənd çox soyuq kənddir. Sənətə o qədər meyilli deyillər. Onlarınkı aşıq sənətidi.

Söz yerinə çəkər...”

-Bayaq haqqında danışdığım sinif yoldaşım Mail Kərimov prokuror idi. Bir gün mənə dedi ki, “sən maşınla kəndə gedirsən, sonra dəmiryolundan keçirsən bizim tərəfə. Sən o dəmiryolundan keçəndə qaza basırsan, ayıbdı”. Dedim, “axı elə şey olmayıb. Əksinə, mən orada maşını yavaşıdıram, sağa-sola baxıram ki, birdən qatar gələr”. Dedi, “o mənada demirəm, sən o yerdə maşından düşüb görüşməlisən, ondan sonra evə getməlisən. Axı camaat bilir ki, sən aktyorsan”. Mən də onun sözünə qulaq asdım. Mail ora gedəndə bütün kənd onu qarşılayırdı. Niyə? Çünki o, prokuror idi. Hamının ona işi düşürdü.
O da özünə qarşı münasibəti görüb deyirdi ki, “sən də belə et. Əhali ilə görüş”. Mən də elə etdim. Gəldim həmin yerdə dayandım və maşını saxladım. Düşdüm bir-bir hamı ilə görüşdüm.  Soruşdum ki, mənə sualınız-filan varmı? Bir az da orada oturdum, sonra getdim evə. Bir həftə sonra kənddən mənə sifarişlər gəldi. Deyirdilər ki, “bəs Tariyel də özünü yekə-yekə aparır. Camaatla elə görüşür, guya böyük adamdır, aktyorsan, get aktyorluğunu elə də...”.
Həmin bu sözləri prokurorun əmisi oğlu deyib. Mən də Mailə dedim. Dedim ki, sən məni biabr elədin. Sənin əmin oğlu Qəzənfər kənddə bu cür sözləri yayıb. O gündən bu günə qədər mən nə orada dayanıram, nə də çayxanalara gedirəm. Bu yaxınlarda kənddə idim, avtobusda gedirdim. Gəldi yanımda oturdu, mən də onunla danışmıram. Birdə gördüm özü mənə dedi ki, “heç salam vermirsən?”. Dedim “sən özün buna səbəb olmusan. Bir dəfə sənə salam verdim, haqqımda o cür sözlər yaydın ki...”. O vaxtı Mail mənə dedi ki, “o mənim doğma əmim oğlu olsa belə, onu hər görəndə cibinə pul qoymasam, qonaqlıq verməsəm, bütün kəndə hay salar ki, Mail camaatdan rüşvət alır”. Dedi, “mən qorxumdan ona pul verirəm”.


Qoy, həmin kəndə bir-iki söz deyim

-Yaxşı olar ki, mənim kəndimin camaatı çayxanalardan yığışsınlar. Özlərinə məşğuliyyət tapsınlar. Bütün gün otururlar çayxanada, siyasətdən danışırlar. Axı siz nə bilirsiz siyasət nədir?! Çayxanada oturmaqla siyasət bilmək olar?! İstərdim ki, çayxanalardan yığışıb bir əməlli işlə məşğul olsunlar.

Türkan BƏŞİR

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır