Parlament seçkilərinin davam etdiyi bu saatlarda ölkə üzrə müxtəlif məntəqələrdən narazılıqlar, qanun pozuntuları varədə siqnallar gəlir.
VCU: “ciddi pozuntular yoxdur”
“Vətəndaş Cəmiyyətini Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi bəyan edib ki, qurumun müşahidəsinin ilkin mərhələsində seçkilərin əsasən normal keçir.
Monitorinq Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin, Göyçay, Ağdaş, Yevlax, Quba, Qusar, Xaçmaz və İsmayıllı rayonlarının 30 seçki dairəsini əhatə edir və 900-ə yaxın müşahidəçi tərəfindən aparılır.
”Məntəqələrin əksəriyyəti vaxtında açılıb, səsverməyə qədər keçirilməsi zəruri olan prosedurlar əsasən düzgün aparılıb. Bir neçə seçki məntəqəsi istisna olmaqla müşahidəçilərin seçki məntəqələrinə buraxılmasında problemlər yaranmayıb. Eyni zamanda bəzi hallarda ( 23 saylı dairə, 16 və 17 saylı məntəqə) müşahidəçilərin əsassız olaraq məntəqəyə buraxılmamaq cəhdləri olub. VCU Mərkəzi məsələyə münasibət bildirəndən sonra müşahidəçilər seçki məntəqəsinə buraxılıblar”.
29 saylı dairədə qanun pozuntusu
29 saylı Səbail seçki dairəsinin Badamdar qəsəbəsi 25 saylı məntəqəsin deputatlığa namizəd Fuqad Muradovun müşahidəçisi qanun pozuntusu aşkarlandığını deyib. Namizədin nümayəndəsi bildidb ki, bu məntəqədə müşahidə aparan AXCP-nin müşahidəçisi Alışlı Arif Hacıbala oğlu namizəd Həsən Kərimovun xeyrinə təbliğat aparır. “Məntəqəyə gələn seçicilərə Həsən Kərimova səs verməyi deyir. Bu barədə ona etiraz bildirəndə deyib ki, «istəyirəm ki, məni burdan qovsunlar».
Müşahidəçi polisə aparılıb
31 saylı Suraxanı seçki dairəsində “AXCP-Müsavat” seçki blokundan müşahidəçi olan Elçin Həsənov “Azadlıq” radiosuna bildirib ki, saat 8.30 radələrində 33 saylı polis bölməsinin əməkdaşları məntəqəyə gələrək onu polis bölməsinə aparıblar.
Polis bölməsində müşahidəçi vəsiqəsi əlindən alınıb, polis əməkdaşları ona seçki məntəqəsində asayişi pozmasını irad tutublar, izahat yazdırandan sonra şifahi xəbərdarlıq edərək vəsiqəsini özünə qaytarıblar və bölmədən buraxıblar.
İsa Qəmbərin vəkili döyülüb
15 saylı Yasamal birinci seçki dairəsinin 20 saylı məntəqəsində müşahidəçilərin səsvermə prosesini izləməkdən məhrum edilməsinə etiraz edən Tural Abbaslı təzyiqlərə məruz qalıb.
Tural Abbaslı bu dairədən namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin vəkilidir.
O, müşahidəçilərin səsvermə prosesini izləməkdən məhrum edilməsinə etiraz edərkən məntəqə komissiyasının üzvləri polis çağırıblar. Polis Tural Abbaslını döyə-döyə çölə çıxarıb.