Modern.az

Xətai camaatı artıq Gülər Əhmədovanı özlərinə vəkil bilir ®

Xətai camaatı artıq Gülər Əhmədovanı özlərinə vəkil bilir  ®

Təhsil

3 Noyabr 2010, 15:40

«Bizə həmişə yanımızda olan millət vəkili lazımdır»  

«Hamı deyir ki, Gülər Əhmədovanın sözü ilə əməli üst-üstə düşür, elə olmasaydı, yasamallılar onu 10 il özlərinə vəkil seçməzdilər»  

«Millət vəkili Gülər Əhmədovanın namizədliyinin bizim dairədən irəli sürüldüyünü eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Ailəmizdə hər kəs bu şad xəbəri dərhal qohum-qonşulara çatdırmağa tələsirdi. Bəxtimizə belə bir deputatın düşməsi bizə Allahın ən gözəl qismətidir. Biz xətaililər bu fürsəti heç vaxt fövtə verməyəcəyik. 7 noybarda hamılıqla gəlib dəstəklədiyimiz, etimadımızı doğruldacağına inandığımız Gülər Əhmədovaya səs verəcəyik». Bu sözləri dünən redaksiyamıza gələrək, Yeni Azərbaycan Partiyası tərəfindən Xətai rayonu ikinci sekçi dairəsindən namizədliyi irəli sürülən Gülər Əhmədova haqqında danışan Gülnar Nəzərli söylədi.

Bakı şəhər 221 saylı orta məktəbdə riyaziyyat-informatika müəlliməsi işləyən G. Nəzərli G. Əhmədovanın bu ərazidən seçilmək şansının yüksək olduğunu bildirdi. Onun sözlərinə görə, Xətai rayon sakinləri elə indidən G. Əhmədovanı özlərinə vəkil bilirlər: «İndiyə qədər bizim ərazidən seçilən heç bir deputatın üzünü belə görməmişik. Amma Gülər Əhmədovanın adını eşidən kimi tanıdıq. Çünki bu millət vəkilinin səsi sözün əsl mənasında Milli Məclisdən gəlib. İndi də belədir. Gülər xanım Milli Məclisin ən fəal üzvlərindəndir. Ona görə də, onun bu dairədən namizədliyinin irəli sürüldüyünü eşidəndə hamı sevindi. Onu bu dairədə demək olar ki, əksəriyyət dəstəkləyir».
Həmsöhbətimin sözlərinə görə, bu heç də səbəbsiz deyil.
G. Nəzərli deyir ki, seçicilərin G. Əhmədovaya belə inam göstərməsinin arxasında yalnız və yalnız onun əvvəl seçildiyi ərazilərdəki deputatlıq fəaliyyəti durur: «Gülər Əhmədovanın bizim dairədən namizəd olduğunu eşidəndə onu tanımayanlar bu xanıma səs verib-verməməkdə tərəddüd edirdilər. Amma onun əvvəl seçildiyi dairədə fəaliyyətini soraqlayıb biləndən sonra fikirləri dəyişdi. Bu xanım seçildiyi ərazinin sakinlərinə əsl vəkillik eyləyib. Yasamal camaatından kimi danışdırsan, Gülər Əhmədovanı ağız dolusu tərifləyir. Mənim həmin rayonda bir neçə rəfiqəm, tələbə yoldaşım var. Hamısı deyir ki, Gülər Əhmədova həmişə yasamallıların problemləri ilə maraqlanıb. İri problemlərindən xırda çətinliklərinə qədər həmişə yanlarında olub. Suları kəsiləndə də onların problemlərinin həllinə çalışıb. Ona görə də Yasamal camaatı Gülər Əhmədovanın namizədliyinin irəli sürüldüyü dairənin dəyişdirildiyi xəbərini eşidəndə sarsılıblar. Mənim fikrimcə, Gülər xanıma belə inamın bir səbəbi var. O da ki, onun seçicilərin etimadını doğrultması, deputat kimi işinin öhdəsindən gəlməsidir».

G. Nəzərli deyir ki, millət vəkilinin fəaliyyətini görmək üçün ölkədə gedən ictimai-siyasi prosesləri izləmək kifayətdir. Həmsöhbətimin sözlərinə görə, G. Əhmədova bütün yaş qrupunda olan seçicilərinin qayğısına qalır: «Gülər xanım həm də Respublika Uşaq Təşkilatının sədridir. Mən onun təşkilat rəhbəri kimi uşaqların hüquqlarının müdafiəsi yönündə hansı işləri gördüyündən xəbərdaram. Bu xanım həmişə Milli Məclisdə uşaqların problemlərini qabardıb. Onların hansı çətinliklə üzləşdiyi barədə məsələ qaldırıb. Uşaq hüquqlarının müdafiəsinə xidmət edən qanunların qəbuluna nail olub. Bu gün də onun ölkədə uşaq hüquqlarının müdafiəsi yönündə xidmətləri var. Gülər Əhmədova, həmçinin, yaşlı nəslin, eləcə də gənclərin problemlərini daim diqqət mərkəzində saxlayır. Millət vəkilinin gənclərin problemlərinə belə həssaslıq nümayiş etdirməsi mənim diqqətimdən heç vaxt qaçmayıb. Bu günkü xətaili gənclərə onun sözünü deyən millət vəkili lazımdır. Bu da ki Gülər Əhmədovadır. Biz inanırıq ki, deputat seçəcəyimiz şəxs - Gülər Əhmədova sabah bizdən üz çevirməyəcək. Biz hər bir vaxt çəkinmədən, onu çox axtarmadan sözümüzü, dərdimizi söyləyə biləcəyik. Bu çox önəmlidir. Çünki elə deputatlar var ki, ancaq seçicilərinin gözünə seçkilərdən-seçkilərə görünür. Bizə isə həmişə yanımızda olan, «evi-evimizə, əli-əlimizə, özü-özümüzə yaxın» bir millət vəkili lazımdır. Bu da ki Gülər Əhmədovadır». G. Nəzərli deyir ki, yaşadığı General Şıxlinski 42 ünvanında hər kəs ümidini Gülər xanıma bağlayıb: «Xətai camaatının da bir sıra problemləri var. Hamı deyir ki, bu seçkidə özümüzə dayaq olan, bizə ürəkdən yanan, problemlərimizlə daim maraqlanan bir insanı vəkil seçməliyik. Sözün açığı çoxu da Gülər Əhmədovanın adı gələn kimi dairədən namizədliyini irəli sürən digərlərinin bukletini qatlayıb bir kənara qoyur. Xətaililərin bir sözü var: «Bizim deputatımız Gülər Əhmədovadır». Bunun da səbəbi var. Çünki hamı onun deputat olduğu illərdə hansı işlər gördüyünə bələddir. Hamı da deyir ki, Gülər Əhmədovanın sözü ilə əməli üst-üstə düşür. Elə olmasaydı, yasamallılar onu 10 il özlərinə vəkil seçməzdilər». G. Nəzərlinin sözlərinə görə, G. Əhmədova hələ deputat seçilməsə də, indidən xətaililərin qeydinə qalır:
«Məhəmməd Hadi 103 ünvanında həyətdə qurumuş ağaclar vardı. O ağaclar güclü küləyə bənd idi ki, aşsınlar. Təsəvvür edin ki, o ağaclardan biri aşsaydı ciddi tələfat baş verəcəkdi. Xanım millət vəkili bu problemi elə yerindəcə həll etdi. Ərazi ekologiya idarəsi ilə əlaqə saxlayıb problemi aradan qaldırdı. İndi siz deyin, biz Gülər Əhmədovanı qoyub başqa namizədləri niyə dəstəkləməliyik?»
G. Əhmədovanın deputatlıq fəaliyyəti zamanı gördüyü işlərdən danışan G. Nəzərli, bu xanıma daha bir şəxsi keyfiyyətinə görə də rəğbət bəslədiyini gizlətmədi: «Milli Məclisin kürsüsündə əyləşən kişi millət vəkillərinin bir çoxu 5 il ərzində ağızlarını bir dəfə də tərpətməyiblər. Millətin mənafeyinə xidmət edən, amma eyni zamanda, hansısa məmurun mənafeyinə toxunacaq məsələlərdə «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəlini üstün tutublar. Amma Gülər Əhmədova Milli Məclisdə heç nəyə və heç kəsə baxmayaraq öz seçicilərini, sadə camaatı müdafiə edib. cəsarət nümayiş etdirərək, sadə insanlara problem yaradanların əməlini pisləyib. Onun bu cəsarəti həmişə məni heyran qoyub. Mən də YAP-ın üzvüyəm. G. Əhmədova elə məmurları tənqid edib ki, onlar hakim partiyanın adına üzqarası idilər. Bununla da o sübut edib ki, iqtidar milləti incidən, onun üçün problem yaradanların tərəfində deyil. Mən Gülər Əhmədovanı həm də bir cəsarətli xanım kimi özümə millət vəkili görürəm. Mənim fikrimcə, xətaililərin problemini heç kəs Gülər Əhmədova kimi ürəkdən həll edə bilməz. Mən müəlliməyəm. Uşaqlarla hər gün təmasdayam, onların valideynləri ilə sıx-sıx görüşürəm. Hər bir problemlərindən haliyəm. Əminəm ki, onların yaşadığı problemlərinin həllinə ancaq və ancaq Gülər Əhmədova dəstək göstərə bilər. Elə valideynlər özləri də mənimlə söhbətlərində deyirlər ki, Gülər xanım xətaililərin Milli Məclisdə səsidir. Buna görə də bütün xətaililəri 7 noyabrda Gülər Əhmədovaya səs verməyə, onu özlərinə millət vəkili seçməyə səsləyirəm». 

Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü