Asim Mollazadə seçicilərlə görüşündə neft gəlirlərinin düzgün istifadəsi, maaşların artması, gənclərin ev probleminin həlli və ekoloji qidalarla bağlı fikirlərini bölüşüb
Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən 22 saylı Nəsimi 2-ci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asim Mollazadə seçicilərlə növbəti görüşünü keçirib.
«Dostluq» kinoteatrında seçki kampaniyası çərçivəsində keçirilən görüşdə namizəd önəm verdiyi sahələrə diqqət çəkib: «Ölkəmiz inkişaf edir, enerji daşıyıcılarından gələn gəlirlər sayəsində Azərbaycanın bir sıra sahələrdə geniş imkanları yaranır. Biz bu imkanlardan insanlarımızın savadlanması, sosial cəhətdən yaxşı təmin olunması üçün istifadə etməliyik. Mən demirəm ki, biz neftin pullarını camaata paylayaq, bununla da iş bitsin. Sabah neft qurtaranda bunun yerini nə dolduracaq?! Biz istəyirik ki, bü günkü neft gəlirlərini gələcəyimizə investisiya şəklində qoyaq. Bunun üçün ilk növbədə gənclərimizin maariflənməsinə, dünya gəncləri ilə rəqabət apara biləcək səviyyədə hərtərəfli inkişaf etməsinə ehtiyac var. Təhsilə paralel olaraq onlar peşə öyrənməlidirlər. Bu gün ölkədə yaxşı mühəndislərə, informasiya texnologiyaları, turizm sahəsində mütəxəssislərə, ən azı normal binalar tikə biləcək ustalara, aqrar sektorda çalışacaq peşəkarlara ehtiyac var. Şərt deyil ki, hamı universitet qurtarsın. Bizə universitet diplomlu savadsızlar ordusu deyil, peşəkar mütəxəssislər ordusu lazımdır».
Hər zaman məsuliyyətli azadlığın, məsuliyyətli sözün tərəfdarı olduğunu vurğulayan A.Mollazadə deyib: «Maaşları on dəfə qaldırmaq lazım gəldiyini deyənlər, bunun müqabilində qiymətlərin neçə dəfə qalxa biləcəyini, inflyasiyanın hansı həddə çatacağını hesablamırlar. Biz də istəyirik ki, müəllimlərin, həkimlərin, büdcədən maliyyələşən digər humanitar peşə sahiblərinin maaşları, aztəminatlılara ayrılan müavinətlər artırılsın. Amma bunun kor-koranə edilməsinə qarşıyıq. İstəmirik ki, artan maaşları artan qiymətlər yesin. İstəyirik bu sahələrdə sistemli islahatlar aparılsın və maaşlar, müavinətlər də həmin təbəqələrin ləyaqətli həyatını təmin edəcək səviyyədə olsun».
A.Mollazadə Azərbaycanda çoxluqda olan gənclərin qayğılarından bəhs edərkən - «Hər bir Azərbaycan vətəndaşının və hər bir gənc ailənin ev təminatı ilə bağlı müvafiq dövlət proqramı olmalıdır. Artıq dünyadakı maliyyə böhranı bitmək üzrədir. Deməli, gənc ailələr üçün ipoteka barəsində düşünmək lazımdır. Bazar iqtisadiyyatının verdiyi imkanlardan, dünya təcrübəsində sınanmış üsullardan istifadə edərək vətəndaşlarımızın evlə təminatına çalışmalıyıq» - deyib.
Namizəd ölkəmizin ekoloji vəziyyətinə və ekoloji qidalar məsələsinə də toxunub. O qeyd edib ki, vətəndaşların sağlamlığının qeydinə qalmaq üçün qida təhlükəsizliyinə riayət etmək vacibdir. Bununla yanaşı, Azərbaycanda aqrar sektoru inkişaf etdirmək lazımdır ki, ölkənin ekoloji cəhətdən şübhəli olan, genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsullarını idxal etməyə ehtiyac qalmasın. «Vaxtilə Azərbaycan keçmiş SSRİ-nin bir sıra respublikalarını kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. İndi isə biz həmin məhsulları xaricdən almağa məcburuq. Ona görə də kənd təsərrüfatı sisteminin köklü islahatı aparılmalı, ölkəmiz sağlam gələcək üçün sağlam qida rejiminə riayət etməlidir» - deyə A.Mollazadə əlavə edib.
Sonda namizəd seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçki qərargahı