92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva dünən rayon Mədəniyyət evində idarə, müəssisə və təşkilatların kollektivləri ilə görüş keçirib. Görüşdə rayon Mərkəzi Xəstəxanasının, Mərkəzi Kitabxananın, Musiqi Məktəbinin, “Əkinçi”qəzetinin, Səhiyyə şöbəsinin, Sanitar-Epidemioloji Stansiyanın, Sosial Müdafiə Şöbəsinin, Məşğulluq Mərkəzinin, Qaz İstismarı İdarəsinin, Kommunal Müəssisələr Kombinatının, Enerji Satış Birliyinin, Bitki Mühafizə Stansiyasının, Baytarlıq İdarəsinin kollektivləri, eyni zamanda Qumlu yaşayış massivinin, Təzəkənd və Qoşaoba kəndlərinin sakinləri, özəl təsərrüfatçılar, iş adamları iştirak ediblər.
Ümumilikdə görüşdə 1000-ə yaxın seçici iştirak edib. Görüşdə çıxış edən rayon Mərkəzi Kitabxanasının müdiri Gülnaz Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Nailə Əliyeva, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adil Rəhimov, sahibkar Telman İsmayılov və başqalrı deputatlığa namizəd Jalə Əliyevanın ötən beş il ərzində rayon üçün gördüyü işlər haqqında məmnunluqla söhbət açmışlar. Çıxışçılar, millət vəkili Jalə Əliyevanın Zərdabı və zərdablıları Azərbaycan Respublikasının Milli Məclisində ləyaqətlə təmsil etdiyini, seçicilərini hər zaman diqqətlə dinlədiyini, hər bir seçicisinə açıq və səmimi olduğunu qeyd etmişlər. Görüş iştirakçıları 2005-ci ildə olduğu kimi, bir daha seçimlərinin Jalə Əliyeva olduğunu qeyd etmiş, deputatlarına bu gün də beş il əvvəlki kimi inandıqlarını bildirmiş, seçki günü bir nəfər kimi məhz Jalə Əliyevaya səs verəcəklərini vurğulamışlar.
Çıxışçılar, problemləriylə bağlı olaraq bu günə qədər olduğu kimi, bundan sonra da millət vəkilinin onların yanında olacağına inandıqlarını dilə gətiriblər. Bu gün isə Jalə Əliyeva Suvarma Sistemləri İdarəsinin kollektivi ilə görüş keçirib. Görüş iştirakçıları Jalə Əliyevanın fəaliyyətindən razı qaldıqlarını çatdıraraq, birmənalı olaraq ona səs verəcəklərini bildiriblər.
|
|
|
|
|
|
|