Modern.az

“Gənc Ədiblər Məktəbi 2”nin məzunları hiddətləndi: “Hamı görəcək biz kimik”

“Gənc Ədiblər Məktəbi 2”nin məzunları hiddətləndi: “Hamı görəcək biz kimik”

Ədəbi̇yyat

28 Oktyabr 2015, 16:08

Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin  nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi 2”yə yekun  vuruldu. Yekunda “məktəb”in 50 üzvünə diplomlar verildi. Lakin sosial şəbəkə və onlayn mediada buna reaksiya birmənalı olmadı. Gündəmə gəlmək xatirinə  bir neçə gənc yazar bu buraxılışdakı gənc ədibləri zəif yazmaqda, az qala hər birini ədəbi cameədə tanınmamaqda suçladı. Bir qism etirazçı isə elə diplom alan 50 üzvün arasından çıxdı. Onlar guya, qeyri-adi jest edərək diplomlarından imtina etmək istədilər.
“Gənc Ədiblər məktəbi 2”nin məzunları Modern.az saytına verdikləri açıqlamda bu ironiyalı münasibətə cavab veriblər.
İkinci buraxılışın koordinatoru gənc yazar Emin Piri mənasız yerdə söz deməkdənsə, sırf mədəni formada intellektual və yaradıcı debatların keçirilməsinə üstünlük verir:

“Cəmiyyətimizdə səs-küyə qəribə maraq var. Həmin insanın məşğul olduğu sahə qalır bir yanda, onun necə səs-küy yaratmasına diqqət ayrılır. Əgər səs-küy istedad amilidirsə, onda öküzlər ən istedadlılardır bizim cəmiyyətdə. Sadəcə bəzilərində yaranan qısqanclıq və paxıllıq hissi bunu qəbul etməyə mane olur. Adamlar 50 il bundan qabaqkı nəsillə mübarizə apardıqlarını bildirirlər, amma özlərindən cəmi 2-3 il sonra gələn ədəbi nəsli görəndə havalanırlar. Bu adamların səmimiyyətinə necə inanmaq olar? Yaxşı olar ki, bunu deyən şəxslərlə canlı debat olsun və sırf bədii mətnlər müzakirə, müqayisə olunsun. Bax, buna varam. Yoxsa boş-boşuna çənə yormağa dəyməz”.

“Gənc Ədiblər məktəbi 2”nin daha bir məzunu, Modern.az  saytının əməkdaşı Elmin Nuri mənfi reaksiyanın o qədər də önəmli bir şey olmadığını, yalnız yazmaq və  inkişaf etmək barəsində düşündüyünü deyib:

“Bu məsələyə qəti münasibət bildirmək istəmirdim. Çünki gənc ədibləri məzəmmət edən kəslərin demək olar ki, heç birini o qədər də çox istedad sahibi hesab etmədiyimdən onlara cavab verməkdən vaz keçirdim. Amma görünür, danışmaq lazımdır. Bu buraxılışda diplom alan məzunlardan biri kimi deyə bilərəm ki, nə AYB, nə də GƏM heç kimdən xahiş edərək öz sıralarına qoşulmasını istəməyib. Kim gəlibsə, demək onun özü burada nəsə yaradıcı maraq hiss edib. Heç bir qurum insanı yaradıcı fərd kimi yetişdirə bilməz. AYB yalnız istedadlı kəslərə təkan və istiqamət verə bilər. AYB və onun gənclər katibi Rəşad Məcid istedadlı gəncləri istiqamətləndirmək, gənclər arasındakı ədəbi əlaqələri genişləndirmək və  onları ədəbi mühitə adaptasiya etməkdir. Əgər hər hansı istedadsız gənc onlara müraciət edirsə, bu artıq həmin gənclərin öz problemidir. Amma xüsusilə bunu bildirim ki, Azərbaycanda hələ başqasına “sən heç nə yaza bilmirsən” deyəcək qədər püxtələşmiş gənc yazar yoxdu. Bircə nəfər də olsun yoxdur! Hamı bu gün püxtələşmə yolunu keçir. Kimi bir az çox keçib, kimi bir qədər az. Amma hamı keçir. Bu konfliktin əsas aparıcı qüvvəsi Kəramət Böyükçöl isə ümumiyyətlə bu yola baş vurmayıb. Kiminləsə konfliktdə olmaq bir yazar üçün sadəcə olaraq vaxt itkisidir. Odur ki, mən öz növbəmdə gənc ədiblərin ikinci buraxılışdan olan məzunlarını bu cür konfliktlərə yox, mütaliəyə və yazmağa səsləyirəm. Yalnız belə olan şəraitdə hamı görəcək ki, biz kimik”.

Türkan Bəşir 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir