Modern.az

“Məmməd Aslan icra başçısının salamını almayıb dedi: “Mən cəllada əl uzatmaram!”” - Şairlə bağlı XATİRƏLƏR

“Məmməd Aslan icra başçısının salamını almayıb dedi: “Mən cəllada əl uzatmaram!”” - Şairlə bağlı XATİRƏLƏR

Mədəni̇yyət

26 Oktyabr 2015, 17:30


Noyabrın 2-də tanınmış şair, Azərbaycan folklorunun mahir bilicisi Məmməd Aslanın ölümünün 40-cı günü tamam olur. Mərhum şairi dostları kövrək xatirələrlə yad edirlər. Bu dəfə şairlə uzun müddət dostluq etmiş professor Qulu Məhərrəmli Məmməd Aslanla bağlı xatirələrini Modern.az-la bölüşüb:

“İcra baçısının əlini sıxmadı”

“Bilənlər bilir ki, Məmməd müəllim kənardan mülayim göründüyü qədər də sərt idi. Yəni sözü üzə deyirdi. Kimsədə bir səhvi belə, bağışlamırdı. Bir dəfə AzTV-də müəllifi olduğu proqramda rayonlardan birinin icra başçısını tənqid etmişdi. Səbəb isə o idi ki, həmin rayonun ərazisində xeyli sayda ağac kəsilmişdi. Təbiətə ziyan vurulmuşdu. İş elə gətirdi ki, Məmməd müəllimlə birlikdə həmin rayona gedəsi olduq. İcra başçısı gəlib qonaqları salamladı. Məmməd müəllimə əl uzadıb görüşmək istəyəndə şair onun əlini sıxmadı. Dedi “sən ağac cəlladısan”, mən belə bir cəllada heç vaxt əl uzatmaram”.

Fəxri Uğurlunun səhvi

“Bir dəfə də Məmməd müəllimlə AzTV-də çalışan bir yoldaşın maşını ilə Gəncəyə gedirdik. Məmməd Aslan treninqdə çıxış etməli idi. Treninqin aparıcısı da elə onun dostu Ağa Laçınlının oğlu Fəxri Uğurlu idi. Nə isə, treninq bitəndən sonra qərara gəldik ki, gedib çörək yeyək. Fəxri Uğurlu, o və mən maşında üçümüz yol gedirdik. Birdən Fəxri türk şairi Nəcib Fazil Qısakürəkdən bir parça şeir dedi. Qurtarandan sonra Məmməd Aslan israr etdi ki, ardını da desin. Fəxri dedi ki, elə bildiyi bu qədərdi. Onda Məmməd Aslan özü həmin şeiri axıra kimi söylədi. Sonra da başladılar, nə başladılar.  Həm Fəxri, həm də o, türk klassiklərindən, şairlərindən şeirlər dedilər. Təbii ki, hər ikisi türk ədəbiyyatını çox gözəl bilirdi. Amma Məmməd Aslanı dinlədikcə, anlayırdın ki, o, daha dərindən bilir. Ümumiyyətlə, unikal insan, canlı ensiklopediya idi. Bu adamın bilmədiyi söz, anlam, ifadə yox idi”.



Bir “saqqız”ın tarixçəsi

“Məmməd müəllim xalq dilini, foklordan gələn ifadələri demək olar ki, əzbər bilirdi. Bunlar elə-belə bilgilər deyildi. Sevgi qatılmış biliklər idi. Elə söz yox idi ki, Məmməd müəllim onun anlamını əsas mahiyyəti ilə, tarixçəsi ilə bilməsin. Biz bir dəfə frazeoloji lüğət hazırlayırdıq. Orada bir ifadə var idi: “saqqızını oğurlamaq”. Təbii ki, bu ifadənin indi hansı mənada işləndiyini bilirdik. Amma onun tarixçəsini, necə yaranmasını bir neçə adamdan soruşsaq da, cavab ala bilmədik. Məmməd müəllim bizə çox gözəl başa saldı. Sən demə, bir vaxtlar məşhur bir oğru olub. O kiminləsə mərcləşib ki, başqa nəsə oğurlamaqla bərabər ağızdan saqqızı da çıxara bilər. Həqiqətən də bunu bacarıb. Odur ki, el arasında kimisə razılığa gətirmək deyərkən “saqqızını oğurladı” ifadəsi işlədilir”.

“Bir də sənin maşınına otursam...”

“Bir dəfə də Məmməd müəllimlə danışdıq ki, Tərtərdə görüşək. O, məndən bir gün qabaq ora getmişdi. Tərtərdə görüşüb, Bərdəyə gedəcəkdik. Mən də prinsip etibarilə gecikən adamam. Amma Məmməd müəllimə görə deyilən vaxtdan da bir saat  tez çatdım. Gəlib məni orda görəndə çox məmnun oldu. Dedi ki, “AzTV-dən çıxıb çayxanaya gələndə azı 10 dəqiqə gecikirsən. Nə əcəb səndən, belə vaxtında gəlmisən?”...

Yola düzəldik. Amma şərt kəsdim ki, “Məmməd müəllim, mən siqareti xoşlamıram. İstəmirəm ki, maşınımda siqaret çəkəsiniz”. Razılaşdı.
Gedəndə heç bir problem olmadı. Həmin yolu qayıdan zaman nə oldusa Məmməd müəllim əsəbləşdi. Bir də gördüm ki, cibindən siqaret çıxarmaq istəyir. Dedim, “Məmməd müəllim şərtimiz şərtdir”. Əsəbiləşdi, dedi, “şüşəni endirib çəkəcəm də, səndən nə gedir ki?!”.
Nə isə, onu siqaret çəkməyə qoymadım. Bir də gördüm ki, kişi yerində vurnuxur, halı heç yaxşı deyil. Yolun kənarında maşını saxlayıb dedim ki, “buyurun Məmməd müəllim, nə qədər istəyirsiniz siqaret çəkin”. Düşüb çəkəndən sonra dedi ki, “bir də sənin maşınına minsəm, atama lənət. Sən məni yandıra-yandıra gətirmisən”.

Amma sonra siqareti tərgitdi. Bizimlə də bərabər bir çox yerlərə getdi. Məmməd müəllim bənzərsiz adam idi. Onun dilini iki şəxs bilirdi. Biri Aşıq Şəmşirin oğlu Qənbər Qurbanovdur. O biri də qismən də mən.
Bilirdim ki, Məmməd müəllim əsəbi olanda nə etmək lazımdır. Əsəbinin pik nöqtəsi var idi ki, onun da taktikasını Qənbər müəllimdən öyrəndim. Görürdüm ki, Qənbər müəllim onun aqressiyasına çox sakit və normal yanaşır və onu çox asanlıqla idarə edir. Mən də o cür edirdim. Heç reaksiya vermirdim. Bilirdim ki, 5-6 dəqiqədən sonra ipək kimi yumşalacaq”.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!