Modern.az

Səhnəmizin hicablı xanımları - Dəb, yoxsa, həyat tərzi?

Səhnəmizin hicablı xanımları - Dəb, yoxsa, həyat tərzi?

Mədəni̇yyət

3 Noyabr 2015, 14:57


İslamın yayıldığı cəmiyyətlərdə xanımların hicab bağlaması hər zaman aktual məsələlərdən biri olub. Şəriət qaydaları ilə idarə olunan ölkələrdə bu mövzu  ümumiyyətlə müzakirə olunmur.

Demokratik islam cəmiyyətlərində isə hicab qadınların iradə azadlığına buraxılıb. Bu səbəbdən də sırf islam respublikalarından fərqli olaraq, Azərbaycan, Türkiyə kimi dini seçimlərə tolerant yanaşan ölkələrdə xanımların hicab bağlaması şəxsi istəkdən, yaxud mühitin, ailənin tələbindən yaranıb.

Özü-özlüyündə müəyyən rəmzi məna daşıyan hicab qadının saçlarını, bədəninin bir hissəsini yad baxışlardan qorumaq missiyası daşıyır. Daha mühafizəkar dindarların xanımları hicab bağlayarkən hətta simalarını da gizlədirlər
Hər bir insanın seçim hüququna hörmətlə yanaşaraq, hicabın nə dərəcədə əhəmiyyətli olub-olmamasından danışmayacağıq. Amma görünən odur ki, cəmiyyətdə hicaba maraq heç zaman azalmayıb.

Bir çox tanınmış xanımlar hicabı həyat tərzinə çeviriblər.

Modern.az saytı bu yazıda səhnəmizin hicablı tanınmışlarından bəhs edəcək:

Təbii ki, hicab deyərkən ilk ağla gələn xanım xanəndə Fərqanə Qasımova olur. Dünya şöhrətli sənətkar olan atası, xalq artisti Alim Qasımovla duet şəklində muğamlar ifa edən Fərqanə xanım ilk gündən hicaba üstünlük verib. Bu, həm onun, həm də ailəsinin İslama olan münasibətindən irəli gəlib. Fərqanə Qasımova hicabın onun üstünlük verdiyi bir həyat tərzi olduğunu bəyan edərək, bunun imic kimi göstərilməsinin əksinə çıxıb.

Hicaba keçməklə müzakirə obyekti olan xanım müğənnilərdən biri də Xuraman Şuşalıdır. Müğənni hicablı geyimi özünün həyat tərzinə çevirəndən sonra media demək olar ki, onu ancaq bu xüsusiyyətə görə qabardıb. Xanım müğənni də öz müsahibələrində hicablı geyim formasını qabartmaqdan çəkinmir. Hətta “hicab geyinəndən sonra ruzum daha da artdı” deyərək, bu geyim formasına mistik rəng qatmağa çalışır.

Muğam ifaçısı, əməkdar artist Bəsti Sevdiyeva iki dəfə Həcc ziyarətində olduğundan ara-sıra hicabdan və baş örtüklərindən istifadə edir. Ziyarətdən sonra uzun müddət baş geyimindən istifadə etsə də, sonradan onu açmaq qərarına gəlib. Buna səbəb kimi isə müğənnilik sənətini əsas gətirib.

Hicab geyinərək sonradan ondan imtina edən tanınmış xanımlara müğənni Ruhi və bəstəkar Nailə Mirməmmədlini də misal göstərmək olar.

Əməkdar artist, aktrisa Mehriban Xanlarova Həcc ziyarətinə gedib-gələndən sonra bir müddə hicab taxdı, sonradan isə ondan imtina etdi. O, bunun səbəbinu bu cür əlaqələndirib:
“Mən Həcc ziyarətinə gedən zaman başımı bağlamışdım. Ziyarətdən gələndən sonra hicabla gəzirdim. Amma sonra gördüm ki, mənim üzümə çox qapılar bağlanır. Telekanallara dəvət edəndə soruşurdular ki, başın bağlıdır, ya açıq? Elə ki, deyirdim bağlı, mənə verilən cavabda deyirdilər ki, sonra əlaqə saxlayacaqlar və bir daha zəng etmirdilər. Mən aktrisayam. Mənim rollarımın əksəriyyəti ilə başımın örpəkli olması düzgün gəlmirdi. Qalmışdım iki fikir arasında. İcimdəki Mehriban deyirdi örpəyi açma, sənətim, ətrafımdakı reallıq isə əksini tələb edirdi. Mən qərar verdim. Hicab taxmayacağam”.

Tanınmış pradüsser Təranə Səmədova Məşhəd ziyarətinə gedən zaman çəkdirdiyi hicablı fotolar mediada çox müzakirə olunub.

Əməkdar artist Zöhrə Abdullayeva Həcc ziyarətindən gəldikdən sonra çox qısa müddətdə hicabdan istifadə edib. Amma ziyarətə gedən xanımın hicabdan istifadə etməsi vacib sayıldığından onu nədəsə qınamaq olmaz.  

Bunlardan başqa hicabdan moda kimi, dəb naminə fotosessiya məqsədi ilə istifadə edən xanımlar var. Müğənni-model Suli, gənc müğənni Sevinc Musayeva, aparıcı Nanə Ağamalıyeva, modelyer Leyla, model Minarə Allahverdiyeva hicabdan fotosessiya məqsədilə istifadə ediblər.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar