Modern.az

“Keyfli söhbət” - “Sevgim üçün ölməyə hazır idim” - LAYİHƏ

“Keyfli söhbət” - “Sevgim üçün ölməyə hazır idim” - LAYİHƏ

28 Oktyabr 2015, 09:35

Xalq artisti Gülyaz Məmmədova: “Mən öz həyatımın gündəliyini yazıram”


Modern.az
saytı “Keyf”li söhbət” layihəsinə start verir. Yəqin ki, mediada daha çox rast rast gəlinən adlarla müqayisədə bu seçimin nəyə görə edildiyi oxucularda sual yaratdı. Təqdim edəcəyimiz layihə Azadlıq prospekti, 181 ünvanında yerləşən “Keyf” restoranı ilə Modern.az saytının ortaq layihəsi olduğundan bu adı seçməyi məsləhət bildik. Amma həmsöhbətimizlə görüşümüz “Keyf”lidə olsa da, söhbətimiz keyfli oplmaya da bilər. Çünki layihəyə qonaq qismində dəvət olunan ciddi mədəniyyət, ədəbiyyat adamları, ictimai xadimlər cəmiyyətin bu günü, üzləşdiyi problemlər, təmsil etdikləri sahənin çatışan və çatışmayan tərəflərindən danışacaqlar.

İlk müsahibimiz isə xalq artisti, xanəndə, pedaqoq Gülyaz Məmmədovadır. O, hazırda həm də Opera və Balet Teatrının solistidir. Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində dərs deyir.

- İlk dəfə 1993-cü ilin yayında “Leyli və Məcnun” operasında baş rolda çıxış etdiniz. Onun üstündən çox vaxt keçib. Bu obraz sizdə bir xanəndə olaraq nə kimi müsbət dəyişikliklərə yol açdı?

- Əvvəla, deyim ki, hər bir xanəndə xanıma Leyli obrazını ifa etmək nəsib olmur. Mən özümü buna görə çox xoşbəxt hiss edirəm. Dönüb keçmişimə baxanda özümə bu sualı verirəm: “Opera və Balet Teatrının səhnəsində bu tamaşaları oynamışammı, yoxsa onları yaşamışam?”. Çünki bunlar çox fərqli anlayışlardır. Bir var elə-belə çıxış etmək, bir də var ürək qoymaq. Mən dönüb geriyə baxanda səhnədə sadəcə, hansısa rolu oynadığım üçün deyil, ürək qoyduğum üçün fərəh hissi duyuram. Həm də ona görə qürur duyuram ki, bu səhnədə mənim də payım var. Mən “mənim yaradıcılığım” ifadəsini işlətməyi sevmirəm. Çünki  bu  sözün istifadəsini  böyük sənətkarlara yaraşdırıram. Biz onların yanında hələ gəncik. “Yaradıcılığım” demək, “mənəm-mənəm” demək kimi bir şeydi. Öz yaratdığım obrazlara baxanda fərəhlə, qürurla deyirəm ki, kaş yenə gənc olaydım və həmin tamaşaları yenidən oynayaydım. “Leyli və Məcnun”da Leyli, “Arşın mal alan”da Telli, “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”nda Gülbahar rollarını yenidən gənclik şövqü ilə oynamaq istərdim.  Bircə “Əsli və Kərəm” operasında oynamamışam. Ona da qərar vermişəm, gələn yaz oynayacağam.

- İlk premyera zamanı elə bir hadisə olubmu ki, hələ də yadınızdan çıxmayıb?

- Mən Opera və Balet Teatrına gələndə “Leyli və Məcnun” operasını bizə həvalə etdilər. Səhnəmizin gözəl sənətkarı olan Mənsum müəllimə Məcnun rolu, mənə isə Leyli rolunu ifa etmək tapşırılmışdı. Biz 8 ay dayanmadan məşq etdik. Saat axşam 6-8 olurdu, görürdük ki, axşam düşüb, heç yemək də yadımıza düşməyib. Tamaşanı Hafiz Quliyev hazırlayırdı. Muğam üzrə ustadım Canəli Əkbərov və tarzən Elxan Mansurovun əməyini unuda bilmərik. Teatrda  direktorumuz Akif müəllim çox böyük şərait yaratmışdı. Deyirdi ki,  gəncsiniz, gedin işləyin, nə zaman hazır olsanız, biz tamaşanı buraxarıq. O zaman biz çox işlədik, çox zəhmət çəkdik. Amma indi bu operanı 1-2 aya hazır edirlər, mən bunu bəyənirəm. Amma məncə, 6-7 ay məşq edilməsi daha yaxşıdır. Mən adi bir mahnını, muğamı öyrənən zaman ona bir ay yaxınlaşmıram. Bir müddət sonra ifa edəndə baxıram ki, bəzi səhvlərim olub. Leyli obrazı çox çətindir. Onu mənimsəməlisən, özününküləşdirməlisən. Leylini oynamaqdan ötrü gərək əvvəlcə “Leyli və Məcnun” aləminə daxil olasan. Səhnə qurulanda özünü keçmiş zamanda, o həyatın içində hiss etməlisən. O keşmişi indiki halınla yaşaya bildinsə, deməli, obrazı yarada bilərsən.

- “Leyli və Məcnun” aləmi deyəndə nəyi nəzərdə tutdunuz?

- Mühiti nəzərdə tuturam. Təbii ki, “Leyli və Məcnun”un zaman və məkan anlayışlarını aşan fəlsəfi məznunu, dərinliyi də var. Amma bütün bu səmavi mənanı bir kənara qoyub o zamankı mühitə, keçmişə baxsaq, yenə də fərqli bir aləmin qonağı olacağıq. O dövrdə yaşamaq tamam başqa şey idi. Hətta qızlar və oğlanlar ayrı siniflərdə oxuyurdu, ancaq tənəffüs zamanı rastlaşırlarmış. O dövrdə bir insanın baxışına baxmaq belə yasaq idi. Bunlar dövrün tələblərinin qurduğu anlamdır. Həmin aləmin başqa özəlliyi isə daha alidir. Niyə Məcnunu dəli adlandırıblar? Çünki onun eşqini heç kim anlamadı, dərk edə bilmədi. Onun sevgisi əlçatmaz, asimani bir sevgi idi. İndi elə sevgi varmı? Mən də gəncliyimdə sevmişəm və onda Leylini oynamamışdım. Bu obrazı yaradandan sonra dedim ki mən əsl Leyliyəmmiş. Sevgim üçün ölməyi belə gözə alan bir qız idim. İndiki gənclər də kaş bu cür sevgi hislərini yaşayalar.  



- Artıq öyrənən yox, öyrədən vaxtınızda keçmişə boylananda müəllimlərinizin  sizə öyrətmədiyi hansı detalları indi daha qabarıq hiss edirsiniz?

- 1988-92-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alanda ustadım Nəriman Əliyev olub. Daha sonra Canəli Əkbərov və Kamil Vəzirovdan dərs aldım. Nəriman Əliyev ikinci atam olub, mənə bütün dəstgahları öyrədib. Mənə ata kimi tərbiyə verib. Kənd yerindən gəlib şəhər mühitinə düşən bir qız üçün tələbəlik illəri çox çətin olur. Əgər sən muğam öyrənirsənsə, bu artıq ikiqat çətinləşir. İnsanları tanımırsan, hansı yolu gedəcəyini bilmirsən, qərar verməkdə çətinlik çəkisən. Həm Nəriman müəllim, həm də Kamil müəllim mənə muğam yolunu göstərib, səhnə hərəkətlərini, düzgün nəfəsalmanı, davranış qaydalarını  öyrədiblər. Ona görə də mənim onlardan heç bir narazılığım yoxdur. Nəriman müəllim məni öz davamçısı kimi görmək istəyirdi. Amma çox sonralar bizim gözəl sənətkarımız Səkinə İsmayılova dedi ki, Gülyaz əsl Leylidir və o, operaya getməlidir. Kamil müəllim razı olmurdu. Deyirdi ki, o mənim davamçım olacaq. Sonra peşman oldu. Çünki müəllimlik çox əzab-əziyyətli peşədir. “Get səhnə sənindir, səhnə fəaliyyətini davam etdir”, - dedi.
1996-cı ildən bəri müəllimə işləyirəm. Ondan sonra anladım ki, müəllimlərim necə əzab-əziyyət çəkirdi. Elə şeylər ola bilər ki, bəlkə də müəllimlərim mənə öyrədib, amma onları o zaman başa düşməmişəm. Vaxt keçdikcə fərqinə varmışam ki, Nəriman müəllim, yaxud Kamil müəllim mənə bunları çatdırmaq istəyirmiş. Ola bilər ki, o zaman bəzi məqamları  dərk etməmişəm, səhnəyə can atmışam. Müxtəlif muğamlar, musiqilər səsləndirməyin həvəsində olmuşam. Amma bu gün tələbələrimə nəyisə öyrədərkən yadıma düşür ki, müəllimlərim də bunları mənə öyrətmişdi. Dərs zamanı Bakı qəzəlxanlarından bəziləri dərsimizə qonaq gəlir. Sol tərəfimdə tarzən əyləşir, sağ tərəfimdə isə qəzəlxanlar. Onlar qəzəlləri uşaqlara öyrətməkdə mənə dəstək olurlar. Bəzən tələbə sual verir. Bu sualları cavabsız qoymamaq üçün mən də hər zaman nələrisə öyrənməyə can atıram.

- Muğam təkcə ifa etmək yox, həm də yaşamaq sənətidir. Sizin fikrinizcə, muğam nədir?

- Muğam “məqam” sözündən götürülüb. Muğam elə bir musiqi aləmidir ki, orada hər şey ölçüyə, ahəngə hesablanıb. O,  səni elə bir aləmə aparır ki, sən artıq o aləmin bir zərrəsi olursan və hardasa dayanıb o aləmi dinləyirsən. Türklər muğama “uzun hava” deyir. Yəni səni başqa bir aləmə aparır. “Şur”, “Rast”, “Segah” və digərləri bir- birindən, sadəcə notlarına görə fərqlənir, ümumilikdə isə hamsı muğamdır. Zümzüməli, xanə-xanə oxuyana xanəndə deyirlər. Bunun özü elə ölçü, ahəngdən xəbər verir.

- Muğam Allahla ilk bəşər övladı olan Adəm peyğəmbər arasında  rabitə vasitəsi olub. Sizcə,  muğam dünyanın ən sonuncu sakinlərini də izləyə biləcək?

- Deyirlər, dünyanın sonunda elə bir zümzümə səslənəcək ki, dünya duracaq. O elə bir səs olacaq ki, heç kim heç kimi tanımayacaq. Artıq o muğam ola bilməz, hər halda, o zümzümə muğamdan daha artıq bir şey olar. Amma inanın, özümə də maraqlıdır ki, ilk muğamı kim oxuyub. Ümumiyyətlə, ilk muğam necə oxunub?.. Adəm peyğəmbərin Allaha yalvarışlarını muğamın ilk  nümunəsi adlandırmaq olar. O, Həvvadan ayrılandan sonra 40 il Ərafatda tikanlı yolları adlaya-adlaya bir təpənin üstünə çıxıb yalvararmış. İlk muğam bəlkə də odur. Deməli, muğam ilk insanla birgə yaranıb və sonuncu insanla birgə öləcək.



- Tez-tez qastrollara gedən xanəndələrdən biri də sizsiniz. O ölkələrdəki insanların düşüncə tərzi ilə azərbaycanlıların təfəkküründə nə kimi fərqlər görmüsünüz?

- Xarici ölkələrdə konsert verəndə hər zaman onlarla bizim aramızda olan fərqləri axtarmağa çalışmışıq. Bu konsertlərdə həmin ölkələrin vətəndaşları da iştirak edib və bizim musiqimizə yüksək qiymət veriblər. Ən çox da milli geyim və musiqi alətlərimizə diqqət göstəriblər. Hər bir ölkənin öz kökü, tarixi var. Fərqimiz ondadır ki, səfər etdiyim o ölkələrdə bizimlə müqayisədə çox sakitlikdir. Bizdə çılğınlıq daha çox hiss olunur. Yol-hərəkət qaydalarında fərq çox nəzərə çarpır. Bizim qadınlar bəzək-düzəyi, dəbdəbəni sevir. Lakin onlarda qadınlar sadəliyə üstünlük verir. Fikrimcə, bəzək-düzəkli olmaq daha yaxşıdır. Çünki qadın özünə baxanda cavan qalır. Bizim xanımlarımız müqayisə etdikdə daha gözəldi, şirindi. Millət olaraq çox qonaqpərvərik, çox ürəyimiz açıqdı. Bunlar bizim xalqa məxsus keyfiyyətlərdir.

- Həmin qastrollarda yadınızdan çıxmayan hansı məqamlar qalıb?

- Xatirələr çox olub. Biz Məryəm ananın dünyaya gəldiyi Yerusəlimdə olmuşuq. Orada bizə onun yaşadığı ərazini göstərdilər. Rusiyaya dəfələrlə səfər etmişik. Bu səfərlərdən birində Romanovlar sülaləsinin muzeyi ilə tanış olmuşuq. Biz, adətən hansısa ölkəyə səfər edəndə muzeylərə, məscidlərə, kilsələrə gedirik. Bunların hamısı mənim üçün unudulmayan xatirələrdir. Gülməli əhvalatlar da çox olub. Xatirələr o qədər çoxdur ki, hansından danışacağımı bilmirəm. 1993-cü ildə ilk dəfə Avstriyaya səfər etmişəm. O, mənim həyatımda silinməz xatirədir. Bütün ölkələr gözəldir, amma ora mənim ilk səfər etdiyim ölkə olduğu üçün unudulmazdır. Orada elə meyvələr görmüşdüm ki, onlar Azərbaycana hələ indi gəlib çıxır. Hər bir ölkənin meyvə-tərəvəzi, geyimi fərqlidir.



- Elə bir ölkə olub ki, konsertdən əlavə şəhəri gəzəndə Azərbaycanı tanımasınlar?

- Mənim getdiyim ölkələrdə belə hal yaşanmayıb. O ölkələrdə yaşayan həmyerlilərimiz də var. Almaniyada dəfələrlə qastrolda olmuşuq. Bir dəfə bizi qonaq etmişdilər. Gözəl bəstəkarımız Polad Bülbüloğlu bizi Almaniyada elə gözəl bir yerə aparmışdı ki, mən hələ də oranı unuda bilmirəm. Adı yadımda qalmayıb, amma o yerlə bağlı təəssüratlarımı gündəliyimə qeyd etmişəm. Mən öz həyatımın gündəliyini yazıram. O yerlə bağlı bizə çox geniş məlumat vermişdilər. O cür səliqəni dünyanın heç yerində görməmişəm. Dünya böyükdür, bizim ölkəmiz bu qədər tanınıbsa, bu, böyük xoşbəxtlikdir. Bütün dövlətlərdə konsertlərimiz olub. Hər istiqamətdə ölkəmiz inkişaf edib, artıq ölkəmizin tanınmaması mümkün deyil. Bu bir az da insanlardan asılıdır. Məsələn, sənətçi yoldaşımla gedirəm, kimsə məni tanıyır, amma onu tanımır. Bu insanların maraq dairəsindən asılı olan bir şeydir.

- Sizcə, 1980-90-cı illərlə müqayisədə 2015-ci ildə mədəniyyət xadimlərinin ziyalılıq göstəriciləri azalıb, ya artıb? Sanki onlar özlərini ictimai fiqur kimi cəmiyyətə təqdim etməkdə çətinlik çəkirlər. Bunu nə ilə əlaqələndirmək olar?

- Belə deməzdim. Sadəcə, sənətçi sənəti ilə məşğul olmalıdır. Bu gün səhnə fəaaliyyətimi dayandırsam, müəlliməlik sənəti ilə də məşğul ola bilərəm, çünki öz sənətimi çox sevirəm. Yaxud səsi olan istedadlı gəncə dayaq ola bilərəm. Maddi cəhətdən tam dəstək ola bilməsəm belə, onunla sənət haqqında biliklərimi bölüşərəm. Çünki sənətçinin ən böyük missiyası sənəti yaşatmaqdır. Biz davam etdirməsək, bu sənəti kim yaşadacaq?! Mən bu gün də öz üzərimdə çalışıram, bilmədiyim şeyləri öyrənməyə can atıram. Ona görə ki, sənətə faydalar verə bilim. 



- Ölkədə baş verən hadisələrlə maraqlanırsınız?

- Sadəcə, izləyirəm, siyasi  məsələlərə qarışmıram. Yaxşı hadisələrin baş verdiyini görəndə qürur duyuram, fərəh hissi keçirirəm, pis hadisə baş verəndə çox üzülürəm. Mən nə qədər deyib-gülən insan olsam belə, bir o qədər də kövrəyəm.  Bir vətəndaş kimi ölkədə baş verən hadisələrlə maraqlanmaq lazımdır. Xalqımıza qarşı yanlış bir addım atılanda nifrət hissi keçirirəm. Axı biz bir xalqıq, əl-ələ tutmalı, bir birimizə dayaq durmalıyıq.

- Noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Seçkilərin nəticələri sizin üçün maraqlıdırmı?

