Modern.az

Putinin Obama ilə Merkelə qalib gəlməsinin sirri - TƏHLİL

Putinin Obama ilə Merkelə qalib gəlməsinin sirri - TƏHLİL

6 Noyabr 2015, 09:55

“Forbes” jurnalı dünyanın ən nüfuzlu şəxslərindən ibarət reytinq cədvəlimni dünən açıqladı. 73 nüfuzlu şəxsin yer aldığı reytinqə üçüncü dəfədir ki, Rusiya prezidenti Vladimir Putin başçılıq edir.

Bu sıralamada Almaniya kansleri Angela Merkel 2-ci, ABŞ prezidenti Barak Obama isə 3-cü pillədə qərar tutur.

Hər kəsdə maraq doğuran məsələ iqtisadi sanksiyalarla üz-üzə qalan, ölkəsi ucuzlaşan rubl problemi yaşayan, Ukraynadakı dondurulmuş münaqişə şəraitində Rusiyanı Ukraynaya düşmən edən Putinin oktyabr ayı üçün əhali arasında reytinqinin 89% olması ilə bağlıdır.

O, getdiyi risklərdən asılı olmayaraq xalqla hakimiyyət arasında balansı pozmur və obrazlı desək, təcrübəli gəmi kapitanı kimi qasırğalı havada gəmini ustalıqla idarə edir.     

Nəzərə alsaq ki, Rusiya ABŞ qədər qlobal nüfuza, iqtisadi təsir rıçaqlarına və hərbi potensiala malik deyil, Putinin aqressiyası, "KQB" təcrübəsi və xarizması ona mötədil, yumşaq xarakterli və zəif iradəli Barak Obama qarşısında bunu kompensasiya etməyə imkan verir.

Suriyada aşkar şəkildə Bəşər Əsəd rejiminin müdafiə olunması, sentyabrın 30-dan başlayaraq aviasiya hücumları başladaraq İŞİD adı altında əsasən rejimin siyasi rəqibləri olan “Azad Suriya Ordu”sunun bombalanması Putinin aqressiv Yaxın Şərq planını bir hissəsi idi.

Rus aviasiyasının zərbələri müharibədə əsaslı dönüş yaratmasa da, bütün dünyaya, xüsusən ərəb ölkələrinə psixoloji təsir göstərdi.

Rusiya Sovet İttifaqının dağılmasından sonra ilk dəfə xarici ölkədə hərbi əməliyyatlara qoşulmuş oldu.

“Forbes”in Putini “İlin adamı” seçməsində bir səbəb də məhz bu addımları ilə Rusiya prezidentinin öz ölkəsinin prestijini qaldırması olub.

 Digər tərəfdən, Qərbin iqtisadi sanksiyaları ilk vaxtlar rublun kəskin ucuzlaşmasına, ölkədən xarici kapitalın sürətlə çıxarılmasına səbəb versə də, Putin bu işdə də sayıqlığı əldən buraxmadı.

O, soyuq beyinlə, aydın təsəvvürlə məsələyə yanaşaraq, ötən il dünyanın ən yaxşı Milli Bank sədri seçilən Elvira Nabiullinanı həmin posta təyin etdi.

Xarici şirkətlərə işləyərək nəhəng təcrübə toplayan tatar əsilli bank sədri bir neçə dəfə birjalara dövlət pulu ilə intervensiya edərək, situasiyanı sabitləşdirdi və maliyyə sektorundakı panikaya son qoydu.

Bu, qeyri-müəyyənlikdən Rusiyanı tərk edən investorları da geri dönməyə vadar etdi .

Bununla yanaşı, Putin ölkədaxilnidə etirazçı kütlənin sıralarının genişlənməsinə imkan vermir. Ölkədə siyasi opponentlərin kütləvi reprerssiyası gerçəkləşdirilməsə də, onların daim psixoloji təzyiq və nəzarət altında olmaları Rusiya prezidentinə rahat manevr imkanları verir.

Diktatorlara xas bir çox cəhətləri özündə birləşdirən Kreml rəhbəri, Ukrayna hadisələrinə də sərt reaksiya verdi.

Hadislərə enerjili müdaxilə olmasaydı, Ukraynada hakimiyyətdə gələn yeni demokratlar nəsli Avropaya inteqrasiyanı əsas istiqamət seçərək Rusiyanın təsir orbitindən çıxacaqdılar. Belə olan halda, Ukrayna tezliklə, NATO ölkəsinə çevrilə bilərdi.

Təbii ki, Putin hadislərin bu cür inkişaf etməsinə hec cür razı ola bilməzdi və onun Ukraynanın cənub-şərqində yerli əhali və rus ordusunun ayrı-ayrı qoşun hissələri ilə birlikdə silahlı konflikt yaratması bu proseslərin qarşısını aldı.

Donetskdə və Luqanskda yaradılan qondarma rejimlər Putinə əlavə şantaj vasitəsi kimi lazımdır. Ukrayna yenə Avropa Birliyinə meyl edərsə, bu “qaynar nöqtə”lər yenidən aktivləşəcək. Təsadüfi deyil ki, Avropa Birliyi situasiyanı nəzərə alaraq rəsmi Kiyevin Qərb perspektivləri qarşısında qapını bağladı.

Putin hakimiyyəti üçün faktiki təhlükə olan daxili liberal müxalifəti, ABŞ-ın ölkə sərhədlərindəki hərbi potensiaını və dünyanın müxtəlif ölkələrində olan diktator müttəfiqlərinin devrilmə ehtimalını minimuma endirə bilib.

Vladimir Putin hər gün sayları daha çox azalan sərt siyasi lider tipində şəxslərdən biridir. Qeyri-adi addımlar, risklər, qeyri-demokratik metodlar və insanları yaxşı tanımaq Putinin hələ də daxili və beynəlxalq arenada rəqib tanımamasının əsas səbəbləridr.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir