Mərkəzi Seçki Komisisyası (MSK) 7 noyabr parlament seçkilərilə bağlı yekun məlumat yayıb. Modern.az MSK-ya istinadla bildirir ki, qurum Seçki Məcəlləsinin tələblərinə əsasən, seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırıb. Seçici siyahılarının dürüstləşdirilmiş son variantı Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib, eyni zamanda seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılıb. Milli Məclisə seçkilər 125 dairədə, 5314 seçki məntəqəsində keçiriləcək.
7 noyabr seçkilərində 690 nəfər deputatlığa namizədin adı seçki bülletenlərinə daxil edilib. Seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46639 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən 3466, DSK-lar tərəfindən isə 43173 müşahidəçi qeydiyyatdan keçib. Ən çox namizəd olan dairədə 14, ən az namizəd olan dairədə 4 nəfər deputatlıq uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının 107, müxalifət partiyalarının isə 140 namizədi var.
MSK tərəfindən bu günədək akkreditə olunmuş 1029 beynəlxalq müşahidəçi 21 beynəlxalq (xarici) qurumu təmsil edir ki, buraya da Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və Vestnik Qafqaz analitik informasiya agentliyi daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirlər.
Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə "Röyters", BBC, "Əl-Cəzirə", TRT, "Associated Press", "Frans Press", EPA, "Anadolu", "İhlas" Haber Ajansı, "Doğan" Haber Ajansı, "Daily İttehad", "Sinhua Nyus" agentliyi, "Zi nyus" qəzeti, İTAR-TASS, GPB (Gürcüstan İctimaiTeleviziyası), "Stoliçnoye" TV, İran TV, "Oqonyok" jurnalı da daxil olmaqla 18 xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akkreditə olunub.
Seçki məntəqələrindən kənarda səsvermə prosesini canlı izləmək üçün seçki məntəqələrinin 500-də veb-kameralar quraşdırılıb. Bu vebkarmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə edəcəklər.
Səsvermə 2010-cu il noyabrın 7-də saat 8.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaq. Seçicilərin aktivliyi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək.
Modern.az