- Əlbəttə, maraqlanıram. Hətta əvvəlki seçkiləri efirdən izləmişdim. Bununla maraqlanmaq lazımdır. Kimin nə dediyini, kimin hansı mədəniyyətin sahibi olduğunu, kimin nə izah etmək istədiyini, kimin xalqına nə ilə fayda verə biləcəyini, bunların hamısının şahidi olmaq maraqlıdır. Xalqa xeyri dəyəcək namizədlər deputat seçilməlidir. Mən rayonlarda təşviqat kampaniyasında iştirak etmişəm. Rayon camaatı yığılır, namizədlərlə görüşürlər, öz dərdlərini bildirirlər. Deputatın vəzifəsi əhalinin problemləri ilə maraqlanıb onların həllində yardımçı olmaqdır. Builki seçkilərdə də bir seçici kimi iştirak edəcəyəm. Kimə səs verəcəyimə hələ qərar verməmişəm. Özüm Yasamal rayonunda qeydiyyatdayam, lakin valideynlərim Şəkidə yaşadıqları üçün orda keçirilən seçkilərin də şahidi olmuşam.  

- Bu gün Şəki əhalisinin hansı problemləri var?

- Bizim kənddə qaz yox idi, artıq çəkilib. Yaxınlarda əhalinin istifadəsinə veriləcək. Deputatımız Cavanşir Feyziyev kəndə yol çəkilməsi üçün da səy göstərib. Kəndin giriş yollarına işıq çəkilib. Məktəblər tikdirilib.

- Bildiyim qədər siz də ara-sıra xeyriyyəçiliklə məşğul olursunuz. Bir az absurd sual verək: ümumiyyətlə, bir insan nəyə görə xeyriyyəçilik etməlidir?

- Çünki bu həmin insanın canında-qanında olur. Gəlirim çox olsaydı, heç dayanmazdım, istedadlı uşaqların hamısına dəstək olardım. Keçən illərdə Mənsum müəllimin “Gəncləşən muğam” layihəsi oldu, onu çox bəyəndim. Orada yalnız öz tələbələri deyildi, digər sənətçilərin də tələbələri iştirak edirdi. Əsas məqsəd istedadlı gəncləri ortaya çıxarmaq idi. Dövlət televiziyası “Muğam” müsabiqəsi təşkil edir. Bunun nəyi pisdir? O qədər istedadlı gənclər ortaya çıxır. Mənim tələbə olduğum illərdə də müsabiqələr keçirilirdi. Cabbar Qaryağdıoğlu adına, Xan Şuşinski adına müsabiqələrdə iştirak etmişəm. Mən Şövkət Ələkbərovanı,  Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu görmüşəm. Bu insanların hamısı bizim tariximizdir. Onların adına müsabiqələrin təşkil olunmasının nəyi pisdir? Bunun vasitəsilə onların adını yaşadırıq.

- Dilimizdə “qədir bilmək” deyilən bir anlayış var. Etiraf edək ki, Azərbaycanda elə sənətkarlar olub ki, onlara layiqli diqqəti görməyiblər...   

- Mən tələbə olanda “Azkonsert” vardı, filormoniyada fəaliyyət göstərirdi. Hər dövrün bu tipdə ansamblı, musiqi kollektivi olur. O vaxtlar Kifayət Gəncəli, Kəmalə Rəhimli, Zeynəb Dostəliyeva  kimi sənətçilərin birdən-birə səhnədən getməyi mənə də qəribə gəldi. Ola bilər, imkansızlıqdan irəli gəlib, yaxud özləri səhnədə çox qalmağı istəməyiblər. O dövrdə müxtəlif ansambllar fəaliyyət göstərirdi. İnanmıram ki, onlar bu ansamblara müracirət edib tanınmayaydılar.  Həmin sənətçilər bizim tariximizin yadigarlarıdır. Ustadım Kamil müəllimə hansı müraciət etsəydi, onlara mahnı yazıb efirə çıxarardı. Bəlkə bu onların ağlına gəlməyib. Səhnə maliyyə tələb edir. Geyimin gözəl olmalıdır, studiya haqqı var. Səhnə köklüyü sevmir, formada olmaq lazımdır. Repertuarın zəngin olmalıdır, elə mahnı seçməlisən ki, diqqət çəksin. Retro mahnılara da müraciət etmək lazımdır. Öz oğluma da məsləhət görürəm ki, yeni mahnılarla yanaşı, retro musiqilərə də müraciət etsin. Mən “Düymələr” mahnısını ifa edəndə hamı bəstəkarı ilə maraqlanmışdı. Bu Zaqatalada xalq mahnısıdı. Bu mahnını fonddan tapıb ifa etmişdim. Bunu da mənə öz ustadlarım məsləhət görmüşdü. Hər sənətçi mahnını başqa cür dinləyiciyə çatdırır.







Elmin NURİ

Türkan BƏŞİR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü