«Parlament üzvü olmaq öz üzərinə müxtəlif vəzifələri götürmək deməkdir. Bu mənada ilk vəzifə təmsilçilikdir və ötən dövr ərzində bərdəlilərin mövqeyini Milli Məclisin tribunasına daşıdım, eyni zamanda, müxtəlif məsələləri ictimailəşdirərək hökumət, dövlət strukturlarının diqqətinə çatdırmalı oldum».
Bu fikirləri 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc dilə gətirib. Onun sözlərinə görə, ölkənin ictimai-siyasi həyatına bağlı proseslərə qiymət verərkən də, bu təmsilçilik missiyasını daim yerinə yetirməyə çalışıb. O eyni zamanda qeyd edib ki, parlamentin beynəlxalq əlaqələrinin formalaşması, eləcə də Azərbaycanın xarici maraqlarını bu müstəvidə təmsil etmək baxımdan müəyyən zəhmət sahibidir.
«Düşünürəm ki, bütün bunlarla yanaşı, parlament üzvü əldə etdiyi bu nüfuzu və ictimai tanınmanı sonrakı dönəmdə seçicisinə, yerli əhaliyə xərcləməli, yönəltməlidir. Bu mənada media strukturları-o qüvvələr ki, daim parlament üzvlərinin fəaliyyətini qiymətləndirirlər, onların nöqteyi-nəzərində ilk onluqda olan bir insan kimi əldə etdiyim nüfuzu Bərdənin müxtəlif ictimai qayğılarının, problemlərinin həllinə yönəltməyə çalışdım. Məsələn, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla bölgəyə gələrək telefonlaşma ilə bağlı problemlərin həllində, telekommunikasiya qovşağının təmirindən tutmuş müxtəlif kəndlərin yeni ATS qurğuları ilə təminatında iştirak etdim. Vaxtilə telefonlaşma faizi 50 faiz olan dairədə indi bu rəqəm 96 faizə çatıb. Daha sonra, Bərdənin, Qarabağın ən böyük problemi olan qaz təchizatındakı problemlərin həlli üçün «Azəriqaz»ın keçmiş rəhbəri Əlixan Məlikovla bölgəyə gəldim. Çox sağ olsun, dövlətimiz, hökumətimiz bu sahədəki real vəziyyəti qiymətləndirərək çox ciddi addımlar atmış oldu. İndi Bərdə şəhərinin qaz təchizatı, o cümlədən 16 kəndin qazlaşdırma işləri tam həyata keçirilib. Bu yerlərdə iki, üç ilə yaxındır ki, əhali artıq qaz sarıdan problemlərlə üzləşmir. Hesab edirəm ki, bu işlərin görülməsində bir misqal da olsa, zəhmət sahibiyəm».
Z.Oruc həmçinin qeyd edib ki, bu bölgənin irriqasiya sistemləri həm də dövlətin həyata keçirdiyi tədbirlər sayəsində qurulmuş, yeniləşmişdir: «Bu dövr ərzində insanlar bunu da bir vəzifə kimi qarşımıza qoydular və hər görüşdən sonra biz onu hökumət strukturlarına çatdırırdıq. Şükürlər olsun ki, bu sahədə də ciddi addımlar atılıb. Bu müddət ərzində, hökumətlə, dövlət strukturları ilə əməkdaşlıq Bərdənin xeyrinə işləyib və ən mühüm məsələlərdən biri kimi insanların arzusu - parlament üzvü ilə özü arasında bufer zonasının yaranmaması, keçilməz səddin qurulmaması, necə deyərlər, onun əlçatan, ünyetən olmasıdır. Bir parlament üzvü kimi Bərdəyə üz tutarkən daim insanların ayağına getmişəm və vətəndaş, yəni, xalq öz ayağına gələni də həmişə qaldırır».
Z.Oruc bildirib ki, yenidən namizəd olduğu dönəmdə də bir daha bunun canlı şahidi olub, insanların rəğbəti ilə qarşılanıb: «Ağbirçəklərin, ağsaqqalların, gənclərin görülən işlərə nə qədər rəğbətlə yanaşdığını çox açıq şəkildə gördüm, həmçinin heç bir ssenari cızmadan, heç bir xüsusi rejim yaratmadan, nəyisə yönləndirmədən seçicilərlə çox səmimi, şəffaf qaydada görüşlərim oldu. İndiyə kimi, 34-ə qədər kənddə görüşlərimiz keçirilib, o cümlədən, Bərdə şəhərində izdihamlı, böyük tədbirlərimiz reallaşıb. Bunlara ATƏT-in müşahidəçi nümayəndələri də qatılmışdılar. Düşünürəm ki, onlar da dediyim həqiqətləri gördülər. Bərdədə indi real seçki vəziyyəti bundan ibarətdir. Lakin onu da soruşa bilərsiniz ki, bəs qarşı cinahın namizədləri bu müddət ərzində hansı işləri həyata keçirirlər? Mən bu mənada sadəcə bir ideologiya təmsilçisi olduğumdan və məlum platformanı təmsil etdiyimdən kiməsə bu fərqə görə rəqib olardım. Əks halda kimisə özümə alternativ və rəqib saymıram. Çünki vətəndaşların maraqları, mənafeləri, onların rəğbəti uğrunda çalışıram. Ancaq, müxalif cinahın təmsilçisi kimi özlərini qeyd edənlər daha artıq dərəcədə gözləmə mövqeyi tutaraq özlərinə bəlkə də bəlli olan və olmayan səbəblərdən ciddi gecikmələrlə seçkilərə start verdilər. 12 gün sonra namizədliklərini irəli sürüblər, 16 günə imza toplayıblar, təşviqat mərhələsinin əsas hissəsi 15 gün geridə qaldığı bir dönəmdə - konkret olaraq noyabrın 1-i tarixində görüşlərə başlayıblar. Bu üç görüşün də hər birinə 3-4 və ya 6 nəfər gəlib. Bu, seçicilərin, vətəndaşların onlara münasibətinin, daha artıq dərəcədə onları boykot etməsinin xüsusi göstəricisidir. İnsanlar öz yanlarında bu şəxsləri görməyiblərsə, heç olmasa, bir müxalifət «ağacı» əkərək onun kölgəsində 5-10 adamın dincəlməsinə imkan yaratmayıblarsa, BMT-yə, ATƏT-ə ermənilərdən şikayət etməyiblərsə, daha artıq dərəcədə özlərinə bəlli olan o saxta sənədlə - Avropa Məhkəməsində çıxarılan sənədlə - orada da seçkilərin nəticələri təftiş olunarkən kiminsə qalibiyyətinə deyil, onların özlərinin iddiası üzərinə xətt çəkilib - seçki mübarizəsinə qatılmazlar. Mənim aləmimdə sərt alınsa da deməliyəm ki, onlar mənəvi-psixoloji və ruhi bir sarsıntı vəziyyətindədirlər. Çünki hər yerdə insanların son dərəcə sərt mövqeyini gördükcə, onlara yeganə virtual bir məkanda, media müstəvisində təhqir və böhtan demək qalır. AXCP-Müsavat təmsilçisinin real isterik vəziyyəti bundan ibarətdir. Dediyim kimi, Avropa Məhkəməsinin qərarını saxtalaşdıraraq onu cəmiyyətə sırımaq mövqeyi seçki mübarizəsi sayıla bilməz. Halbuki Avropa Məhkəməsi vasitəsilə Azərbaycandan 200 min dollar qoparmağa çalışıblar vı o iddia ləğv edilib. 30 min manatı guya ki, seçki ofisinin tutulmasına xərcləyiblər, kampaniya aparıblar, onun da üzərinə xətt çəkilib. Bütövlükdə məğlublara son sığınacaq yeri olan məhkəmə də bunları xilas etməyib və edə bilmir. O dövrdə xərclədikləri 5-10 min manat o adamları depressiv və məzlum vəziyyətə salıb. İndi nə edəcəklərini bilmirlər. Özlərini itirdiklərindən bir yol tapmaq müşkülə çevrilib. Edəcəkləri böhtan və sər qalır ki, bu da siyasət deyil. Mən onların kiçiklərini deyil, böyüklərini mübarizəyə çağırıram. Haaqa Tribunalına, istəsələr Pan Gi Muna nümayiş etdirməyə hazıram ki, bu mübarizənin halal qalibi Zahid Oruc olacaq. Gərəkdirsə, gələcək dövr üçün onlara psixoloji dəstək də verilə bilər».
«Ən böyük məhkəmə xalqın iradəsi, seçicinin mövqeyidir» - deyən, deputatlığa namizəd, bu cür insanların əhali qarşısında üzüqara olduğunu da iddia edib. Z.Oruca görə, hətta, ən yaxın insanlar belə onlara indi itaətsizlik göstərməkdədirlər.
«Mən BMT-ni, ATƏT-i, Avropa Şurasını və digər beynəlxalq qurumları çox normal, halal şəkildə keçirilən seçki prosesinə, seçki gününə müşahidə aparmağa dəvət edirəm. Sizi əmin etmək istəyirəm ki, bu mübarizənin də qalibi əhalinin mövqeyi və Allahın yardımı ilə Zahid Oruc olacaq» - deyə, deputatlığa namizəd sonda bildirib.
Zahid Orucun Seçki Qərargahı