Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” – “Atları yəhərləyin” filminin məşhur ifadələri: “Elin də o başı, bu başı olmaz” - RUBRİKA

“Məşhur filmlərdən məşhur sitatlar” – “Atları yəhərləyin” filminin məşhur ifadələri: “Elin də o başı, bu  başı olmaz” - RUBRİKA

31 Oktyabr 2015, 09:55

“Tənha quş yuva bağlamaz, lap qartal da olsa”

Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar”  rubrikasında bu dəfə 1985-ci ildə lentə alınan və iki dəfə adı dəyişdirilərək sonda “Atları yəhərləyin” kimi qalan, amma el arasında bu gün də “Qaçaq Nəbi” kimi tanınan filmin məşhur ifadələrini təqdim edəcək.

“Qaçaq Nəbi” filmi 1985-ci ildə çəkilməyə başlayıb. 

Filmin ssenari müəllifləri Süleyman Rüstəm, Əhmədağa Muğanlı, quruluşçu rejissoru Əbdül Mahmudov, Həsənağa Turabov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Kamil Nəcəfzadə, bəstəkar Emin Sabitoğlu, səs operatoru Əsəd Əsədov, mahnıların mətni Eyvaz Borçalı, mahnı ifa edən  Niyaməddin Musayev və “Qarabağ bülbülləri” ansambılının üzvlərindən biridir.

Rollarda Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov və başqaları çəkilib.

Film Moskvada çox böyük narahatlıqla qarşılanıb. Buna səbəb isə onsuz da bir neçə dəfə dəyişdirilən ssenaridə milli ideyaların qabardılması olub.

Qeyd edək ki, 1985-ci ildə çəkilməsinə baxmayaraq, Azərbaycan-erməni münasibətləri və ermənilərin azərbaycanlıların tarixi torpaqlarına göz dikməsi kimi detallar filmdə o zaman çılpaqlığı ilə  öz əksini tapıb. Lakin zamanın və rejimin qaydalarına əsasən film hazır olandan sonra mərkəzə təqdim edilib.

Elə oradaca soyadını dəyişərək Medvedov olan bir erməni üzündən həmin kadrlar çıxarılıb. Film bu gün çox sevilsə də, əslində Azərbaycan kino tarixinin şikəst olunan filmlərindən sayılmalıdır.

Çünki burada Süleyman Rüstəmin ssenarisindəki bəzi tarixi faktlar “yuxarı”lar tərəfindən təhrif edilib.

İş o yerə çatıb ki, Süleyman Rüstəm, Rəsul Rza, İmran Qasımov kimi ziyalılar Mixail Qorboçova bu filmə görə  teleqram da vurublar. Məsələn, filmdə erməni qadınları elə erməni kişilərinin onlara qarşı olan hörmətsizliyindən bezib Qaçaq Nəbinin yanına şikayətə gəlir.

Rejissorun dediyinə görə, təkcə o səhnədə sonradan öz təsdiqini tapan bir çox tarixi detallar gizlənirdi. Çox təəssüf ki, filmdən o kadrlar silinib. Buna baxmayaraq “Qaçaq Nəbi” filmi bu gün də sevilir, filmin bəzi sitatları bu gün də çox məşhurdur.


Həmin sitatları təqdim edək:

Filmin əsas obrazı təbii ki, Nəbi obrazıdır (Həsən Turabov). O, həm şücaətinə görə fərqlidir, həm də sadə el övladlarından biridir. Özünü eldən heç zaman ayırmır. Bir-iki məşhur ifadə də bu bağlılığı göstərən zaman yaranıb. Birinci təbii ki, filmin vizit kartı sayılan bu məşhur sitatı səsləndirmək lazımdır: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdı. Elin də o başı, başı olmaz”.  Bu ifadənin həm ssenaridə, həm də filmdə saxlanılması yaradıcı heyətdən böyük cəsarət tələb edirdi.  Lakin Əbdül Mahmudbəyov özünün Cənubi Azərbaycan sevgisini  ustalıqla əks etdirə bilib.

“Tənha quş yuva bağlamaz, lap qartal da olsa”,  “Elin igid oğlu özünə toy elədi, gələn də olmadı”, “Əgər atı aparsam, çörək gözümü tutar”, “Hələ gör neçə il də vuruşmalıyıq ki, bu camaat bir ağ gün görsün” sitatları məşhur olduqları qədər də Qaçaq Nəbinin elə nə qədər bağlı olduğunu əks etdirir. “Niyə belə etdi, niyə?! Axı o rəiyyət içindən çıxmışdı” sitatı ilə də hər şeyi el-oba ilə bağlayır.

Mirzənin (Eldəniz Quliyevin) həmin sitata cavab olaraq dediyi, “sapı özümüzdən olan balta düşmənin özündən də qorxuludur” fikri bu gün də yeri gələndə işlədilir.

 “Qılınc qınını kəsməz”,  “Müsəlmanın qənimi elə müsəlmandı” zərbi-məsəlləri də bu filmdə səsləndirilib. Sitatların müəllifi qubernator və Qafqaz canişinidir.

Elə həmin müsəlmanların ünvanına işlədilən məşhur “aparsınlar da, it aparan olsun” ifadəsinin müəllifi isə Nəbinin mallarını alaraq kasıblara payladığı tacirlərdən biridir. Maraqlıdır ki, həmin taciri peşəkar aktyor yox, məşhur yazıçı İsi Məlikzadə canlandırır.

Filmdə səsləndirilən başqa məşhur ifadələr:

Tunc Vəli (Gümrah Rəhimov) filmdə çox maraqlı obrazlardan biridir. O, mərd olduğu qədər də, saf insandır. “Bizdən yaz e, qoy görsünlər ki, analar necə oğullar doğub e”, “yetimin yekəsi elə mən özüməm”, “sən öl, ananı ağlar qoyaram” kimi sitatlar Vəlinin hesabına məşhurlaşıb. Bu gün də onlardan istifadə olunur.


Amma Tunc Vəlinin iki epizodda işlətdiyi sitatlar isə bu gün daha məşhurdur:

“Koxa canuvu dərd-azar alsın, süpürgə bığların soxaya qalsın”.

Rasim Balayevin canlandırdığı naçalnik Səlim bəy obrazı da filmdə ən əsas konflikt mənbələrindən biridir. Bir nçə məşhur ifadənin də müəllifi Səlim bəydir:

“Düşmən də olsaq, haqlısan”;

“Kişinin qoluna qandalı gərək kişi vursun”;

“Arvad kimi nə yaşmanıbsan?!”

“Səni göndərəcəklər gedər-gəlməzə, atovun sümüklərini ziyarət etməyə”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!