Modern.az

Azərbaycanda nüfuzlu din xadimləri kimlərdi? - Sorğu iştirakçıları bu ADLARI çəkdilər…

Azərbaycanda nüfuzlu din xadimləri kimlərdi? - Sorğu iştirakçıları bu ADLARI çəkdilər…

6 Noyabr 2015, 17:11

Bütün cəmiyyətlərdə hər zaman dinlə bağlı müxtəlif problemlər ortaya çıxıb. Hətta bəzən cəmiyyət daxilində baş verən iğtişaşların da əsas səbəbi dinlə bağlı olub. Hər hansı bir təbəqənin qəbul etdiyi dini ideologiya və o ideologiyanın daşıyıcılarından olan din xadimi, başqa kəsim tərəfindən qəbul edilməyib. Dinə radikal münasibət avtomatik olaraq həmin ideologiyaya xidmət etməyən şəxslərə qarşı mənfi münasibət formalaşdırıb. Zaman-zaman müxtəlif məzhəb və təriqətlərin dini liderləri həmin məzhəbə qulluq edən insanlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Elə vaxt olub ki, iki təbəqə, iki bölgə arasında yarana biləcək qanlı toqquşmanı dini lider bir kəlmə ilə yekunlaşdırıb. Bunun əksi olan hadisələr də təbii ki, az baş verməyib. Mahiyyət odur ki, müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da dini lider xüsusi nüfuz sahibi olub.

Bəs, yaşadığımız XXI əsrdə bizim cəmiyyətdə dini lider səviyyəsinə çatan şəxslər kimlərdir? Son dönəmlərdə baş verən olaylar, bəzi ilahiyyatçılara qarşı təzyiq və təriflər, bəzilərinin böyük kütlə tərəfindən müdafiə olunması, bəzilərinin sıxma-boğmaya salınması bu gün də Azərbaycan mühitində böyük nüfuz sahibi olan din xadimlərinin varlığından xəbər verir.

Modern.az-ın din xadidmləri ilə bağlı keçirdiyi kiçik sorğusunda iştirak edənlər aşağıdakı suala cavab veriblər: “Bu gün Azərbaycanda nüfuzlu din xadimləri kimlərdir və onların nüfuzunu nə ilə əlaqələndirmək olar?

Vüsal Məmmədov, “Azvision.az” saytının baş redaktoru:

“Məncə, Hacı Talehdir. Bunun səbəbi də İran kəşfiyyatının neçə ildir məqsədli şəkildə onu beyinlərə yeritməsi ilə bağlıdır”.

Elşad Miri, ilahiyyatçı: “Din xadimindən söhbət gedirsə, əlbəttə,  Allahşükür Paşazadə həzrətləri. Onun nüfuzu dindən biznes kimin istifadə etməsi ilə əlaqəlidir”.

Elşad Paşasoy, “Yeni Müsavat” qəzetinin əməkdaşı:

“Dindar kəsimin özünün hətta siyasi partiyalar qədər param-parça vəziyyətdə olduğu ölkədə din xadiminin nüfuzundan necə danışmaq olar? Məncə, din xadimi qan axıdılmasının qarşısını ala biləcək, qan düşmənləri arasında barış yaradacaq, düşərgələr arasında körpü qura biləcək qədər geniş ürəyə, imkana və bacarığa malik olmalıdır. Bu gün ayrı-ayrı təbəqələrin hüsn-rəğbətini qazanan din adamlarımız var. Ancaq onların heç biri ölkə çapında qəbul olunmur. Hətta Şeyx həzrətlərinin özü belə, bır sıra hallarda daxildəki dindarlar arasında təbəqələşmədən şikayətlənirsə, deməli, vəziyyət kifayət qədər problemlidir”.

Müşfiq Şükürov, filosof: “Populyarlığa görə Haçı Şahin, Hacı Taleh və Elşad Mirini qeyd etmək lazımdır. Hərəsinin auditoriyası da fərqlidir. Hacı Şahin İslamın fəlsəfəsinə, alt mənalarına varmağı sevən birisi kimi uğur qazandı. Xalqda uzun illər formalaşan molla təsəvvürünü dağıtdı. Taleh Bağırzadə etirazçılıq ruhuna, cəsarətinə görə seçilir. Onu dini-siyasi fenomen saymaq lazımdır. Elşad Miri isə islahatçılıq və təftiş ruhuna görə dəstəklənir. Çünki dini ictimaiyyət arasında bu addımların da gözləntisi var”.

Əvəz Qurbanlı, şair-jurnalist:  “Ümumiyyətlə, insanın cəmiyyətdə həqiqi nüfuzunun tək göstəricisi - onun sözü ilə əməlinin həmişə üst-üstə düşməsidir. Söz ilə əməlin daim üst-üstə düşməsi də o zaman baş verir ki, insan əqidə adamı olur, hər bir hərəkətində iman tərəzisindən istifadə edir. Əlbəttə, xalqın da gözü tərəzidir. Xalqın gözündə şəxsiyyətlərin formalaşmış obrazları var. Bir din xadimi də əgər insanları doğru yola dəvət edirsə, əvvəlcə onun özü doğru adam olmalıdır. Azərbaycanda belə şəxslər var. Onlardan da biri Hacı Şahin Həsənlidir. Hacı Şahinin digər hörmətli alimlərə nisbətən daha çox tanınması və sevilməsi, onun çoxsaylı moizələri ilə bağlıdır. Onun bəlağətli və fəsahətli nitqi var və bu amil də çox önəmlidir”. 

Aqşin Kərimov, Modern.az saytının əməkdaşı: “Azərbaycanda nüfuza malik olan din xadimlərinin böyük siyahısını təqdim etmək fikrində deyiləm.
Amma Azərbaycanda bəzi dindarların yüksək avtoritet sahibi olmalarında təhlükəli tendensiyalar müşahidə etməmək mümkün deyil...

Azərbaycandakı ilahiyyatçılar iki kriteriya üzrə nüfuz qazanırlar:

Onların bir qismi radikal çıxışlar, sosial problemləri qabartmaq, fanatizmə meylli kəsim arasında təbliğat apararaq özlərinə çoxlu sayda tərəfdar toplayırlar. Etiraf edək ki, belə din xadimlərinin favoriti Hacı Taleh Bağırzadədir.

Unutmayaq ki, son zamanlar Hacı Talehin karyerası özünün pik nöqtəsinə çatıb.

İkinci qismə aid olan din xadimləri, yaxud ilahiyyat elmi ilə məşğul olanlar isə daha çox intellektual dünyagörüşü, savadı, elmi potensialları ilə divident qazanırlar. Bunların arasında birinci sırada Elşad Mirinin adını çəkmək olar. Əslində onunla Hacı İlqar İbarahimoğlu arasında bərabərlik işarəsi də qoyardım. Düzdür, hər iki ilahiyyatçının dini dünyagörüşü bir-birindən kəskin fərqlənir, yalnız deyərdim ki, Allah məsələsində vahid mövqedədirlər. Amma bu fərqlərə baxmayaraq, hər ikisi savadlı, elmli, intellektualdır.

Bu amillər intellektual dini kəsim arasında rəğbətlə qarşılanır. Lakin bunların arasında da böyük təzadlar mövcuddur. Məsələn, Hacı İlqarla Eşad Mirinin dini proseslərə yanaşma tərzi müxtəlifdir. Hacı İlqar Məhərrəmlik ayının fəlsəfəsini açsa da, Elşad Miri bu ayda bir fəlsəfə görmür. Yaranan intellektual konfliktlər barədə ətraflı danışmağa lüzum yoxdur.

Bu siyahıya vaxtı ilə insanları fanatizmə səsləyən, indi isə daha loyal və rasional mövqeyi ilə tanınan Hacı Şahin Həsənlini də əlavə etmək olar.

Təbii ki, Qafqaz Müsəlmanları İdarəsinin yüksək vəzifəli əməkdaşları arasında da böyük nüfuz sahibi olanlar az deyil. Məncə, onların başında Hacı Sabir Həsənli dayanır”.


Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?