Modern.az

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 80,5 ilə yüksəlib

 İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 80,5 ilə yüksəlib

5 Noyabr 2015, 23:44

 

İnkişaf etmiş ölkələrdə ömrün uzunluğu 1970-ci ildən 2013-cü ilə qədər 10 ildən də çox yüksəlib. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında deyilir. Modern.az AZƏRTAC-a istinadla xəbər verir ki, təşkilatın 34 ölkəsində ömrün uzunluğu orta hesabla 70 ildən 80,5 ilə qədər artıb. Bu göstəriciyə görə yaponlar irəlidə gedir: 2013-cü ildə ölkədə orta ömür uzunluğu 83,4 ilə bərabər olub. Yaponiyanın ardınca nisbətən az fərqlə İspaniya və İsveçrə, daha sonra isə İtaliya, Fransa və Avstraliya gəlir. Siyahının sonunda isə Meksika, Macarıstan və Slovakiya yer alır.

ABŞ bu göstəriciyə görə digər inkişaf etmiş ölkələrdən nəzərəçarpacaq dərəcədə geri qalaraq 34 yerdən 27-ci yerə enib. Amerikalılar orta hesabla 78,8 il yaşayır. Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 40 il bundan qabaq ABŞ-da ömrün uzunluğunun digər inkişaf etmiş ölkələrə nisbətən bir il çox olduğunu qeyd edir. Halbuki, Birləşmiş Ştatlar səhiyyə sahəsində adambaşına ayırdığı xərclərə görə digər ölkələri 2,5 dəfə qabaqlayır. Ümumilikdə isə təşkilata üzv ölkələrdə 2013-cü ildə səhiyyəyə ayrılan vəsait investisiyalar nəzərə alınmadan ümumi daxili məhsulun 8,9 faizini təşkil edib. Ömür uzunluğunun ən aktiv artımının qeydə alındığı ölkələr isə Türkiyə və Hindistandır. 1970-ci illərdə Türkiyədə orta ömür 55 il olduğu halda, 2013-cü ildə 76,6 ilə qədər yüksəlib. Hindistanda isə bu göstərici 50 ildən 66,5 ilə çatıb. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı özündə 34 nisbətən inkişaf etmiş ölkəni birləşdirir. Hazırda təşkilatda Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Çili, İsveçrə, İsveç, Estoniya, Cənubi Koreya və Yaponiya təmsil olunur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir