Modern.az

MHP yalnız başqanına deyil, məfkurəsinə də yenidən baxmalı!

MHP yalnız başqanına deyil, məfkurəsinə də yenidən baxmalı!

3 Noyabr 2015, 10:50

1 noyabrda keçirilən Türkiyə  Böyük Millət Məclisinə (TBMM) seçkilərdə  AKP (Adalet ve Kalkınma Partisi) böyük uğur əldə edərək təkbaşına hakimiyyətə gəlməyi bacardı. Belə ki, Parlament seçkilərində Türkiyə seçiçilərinin təxminən 49%-i AKP-yə, 25%-i CHP-yə (Cumhuriyet Halk Partisi), 12%-i MHP-yə (Miliyyetçi Herekat Partisi) və 11%-i HDP-yə (Halkların Demokrasi Partisi ) etimad göstərdilər. Bunun nəticəsi olaraq TBMM-də AKP 317, CHP 134, HDP 59 və MHP isə 40 millət vəkiliylə təmsil olunacaq.

Bu ilin 7 iyununda keçirilən Parlament seçkilərində seçicilərin 16% səsini alaraq 80 millət vəkili yeri qazanan MHP-nin ugursuzluğu göz önündədir. Deməli, 1 noyabr seçkisində 2 milyon seçici MHP-dən üz döndərib. Bununla da MHP 7 iyun seçimləriylə müqayisədə TBMM-də 40 millət vəkili yerini itirdi. Bizcə, MHP-nin bu uğursuzluğunu yalnız partiyanın başqanı Dövlət Baxçəli ilə bağlamaq  doğru deyildir. MHP-nin 1 noyabr seçkilərində bu qədər ugursuz bir yol izləməsinın əsas səbəbi partiyanın ideyaları ilə bağlıdır. Daha doğrusu, MHP-nin zahirən bir yolu, yəni İslam-Türk məfkurəsi ortada olduğu halda, əslində həmin məfkurəni hansı formada həyata keçirilməsiylə bağlı konkret taktikasının, strategiyasının olmamasıdır.  Bu anlamda MHP yalnız başqan məsələsinə deyil, partiyanın strategiyasına da yenidən baxmaq zorundadır. Yəni MHP, özəlliklə AKP və CHP-dən fərqli olaraq nə istəyir?


Ümumiyyətlə, MHP Parlament seçkilərində AKP və CHP bir yana qalsın, əgər HDP ilə mücadilə etmək zorunda qalıbsa, bu o deməkdir ki, bu taktikayla heç bir zaman başarıya varmayacaq. Bu anlamda  MHP-nin mücadiləsi öncə özü, yəni öz  ilkələrini dəqiqləşdirmsi olmalıdır. Əgər bu gün MHP İslam-Türk məfkurəsindən yola çıxırsa, bunu da aydınlıq gətirməlidir.  Bu baxımdan Azərbaycanda və Türkiyədə də bir çoxları hesab edir ki, MHP-nin seçkilərdə ugursuzluğunun əsas səbəbi istər Türkiyədən kənardakı, istərsə də Türkiyə türklərinə münasibətdə nə istədiyini dəqiqləşdirə bilməməsidir.  Məncə də, "Dış Türklər" (Azərbaycan türkləri, Uyğurlar, Krım türkləri, Kərkük türkləri, Türküstan türkləri vəb.) bir yana qalsın, MHP heç Türkiyə türklərinin də əsasən, nə istədiyini bilmir. Belə ki, Türk-İslam məfkurəsi adı altında MHP gah İslam miliyyətçisi, gah Türk milliyətçisi olur. Bu da, istər-istəməz problemlər yaradır. Yəni Türkiyə türkləri tam anlamırlar ki, MHP-nin tutduğu yol daha çox türklüklə, yoxsa islamlıqla bağlıdır. Əgər MHP bir türk miliyyətçisi partiyasıdırsa, o zaman onun ideolojisində İslam dininin çox önəmli bir yer tutmasını nə ilə izah etmək olar?!

Üstəlik,  bu işi, yəni Türklük və İslamlığın bütünlüyü məsələsini AKP daha yaxşı təşkil etmişdir.  Doğrudur, AKP türk  Türk islamçısından daha çox islamçı türk kimliyindən, bəzən də sadəcə, İslam kimliyindən çıxış edir. Digər tərəfdən, AKP-nin əlində güclü mediya vardır ki, Türk xalqını qandırmaqda bu da mühüm rol oynayır. Belə ki, MHP-nin özünü Türk seçicilərinə anlatmaması üçün kifayət qədər problemlər yaradılır. Mən də bunu, yaxşı anlayıram. Amma əgər bu gün Türk-İslam məfkurəsinə əsaslanan MHP-nin gücü yalnız HDP-ylə mücadiləyə belə çatmırsa və HDP TBMM-də millət vəkili sayına görə onun önünə keçmişdirsə, deməli MHP-də ciddi problemlər vardır. Əgər MHP Türkiyədə iqtidar olmaq əvəzinə HDP-yə qarşı mübarizə aparan bir partiya halına düşmüdürsə, o zaman MHP-yə seçici nə üçün səs verməlidir? Ancaq ona görə ki, Parlamentdə kürdləri, erməniləri təmsil edən HDP varsa, onunla mübarizə aparan MHP də olmalıdır. Türkiyədən mənə yazılan buna oxşar onlarla fikirlər də hər şeyi ortaya qoyur: «Hocam, mən bugün MHP-yə çarəsizlikdən səs verdim». Bu yaxşı hal deyildir. Deməli, problem seçicilərdə deyil, hər seçkilərdə səslərini azaldan MHP-də, onun rəhbərliyində və ən əsası məfkurəsi zahirən bəlli olsa da, daxilən qeyri-müəyyənliyindədir.

Bu anlamda Parlament seçkilərindəki başarsızlığı AKP-nin basqısına bağlamaq dogru deyildir.  MHP-nin önünü AKP mediada kəsmişdirsə, MHP-çilər xalqın içinə getməli orada sözünü, yolunu deməli və məfkurəsindən bəh etməlidirlər. Yəni xalqa öncəliklə MHP-nin məfkurəsi çatdırılmalıdır. Demək olar ki, Baxçəli və onun ətrafındakılar bunu, etmirlər. Türk milliyyətçisi kimliyini daşıyan MHP bunu istənilən şəkildə ifadə edə bilmirsə, o zaman partiya rəhbərliyinin başarsızlığı təbii ki, bütün partiyaya təsir göstərir. Yoxsa, “xalqın içinə gedirik, fəqət özümüzü anlatmaqdan daha çox  televizya və qəzetlərdə haqqımızda deyilən yalanlara cavab veririk” deməklə, özünə haqq qazandırmaqla uğur əldə etmək çox çətindir.

MHP-də əsas problem də odur ki, Türk xalqına Türk-İslam məfkurəsini anlatmaq əvəzinə ya onlara qarşı yönəlmiş ittihamlara cavab verir, ya da özləri eyni ittihamlarla başqalarına qarşı çıxış edirlər. Yəni MHP öz sözünü deməli, öz yolunu, məfkurəsini anlatmalı olduğu halda, ancaq kimlərəsə cavab verməklə kifayətlənirsə, bu birmənalı olaraq doğru deyildir. Bu anlamda MHP-çilər seçkilərdəki uğursuzluğun səbəbini partiya başqanının zəyifliyində, vəsifsizliyində deyil, öz  dəyərlərini, ilkələrini hansı səviyyədə bilməsində və ona nə qədər sahib çıxıb-çıxmamasında axtarmalıdır. Yəni MHP-nin uğursuzluğunun səbəbkarı yalnız Dövlət Baxçəli deyil, bütövlükdə rəhbərlik və ona ciddi şəkildə etiraz edə bilməyən MHP-lilərdir. Ola bilsin ki, bu uğursuzluq Baxçəlini partiya başqanlığından istefa etməyə də səbəb olmalı idi. Əgər Baxçəli MHP başqanı qoltuğa oturmaqda zorlanırdısa getməli, onun yerinə Sinan Oğan, Ümit Özdağ, Meral Akşener və ya başqa birisi gətirilməli idir. Amma bu, olmadı. Ancaq məncə də, əsas problem Baxçəlinin gedib, başqa birinin onun yerini tutmasıyla bağlı deyildir. Başlıca problem MHP-nin ideolojisinin düzgün müəyyənləşməməsidir. MHP üzünü sağa-sola deyil, birbaşa Türk milliyyətçisinə, türkçüsünə, turançısına tutmalıdır.

Təbii ki, bu gün  AKP-nin təkbaşına hökumət qurması Türkiyəmiz üçün faciə deyildir, ola da bilməz. Çünki AKP-də də dəyərli insanlarımız vardır. Sadəcə, AKP-nin ideolojisində türkçülük öndə deyildir, bəlkə də heç ikinci yeri də tutmur. Amma bütövlükdə AKP türklüyü inkar da edə bilməz, edərsə də sonu gələr. Bu zaman islamçılığı önə keçirən AKP-nin türklük məsələsindəki geri tutumunu, ən yaxşı halda MHP əvəz edə bilər. Daha doğrusu, qurulduğu gündən bəri türklük savaşı verən MHP bu gün də həmin boşluğu doldurmalıdır. Amma bu günün MHP-si Türkiyədəki türklük sahəsində öncüllük yapa bilmir. Görünür, MHP-yə də İslam dinindən qaynaqlanan məzhəbçi baxışlar çox təsir göstərməkdədir. Məhz məzhəbçi baxışların təsiri altında MHP rəhbərliyi Türkiyədəki türklərin tamamının səsi ola bilmir.

Bu zaman da MHP rəhbərliyi Türkiyə Türklərinin səsi olmaq əvəzinə, məsuliyyəti AKP-nin üzərinə buraxmış olur. Yəni  artıq bir çox MHP-çilərin də qəbullandığı kimi, bu gün AKP-nin hakimiyətdə olması daha yararlı görünür. Bu zaman dünən MHP-yə səs verənlər bu gün AKP-yə səs verirlər. Zatən, MHP-nin seçki təbliğatında da sözdə təkbaşına hakimyyətə gəlməkdən arada-sırada bəhs olunsa da, hər şey AKP-nin iqtidar olmasına hesablanır. Yəni indiki zamanda  Kürd probleminin və digər sorunların AKP-nin üzərinə atılması bir çox MHP-çilərə görə daha uyğundur.

Məhz bunun nəticəsidir ki, bu cür oynlara qarşı olan MHP-çilərə görə isə, partiya rəhbərliyi ilkəsizləşmiş, milli və mənəvi dəyərləri müdafiə etmək əvəzinə, sözdı AKP-yə savaş elan etmişdir. Sözün qısası, MHP rəhbərliyi özünün nə istəməsi deyil, başqalarının nə istəməsi yolunda çıxış edir ki, bunun da nəticəsində seçkilərdə uduzmuşdur. Əgər MHP seçkilrdə üzünü birbaşa türk milliyyətçisinə, turançısına tutardısa seçkilərdə vəziyyət xeyli fərqli olardı. Bizcə, MHP Türk-İslam ülküsü deyərkən türklüyün və islamlğın mənasını, yəni bu yoldakı taktikasını tam aça bilmir, bilmədiyi üçün də uğur qazana bilmir. Hesab edirəm ki, MHP-nin strategiyasında Türklük ən azı bir addım İslamlıqdan öncə olmalıdır.. Yoxsa, özümüzü türkdən çox müsəlman kimi qələmə vermək, İslam miliyyətçisi olmaq bizi uğurlara daşımayacaqdır.

Dünən oldugu kimi bu gün də Türkiyənin istiqrarı, inkişafı  Azərbaycanın istiqrarıdır. Amma Türkiyədə, Azərbaycanda, Türküstanda və başqa Türk yurdlarmızda bu gün ciddi imtahan verməkdədir. Bu anlamda Türk Cümhuriyətlərində Türklükdən çıxış edən bütün təşkilatların  başarısı bütövlükdə Türklüyün başarısı, başarsızlığı da hamımızın başarsızlığıdır. Bu anlamda Azərbaycan türkləri olaraq MHP-yə daha çox önəm verməyimiz bu partiyanın digər partiyalarla nisbətdə Türklüyü daha çox önə çəkməsiylə bağlıdır.

Əgər Türkiyə seçkilərində MHP qazanmaq istəyirsə öncə üzünü Türkiyədəki Türklər, daha sonra Türk ellərinə - Turana tutmalıdır. Çünki Türkiyənin, Azərbaycanın, Kərkükün, Türkistanın, Tatarıstanın, Yakutiyanın, Krımın, Təbrizin, Uygurstanın tək yolu Turandır. Bizlər, Turanda birləşməliyiz. Bizim nə ərəblər, nə farslar, nə ruslar, nə ingilis-amerikanlarla işimiz-gücümüz yoxdur. Sadəcə, bu gün yenidən toparlanmalı kimsələrə güvənmədən, öncələr oldugu kimi özümüzə dönməliyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir