Modern.az

Türkiyə seçkidən sonra - Sultanlığa gedən Ərdoğan

Türkiyə seçkidən sonra - Sultanlığa gedən Ərdoğan

Dünya

2 Noyabr 2015, 18:13


Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri Ədalət və İnkişaf Partiyasının (AKP) tam qələbəsi ilə başa çatdı. 54 milyon seçicinin səslərinin 49,4 faizini toplayan partiya, iqtidarda olduğu 12 il ərzində ona qarşı güclü siyasi qüvvənin hələ də formalaşmadığını sübut etdi. 550 yerlik parlamentdə 316 deputat kreslosuna sahiblənən AKP yaxın 4 il ərzində təkbaşına yeni hökumət formalaşdırmaq hüququ əldə etdi. Amma budəfəki seçkilərin ən önəmli tərəfi sıravi türklərin ölkənin prezident respublikasına çevrilməsinə normal baxmasından ibarətdir.

Çünki öncədən aydın idi ki, prezident Rəcəb Tayyip Ərdoğan ölkənin idarə olunmasında əsas səlahiyyətlərin baş nazirdən prezidentə verilməsində maraqlı idi.

Doğurdan da, seçkilərin nəticələri elan olunar-olunmaz Əhməd Davudoğlu bütün siyasi partiyaları yeni Konstitusiya dəyişikliyi üçün müzakirələrə çağırdı. Son illər tez-tez seçkilərə gedən türklər görünür ki, yaxın 1,5-2 il ərzində yenidən – bu dəfə Konstitusiya dəyişikliyi üçün seçki qutularına yaxınlaşmalı olacaq. Seçkilərdə asan qələbə qazanılsa da, AKP konstitusion dəyişikliyə sanksiya verəcək mütləq çoxluğu – 330 deputat mandatını əldə edə bilmədi. Məhz buna görə yeni Konstitusiya layihəsinin və sonrakı referendumu təşkil etmək üçün iqtidar partiyasına yeni müttəfiq lazım olacaq. 

Amma mahiyyəti etibarilə despotik  və impulsiv bir siyasətçi olan Ərdoğan demək olar ki, bütün müxalifət partiyaları ilə arasında körpünü yandırıb. Seçkiöncəsi ittihamlar, qarşılıqlı suçlamalar və bəzən də ideoloji fərqlərin qabarıqlığı onlara ortaq nöqtə tapmada mane olan amillər idi. Solçu və liberal görüşlərə malik Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdar sayında və nüfuzunda AKP-yə zəif düşüb. Etiraf etmək lazımdır ki, Ərdoğan Kamal Kıllıçdaroğlundan daha xarizmatik və inandırıcı təsir bağışlayır. Məhz siyasət səhnəsində özünə layiqli rəqib tapa bilmədiyi üçün Ərdoğanın prezidentliyə gedən yolu rahat olacaq. CHP olmasa da, AKP-yə konstitusion dəyişiklik etmək üçün Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasından (HDP) bir neçə səs gələ bilər.

Əgər Ərdoğanın planları baş tutarsa və o, prezident səlahiyyətlərini genişləndirə bilərsə, Atatürk respublikası özülündə duran respublikaçılıq, demokratik ənənələrindən daha da uzaqlaşmış olacaq. XXI əsrin Türkiyəsi regionun ən iri dini dövrlərinə çevriləcək ki, bu da ölkə daxilinədki radikal qütbləşməni vətəndaş müharibəsi həddinə çatdıracaq. Mətbuata təzyiqlər, siyasi müxalifətin ölkə həyatlındakı rolunu məhdudlaşdırmaq, inzibati maneələr və s. AKP ilə müxalif partiyalar arasında ciddi uçurumlar yaradıb.

Amma istənilən halda, 7 iyun seçkilərindən sonra yaşanan qeyri-sabitlik, 2 qanlı terror aktı, iqtisadi göstəricilərin pisləşməsi, Rusiya ilə münasibətlərin soyuqlaşması və s. sıravi vətəndaşları AKP-nin sabitlik adası olması ideyasına yönəltdi. 90-cı illərin qeyri-sabiq koalision hökumətləri, terror dalğası və iqtisadi böhranları AKP-nin Türkiyənin siyasət platformasında qeyd-şərtsiz hegemon olmasına səbəb verdi. Lakin əksər tarixi şəxsiyyətlər kimi qazandığı uğurlardan başı gicəllənən Rəcəb Tayyip Ərdoğan ölkəsini prezident respublikasına apararsa, tədricən diktatora çevriləcək.

Bu baş versə, heç bir iqtisadi inkişaf göstəriciləri və beynəlxalq prestijin qalxması vətəndaşların daxili azadlıq hisslərinin qarşısını ala bilməz. İstanbulun Gezi parkında baş verən aksiyalar məhz bunun ilk, zəif lakin real siqnalı idi.

Vüqar İsmayılov   

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi