Modern.az

Fəzail Ağamalıya qarşı "qara pia" aparılır, partiyası bəyanat verib

Fəzail Ağamalıya qarşı "qara pia" aparılır, partiyası bəyanat verib

Təhsil

3 Noyabr 2010, 17:55
Ana Vətən Partiyası bəyanat verib. Bəyanatda bildirlir:
- Parlament seçkilərinin sonuna saylı günlər qaldığı bir vaxtda “Bizim Dövr” qəzetinin Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı “qara piar” kampaniyasının ardıcıl və sistemli olaraq aparılması seçki kampanıyasının gedişinə mane olmaq, rəqabətin obyektiv keçirilməsinə kölgə salmaq, ictimai rəyi çaşdırmaq cəhdləridir.
“Bizim Dövr” qəzetinin 2 noyabr 2010-cu il tarixli 146-cı sayında dərc olunan “Fəzail Ağamalı özünə əl qatıb” başlıqlı yazı reallığı əks etdirmir və  açıq şəkildə Fəzail Ağamalının namizədliyi qeydə alındığı dairədəki nüfuzuna xələl gətirmək məqsədi güdür. Xatırlatmaq istərdik ki, bu ilin oktyabrın 27-də “Fakt” qəzeti də belə bir addım atmışdı. Lakin həmin qəzet barədə Mətbuat Şurasına müraciət olundu və bununla bağlı “Fakt” qəzetinin 02-09 noyabr 2010-cu il tarixli 109-cu sayında məlumatların həqiqətə uyğun olmadığı barədə  təkzib xarakterli yazı da dərc olunmuşdur. Ana Vətən Partiyasının mətbuat xidmətinin araşdırmalarına görə bu ilin oktyabr ayında Mətbuat Şurasının iclasında “Bizim dövr” qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın “qara siyahı”sında yer alan “Yeni dövr” qəzetinin yolunu davam etdirir. “Bizim dövr” nəinki jurnalist adına ləkə gətirir, üstəlik, məqsədlərinə çatmaq üçün insanların əsəblərini daimi gərginlik içərisində saxlamaq yolu tutur. AVP mətbuat xidmətinin araşdırmaları nəticəsində o da bəlli olmuşdur ki, “Bizim Dövr” qəzeti Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya qarşı “qara piar” 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan iş adamı İlham İsmayılov tərəfindən sifariş edilmişdir. Bunu “Bizim Dövr” qəzetində dərc olunan yazılar da birmənalı şəkildə təsdiq etməkdədir. “Bizim Dövr” qəzetinə xatırlatmaq istərdik ki, Fəzail Ağamalı namizədliyini verdiyi dairədə yüksək səviyyədə qarşılanır. Və eyni zamanda internet sorguları da bunun əyani sübutudur. 02 noyabr 2010-cu il tarixdə bolgexeber.com saytında yayılan və 03 noyabr 2010-cu il tarixli “Səs”, “Bizim yol” qəzetlərində dərc olunan reytinq sorğusuna, “Secki2010.info”, seckiler.org virtual internet səsvermə saytlarında da bunu aydın sezmək olur. Artıq “Bizim Dövr” qəzetində aparılan “qara piar”la bağlı  Ana Vətən Partiyası Mətbuat Şurasına rəsmi müraciət etmişdir. Ana Vətən Partiyasının mətbuat xidməti bəyan edir ki, “Bizim Dövr” qəzeti “qara piar”ı davam etdirdiyinə, onun seçki kampaniyasındakı fəaliyyətinə kölgə salmaq cəhdlərinə görə Ana Vətən Partiyası mətbuat xidməti məhkəməyə müraciət edəcəkdir. 


Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə