Modern.az

Acun İlıcalıya Azərbaycandan məktub

Acun İlıcalıya Azərbaycandan məktub

Mədəni̇yyət

11 Noyabr 2015, 09:39

Tv8 kanalının rəhbəri, "O ses Türkiye" yarışmasının layihə rəhbəri və aparıcısı Acun Ilıcalıya yazdığım məktub...
Məktub izleyicitemsilcisi@tv8. com.tr , [email protected] e- mail adreslərinə və Tv8 kanalının rəsmi internet saytına göndərilib. 


Hörmtəli, Acun Ilıcalı!

Sizə Azərbaycandan yazıram bu məktubu.

Özünüz də yaxşı bilirsiz ki, Azərbaycanda sizin proqramların, xüsusən də “O ses Türkiyə” yarışmasının geniş izləyici kütləsi var. Şəxsən mən və bütün yaxınlarım sizin verilişlərin daimi tamaşaçısıyıq.

Məktubu azərbaycanlı yazar, jurnalist kimi deyil, bir Azərbaycan vətəndaşı olaraq yazıram.

“O ses Türkiye” yarışmasının əksər bölümlərində rast gəldiyim yanlışlıqlar məni və bütün Azərbaycan xalqını çox üzür. İndiyə qədər baş verənlərin heç birini təkrarlamaq istəmirəm. Bu barədə mediada bir dəfə yazı yazmışam. Lakin, 10.11.2015 tarixində yayımlanan “O ses Türkiye” yarışmasında Serkan Nişancı adlı yarışmacı musiqisi məşhur Azərbaycan bəstəkarı, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovaya məxsus, sözləri təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında kifayət qədər məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə məxsus “Nədən oldu” mahnısını “Ellerini çekip benden” adı ilə ifa etdi. Mahnının adının və sözlərinin dəyişməsi problem deyil. Ən böyük problem mahnının “anonim” olaraq göstərilməsindədir.

Eyni hal “Əziz dostum”, “Ayrılıq”, “Ay qız”, “Yalqızam” adlı məşhur Azərbaycan mahnıları ifa olunarkən də baş vermişdir.

Bir müddət əvvəl yarışmaya Azərbaycandan qatılan Aynişan Quliyeva da musiqisi Polad Bülbüloğluna, sözləri Fikrət Qocaya məxsus “Gəl, ey səhər” mahnısını ifa edərkən, sözləri “anonim” təqdim olundu. Lakin, burda sizin qəbahətiniz yoxdur. Aynişan Quliyeva özü bunu sizə bildirməli idi.

Amma sizin şöhrəti yaxın şərqə yayılmış bu yarışmanızda hansı ölkənin mahnısı ifa olunursa, mütləq sözlərin və musiqinin müəllifi doğru yazılmalıdır.

Şəfiqə Axundova Azərbaycan musiqisi üçün, eləcə də, bütün türk xalqlarının musiqisi üçün gəlmiş-keçmiş ən nəhəng şəxsiyyətlərdən biridir. Mənim üzərimdə çox böyük əməyi olan, mənə yaradıcılıq eşqi aşılayan bu böyük şəxsiyyətə qarşı belə hörmətsizliyi qəbul edə bilməzdim və ona özümü borclu bilib, sizə bu məktubu yazdım.

Ümid edirəm ki, məktubumu nəzər alıb, bundan sonrakı bölümlərinizdə Azərbaycan mahnılarının müəlliflərini dəqiqliyi ilə qeyd edərsiz.

Onu da deməliyəm ki, bütün bunlara rəğmən verilişinizin daimi tamaşaçısıyam. Sizə bol-bol yaradıcılıq uğurları arzulayır, belə gözəl proqramın layihə rəhbəri və aparıcısı olduğunuza görə təşəkkür edirəm, şəxsi həyatınızda da müvəffəqiyyətlər diləyirəm!

Hörmətlə, Orxan Bahadırsoy”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!