«Gücüm, səhhətim nə qədər imkan versə, o qədər də sizləri layiqincə parlamentdə təmsil etməyə çalışacam»
Yaşar Nuri: «istəyirəm ki, bütün seçki dairələrində Gülər xanım kimi işgüzar, xalqının yolunda yorulmaq bilmədən, səylə çalışan insanlar qalib gəlsin»
Canəli Əkbərov: «inanıram ki, Xətai rayonunun seçiciləri də Gülər xanıma səs verəcəklər. Bu, onların qazancı olacaq»
Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədi, Respublika Uşaq Təşkilatının sədri, hazırkı millət vəkili Gülər Əhmədovanın seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayon Mədəniyyət Mərkəzində seçicilərlə növbəti kütləvi görüşü keçirildi. Yüzlərlə seçicinin iştirak etdiyi görüşü G.Əhmədovanın vəkili, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açdı. O qeyd etdi ki, cəmi bir neçə gündən sonra ölkədə növbəti dəfə parlament seçkisi keçiriləcək. Ötən 10 il ərzində parlamentin deputatı olmuş G.Əhmədovanın namizədliyinin bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürüldüyünü vurğulayan İ.Ağayev Xətai seçicilərinin G.Əhmədovanı özlərinə deputat seçəcəklərinə əminliyini ifadə etdi: «Mən əminəm ki, noyabrın 7-də digər dairələrin seçiciləri kimi 34 saylı Xətai ikinci seçki dairəsinin seçiciləri də seçkidə aktiv iştirak edəcək. Keçirdiyimiz görüşlərdən bu qənaətə gəlmişəm ki, 34 saylı seçki dairəsindən sizlər məhz Gülər xanımı seçəcəksiniz. Çünki Gülər xanım ötən 10 il ərzində parlamentdə seçicilərini, dünya miqyasında isə ölkəmizi ləyaqətlə təmsil edib. 1996-cı ildən Respublika Uşaq Təşkilatına uğurla başçılıq edir. Gülər xanım təvazökar insan, qayğıkeş ana, seçicilərinin dərd-sərlərini öz dərdi-səri bilən millət vəkilidir. Mən əminəm ki, siz seçki günü cəmi bir saata yaxın vaxt sərf etməklə 5 il ərzində sizin yanınzda olacaq bir millət vəkili qazanacaqsınız». Görüşdə iştirak edən xalq artisti Yaşar Nuri çıxışına «görünən dağa nə bələdçi» atalar sözünü deməklə başladı: «Mən Gülər xanımla qonşuyam. Onun necə gözəl bir xasiyyətə malik olduğuna bələdəm. Həqiqətən də Gülər xanım seçiciləri üçün çox böyük işlər görən bir insandır. Mən onun təkcə hazırda deputatı olduğu Yasamal rayonundan deyil, digər rayonlardan, məsələn, Şamaxıdan, Gədəbəydən olan seçicilərin dərdini dinlədiyinin şahidiyəm. Mən Xətai rayonunda yaşamıram. Amma mən azərbaycanlıyam və Azərbaycanda yaşayıram. Mən istəyirəm ki, bütün seçki dairələrində Gülər xanım kimi işgüzar, xalqının yolunda yorulmaq bilmədən, səylə çalışan insanlar qalib gəlsin». Daha bir tanınmış sənətçi, «Şöhrət» və «Şərəf» ordenli xalq artisti Canəli Əkbərov isə qeyd etdi ki, G.Əhmədova özünün dəst-xətti ilə seçilən millət vəkillərindəndir. Onun sözlərinə görə, G.Əhmədova digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində də ulu öndər Heydər Əliyevin tutduğu yolu davam etdirir: «Mən bu gün Gülər xanımın getdiyi müqəddəs yolda ona bir hacı kimi xeyir-dua verməyə gəlmişəm. Çünki Gülər xanım məhz xalqının yolunda çalışır. Bu xeyir-dua da ona verilməlidir. Gülər xanımın seçiciləri üçün göstərmiş olduğu xidmətlər göz önündədir. Onu da deyim ki, Yaşar Nuri də hacıdır və o da Gülər xanıma öz xeyir-duasını verdi. Qoy iki hacının nuru onun getdiyi yola daim işıq salsın». C.Əkbərov G.Əhmədovanın sədri olduğu Respublika Uşaq Təşkilatının ötən illər ərzində qaçqın və məcbüri köçkün uşaqlar üçün Horadizdə, Saatlıda, Sabirabadda keçirdiyi xeyriyyə tədbirlərində iştirakından məmnunluq duyduğunu da vurğuladı. Xalq artisti Azərbaycan xalqının müdrikliyinin 2003-cü ildə İlham Əliyevi özünə prezident seçməklə bir daha təsdiqləndiyini söylədi: «2008-ci ildə bu müdriklik bir daha sübut olundu. Mən inanıram ki, Xətai rayonunun seçiciləri də Gülər xanıma səs verəcəklər. Bu, onların qazancı olacaq». Millət vəkili Gülər Əhmədova çıxış edərək seçicilərini salamladı, onlara görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. O qeyd etdi ki, millət vəkili olduğu 10 il ərzində özünü heç vaxt yalnız bir rayona aid etməyib: «Bizi siyasətə gətirən ulu öndərimiz Heydər Əliyev hər zaman bizə millət üçün bacardığımız, gücümüz çatan qədər iş görməyi öyrədirdi. Ulu öndərimiz hər zaman deyirdi ki, xalqımız müdrik və qədirbiləndir. Ona edilən heç bir yaxşılığı əvəzsiz qoymur. Mən 1998-ci ildə ümumilli liderin seçki qərargahının 25 üzvündən biri idim. Mənim həyatımın ən mənalı günləri hər gün ulu öndərlə ünsiyyətdə olduğumuz o günlər idi. Bəlkə də, ali məktəbdə oxuğumuz illər ərzində o seçki kampaniyası zamanı qazandığımız qədər təcrübə, ağıl-kamal qazanmaq olmazdı. Bu gün bildiklərimin çox böyük hisəsini həmin vaxt Heydər Əliyevdən öyrəndim. Başa düşdüm ki, əgər Heydər Əliyev kimi bu milləti sevəcəksənsə, millət də səni sevəcək. Yox əgər millətdən qaçacaqsansa, millət də səndən qaçacaq. Odur ki, mən 10 il ərzində heç kimdən qaçmadım. Keçidiyim görüşlərdə sizlər çıxış edərək mənim ünvanıma xoş söylər söyləyirsiniz. Çox istərdim, Allah-Təala mənə sizi parlamentdə təmsil etməyi qismət etsin və sizlər mənim fəaliyyətimin bariz nümunəsini görəsiniz. Gücüm, səhhətim nə qədər imkan versə o qədər də sizləri layiqincə parlamentdə təmsil etməyə çalışacam. Bunu 10 il ərzində etmişəm, qismət olsa yenə də edəcəm». Sonda G.Əhmədova seçiciləri seçki günü aktiv olmağa çağırdı: «Seçki günü mənə verəcəyiniz dəstəyə inanıram. İndidən hamınıza təşəkkürümü bildirirəm». 34 saylı Xətai ikinci seçki dairəsinin seçiciləri – YAP Xətai rayon təşkilatının 7 saylı poliklinika ilk partiya təşkilatının sədri Səlim Səlimov, təqaüdçü Ofeliya Mustafayeva, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri Roza Qubaydulina, Zəngilan rayonundan olan məcburi köçkün Mahirə Mehrəliyeva, habelə seçici Reyhan Abbasova G.Əhmədovanın ötən müddət ərzində parlamentdə və ictimai-siyasi həyatda fəaliyyətinin məhsuldar olduğunu bildirdilər. Bu namizədə səs verməklə 34 saylı dairənin parlamentdə ləyaqətlə təmsil ediləcəyinə əminliklərini ifadə etdilər və görüşdə iştirak edən bütün seçiciləri G.Əhmədovaya səs verməyə çağırdılar.
|
|
|
|