“Seçkilər ölkənin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən ölkə olduğunu təsdiq edir”.
Azərbaycanda seçki prosesinin səviyyəsi çox yüksəlib. Bu gün keçirilən parlament seçkiləri bunu bir daha sübut etdi. Bu fikri noyabrın 7-də mətbuat konfransında jurnalistlərə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlova bildirib.
O deyib ki, ötən il keçirilmiş referendumla müqayisədə Azərbaycanda seçki prosesinin səviyyəsi daha da yüksəlib. Məlumat verilib ki, 30 nəfərdən ibarət müşahidə missiyası artıq Bakı və regionlarda 50-dək seçki məntəqəsində olub.
S.Orlova AŞPA-nın Azərbaycanda keçirilən parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Vil ilə görüşdüyünü də söyləyib. Tərəflər seçkilərin monitorinqi mexanizmi sahəsində təcrübə mübadiləsi aparmağı qərara alıblar. MDB müşahidəçiləri bütün müşahidəçilər üçün seçki prosesinin monitorinqinin vahid prinsiplərinin hazırlanması haqqında məsələ qaldıracaqlar.
”Biz, həmçinin hesab edirik ki, barmaqların nişanlanması prosedurunu da ləğv etmək lazımdır”.
Azərbaycanda artıq bir neçə seçki prosesini müşahidə etdiyini söyləyən S.Orlova əvvəlki illərlə müqayisədə həm texniki, həm də maarifləndirmə baxımından əsaslı irəliləyişin olduğunu vurğulayıb. Müşahidə apardığımız seçki dairələrinin hər birində seçki prosesini izləyənlər arasında bütün partiyaların təmsilçiləri var idi.
S.Orlova ümumiyyətlə bu seçkilərin əvvəlkilərdən daha yüksək səviyyədə keçirilməsinə xüsusi toxunub. “Bu, Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasının çox yaxşı nümunəsidir”.
S.Orlova Azərbaycandakı seçkilərə çox böyük həssaslıqla yanaşdıqlarını söyləyərək, seçkilərin yüksək səviyyədə keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov seçkilərin sakit və demokratik şəraitdə keçdiyini vurğulayıb. O deyib ki, son 20 ildə bizim ölkələr çox inkişaf etmişdir.
“Bu gün Azərbaycanda Milli Məclisə keçirilən seçkilər respublikanın demokratik, bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən ölkə olduğunu təsdiq edir.
Biz hər yerdə seçki prosesinin yüksək mədəniyyətini qeyd etmək istərdik. Olduğumuz məntəqələrdə yerli müşahidəçilərdən heç bir narazılıq eşitməmişik. Deyə bilərəm ki, seçkilər şəffaf, azad və demokratik keçdi. Bu seçkilər həm bizim, həm də AŞPA-dan olan həmkarlarımız tərəfindən razılıqla qarşılanıb. Bu gün seçkilərin qiymətləndirilməsi məsələsinə ədalətli mövqedən yanaşsaq görərik ki, MDB ölkələri, o cümlədən Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı bütün tələblərə cavab verir. Hər halda Qazaxıstan, Ukrayna, Qırğızıstan və Tacikistandan olan müşahidəçilərimizin heç biri mənfi hallara rast gəlməyib”.
Modern.az