Modern.az

Yeni Milli Məclisin konstruktiv müxalifəti: onlar haradan gəliblər? (araşdırma)

Yeni Milli Məclisin konstruktiv müxalifəti: onlar haradan gəliblər? (araşdırma)

8 Noyabr 2010, 14:47

Milli Məclisə keçirilən seçkilərin nəticələri göstərir ki, qarşıdakı 5 ildə müxalifəti parlamentdə 9 siyasi partiya təmsil edəcək. MSK-nın açıqladığı nəticələrə görə, həmin partiyaların təmsilçiləri Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Mustafa, Fərəc Quliyev, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Sabir Hacıyev, İlyas İsmayılov, Əli Məsimli olacaq. Bu şəxslər siyasi partiya rəhbərləridir.  Modern.az bu partiya rəhbərlərinin parlamentə qədərki siyasi tarixi ilə bağlı bəzi ştrixləri sizə çatdırır.

Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədridir. BAXCP 2002-ci ilin yayında elan edilib. 2000-ci ildə eks-prezident Əbülfəz Elçibəyin ölümündən sonra AXCP-də başlanan qarşıdurma son nəticədə partiyanın parçalanması ilə nəticələndi. Uzun illər yarıgizli şəkildə Əli Kərimlinin şərti olaraq “islahatçılar” komandası ilə Mirmahmud Mirəlioğlunun “klassiklər”i arasında gedən müharibə 2000-ci ilin parlament seçkiləri ərəfəsində pik nöqtəyə çatdı və burada əsas fiqurlardan biri də Qüdrət Həsənquliyev idi.
“İslahatçı” liderlərdən olan Q.Həsənquliyev partiyanın yeni kursa ehtiyac olduğunu açıq-aydın bildirirdi. AXCP-nin parçalanmasından sonra Əli Kərimli tərəfindən MSK-ya göndərilən Q.Həsənquliyev 2001-ci ildən etibarən fəal şəkildə AXCP-nin parçalanmış tərəflərinin birləşdirilməsi kampaniyasına başlayır. Bu zaman o, Müsavat, ADP və digər müxalifətçi siyasi partiyaların sərt təpkisi ilə üzləşir.
Müxalifət bəyan edir ki, birləşmə” planı iqtidarın ortaya atdığı bir plandır və məqsəd müxalifəti sıradan çıxarmaqdır. Bir müddət süküt edən Əli Kərimli birdən-birə bəyan edir ki, birləşmə məsələsində kifayət qədər qapalı və şübhəli məqamlar var. Bundan sonra “islahatçılar” prosesdən kənarlaşırlar.
“İslahatçılar” tərəfindən tək buraxılan Qüdrət Həsənquliyev “klassiklərin” böyük bir hissəsini birləşmə planına inandıra bilir və “klassiklərin” rəhbər heyətinin böyük bir hissəsi onunla birgə “birləşmə” işinə qoşulur.
Lakin Mirmahmud Mirəlioğlunun bu plana  sərt etirazı vəziyyəti dəyişdirir. Nəticədə 2002-ci ilin iyul ayında  Şəhriyar adına Mədəniyyət evində bir qrup AXCP-çinin “birləşdirici qurultayı”adlandırılan toplantısı keçirilir və partiyanın birləşdiyi bəyan edilir. Bir müddət sonra Ədliyyə Nazirliyi Qüdrət Həsənquliyevin rəhbər olduğu birləşmiş AXCP-ni rəsmən tanıyır. Bu beynəlxalq arenada ciddi qalmaqalla müşayiət olunur. ABŞ Dövlət Departamentinin sərt etirazından sonra Ədliyyə Nazirliyi geri çəklir və birləşmiş AXCP-nin qeydiyyatını ləğv edərək Əli Kərimlini yenidən partiyanın sədri kimi tanıyır. Bundan sonra Q.Həsənquliyevin partiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi adlanır və Q.Həsənquliyev BAXCP-nin sədri olur. Daha sonra 2005-ci ilin parlament seçkilərində Q.Həsənquliyev namizəd kimi iştirak edərək deputat mandatı qazanır. O, qarşıdakı 5 ildə də deputat mandatı gəzdirəcək.

Fazil Mustafa Böyük Quruluş Partiyasının sədridir.  Fazil bəy də AXCP-nin şinelindən çıxıb. 1992-93-cü illədə Prezident Aparatının inzibati işlər şöbəsinə rəhbərlik edən F.Mustafa iyun qiyamından sonra prezident Əbülfəz Elçibəyin Türkiyədəki səlahiyyətli nümayəndəsi olub. 1995-ci ildə Azərbaycana qayıdan F.Mustafa o dövrdə partiyanın “islahatçılar” komandasının nüfuzulu şəxsi sayılırdı və Əli Kərimli ilə birgə “klassik”lərə qarşı idi. 1998-ci ildə müxalifətlə iqtidarın sentyabr qarşıdurmasına rəhbərlik edən F.Mustafa  bir müddət sonra Əli Kərimli ilə yollarını ayırır və “klassiklər” tərəfə keçir. Partiyada “Elçibəyçi” xəttin liderinə çevrilən  F.Mustafa sonradan Əli Kərimli və “islahatçılara” qarşı kəskin mübarizəsi ilə yadda qalıb. 2000-ci il parlament seçkilərində partiya siyahısının ilk yerlərindən kənarda saxlanılan  F.Mustafa alternativ siyahını hazırlayır və o zaman Türkiyədə xəstə yatan Əbülfəz Elçibəyə təsdiqlətdirə bilir. Bu partiya daxilində qalmaqala səbəb olur. Prosesin pik vaxtında Ə. Elçibəy vəfat edir. AXCP parçalanır və F.Mustafa “klassiklər”in sədr müavini olur. Lakin bu da uzun çəkmir. Bir müddət sonra o, hərbi xidmətə göndərilir. F.Mustafa geri qayıtdıqdan sonra bir müddət partiyada qalır. 2003-cü ildəki prezident seçkilərində Müsavat başqanı İsa Qəmbəri dəstəkləyən F.Mustafa seçkilərdən sonra konstruktiv müxalifətə keçdiyini bəyan edir. Yeni yaratdığı Böyük Quruluş Partiyası ilə siyasi səhnəyə qayıdan F.Mustafa hakimiyyətə daha çox loyal mövqeyi ilə fərqlənməyə başlayır.
2005-ci ilin parlament seçkilərində iştirak edən F. Mustafa deputat olur. İndi yenidən mandat qazanıb.

Fərəc Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir. 80-ci illərin sonu-90-cı illərdə aktiv siyasi həyatda olan F.Quliyev siyasi çevrələrdə yaxşı tanınır. F.Quliyev 1990-cı ilin sentyabrında Ali Sovetə keçirilən seçkilər nəticəsində deputat seçilir. Müxalifətçi deputatların təmsil etdiyi “Demokratik Bloku”n fəal deputatlarından olan F.Quliyev Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən olub. Naxçıvanın müdafiəsində iştirak edən F.Quliyev daha çox 1993-cü ildə AXC hakimiyyəti üçün “fevral böhranı” adlandırılan hadisələr zamanı Sürət Hüseynovla bağlı  mövqeyi ilə yadda qalıb. AXC Ali Məclisinin sədri kimi Sürət Hüseynovu “xəyanətkar” adlandıran bəyanatı imzalayan F.Quliyev bununla AXC hakimiyyətini çox çətin vəziyyətə salır. Sürət Hüseynov rəhbərlik etdiyi hərbi hissə ilə birgə Bakıya tərəf hərəkət edir. Lakin fevralda onunla aparılan danışıqlar nəticəsində böhranı həll edə bilirlər.
1994-cü ildə həbs edilən F.Quliyevin adı uzun müddət AXCP-nin rəhbər vəzifələrində saxlanılır. Hətta 2000-ci ildə AXCP parçalandıqdan sonra hər iki tərəf həbsdə olan F.Quliyevi qiyabi olaraq İdarə Heyətinə seçir. Lakin F.Quliyev parçalanma ilə bağlı geniş mövqe açıqlamır. 2001-ci ildə həbsdən azad edilən F.Quliyevin AXCP-nin “birləşdirilməsi” prosesinə qoşulacağı gözlənilsə də, bu baş vermir. Yalnız bir neçə deklorativ bəyanatla kifayətlənən F.Quliyev “birləşdirmə” xəttinə qoşulmur və aktiv siyasəti tərk edir. Bir neçə idlən sonra partiya yaradan F.Quliyev AXCP ilə bağlı məsələlərdə ehtiyatlı mövqe tutur və müxalifətdaxili intriqalara qarışmır.
2010-cu ildə seçkilərdə namizəd olaraq ilk dəfə olaraq AXCP sədrinə xitabən “mən həbs olundum, biriləri isə deputat mandatı aldı” mesajını verir və bununla da yeni siyasi intirqanın əsasını qoyur. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olan F.Quliyev MSK-nın məlumatına görə artıq qalibdir və mandat alacaq.

İqbal Ağazadə Ümid Partiyasının sədridir. 90-cı illərin ortalarından siyasi həyata gələn İ.Ağazadə ilk olaraq Qarabağla bağlı təşkilatlarda fəallığı ilə seçilib. Daha sonra aktiv siyasi proseslərə qatılan İ. Ağazadə eks-prezident Ayaz Mütəllibovun tərəfdarı kimi tanınırdı və onun dəstəkləyən Vətəndaş Birliyi Partiyasının rəhbəri olub. Lakin partiyada baş verən qalmaqaldan sonra təşkilatı tərk edən İ.Ağazadə bir müddət kölgədə qalıb.
2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputat mandatı qazanan İ.Ağazadə o ildən etibarən aktiv siyasi fəaliyyətini bərpa edir. Siyasi müstəviyə “Ümid” partiyası ilə daxil olan İ.Ağazadə 2003-cü ildə prezident seçkilərində Müsavat baçqanı İsa Qəmbəri namizədliyini dəstəkləyib.
2003-cü ilin oktyabr hadisələrində Azadlıq meydanına gələn İ.Ağazadənin bu addımı ona baha başa gəlir. Həbs edilən və deputat toxunulmazlığı əlindən alınan İ.Ağazadə telefiziya efirinə çıxarılır və iğtişaşları pisləyən bəyanatla çıxış edir. Bundan sonra bir ildən artıq həbsdə olan İ.Ağazadə 2005-ci ilin martında verilən amnistiya nəticəsində həbsdən azad edilir. Elə həmin il keçirilən parlament seçkilərinə qatılan İ.Ağazadə yenidən deputat mandatı əldə edir. Keçmiş müttəfiqi Müsavatla əlaqələrini kəsən İ.Ağazadə daha çox  müstəqil fəaliyyətə üstünlük verir. 2010-cu ildə ADP ilə “Qarabağ” seçki bloku yaradır və müttəfiqindən fərqli olaraq Milli Məclisə düşə bildi.

İlyas İsmayılov Ədalət Partiyasının sədridir. Sovet Azərbaycanında baş prokuror olmuş İ. İsmayılov müstəqillik illərində ədliyyə naziri olub. 1995- ci ildə ədliyyə naziri postundan gedən İ.İsamyılov bir müddət sonra Rəsul Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasına həmsədr gətirilir. Bir neçə il bu postda qalan İ.İsmayılov sonradan “Ədalət” partiyasını yaradaraq ADP-dən ayrılır. 1998-ci ildə keçirilən prezident seçkilərində “beşlər” kimi tanınan namizədlərdən olan İ.İsmayılov hətta müxalifətin siyasi intirqalarının ortaq rəyində də yer alır. Uzun zaman müxalifətdən prezidentliyə vahid namizəd məsələsini həll edə bilməyən AXCP ilə Müsavat müttəfiqlərini çətin vəziyyətdə qoyur.
1998-ci ildə Əbülfəz Elçibəyin yenidən prezidentliyə vahid namizd olması birmənalı qarşılanmır və konkter olaraq Müsavat Partiyası tərəfindən etirazla qarşılanır. O zaman Ə.Elçibəy vahid namizəd kimi İlyas İsmaılovun namizədliyini irəli sürür. Lakin bu təklif uzun zaman müzakirə edilsə də, qəbul olunmur. Nəticədə müxalifət prezident seçkisini boykot edir. 1998-ci ilin noyabrn 8-də müxalifətin mitinqində bir qrup mülki geyimli idmançının hücumu nəticəsində bir neçə müxalifət lideri, o cümlədən İ.İsmayılov döyülür. Uzun zaman qara eynəklə gəzən İ. İsmayılovun günahkarı cəzalandırmaq tələbi nəticəsiz qalır.
2003-cü ildə prezident seçkilərinə qatılan İ.İsmayılov məğlub olur və seçkilrədə qələbə çalan prezident İlham Əliyevi təbrik edir. Ondan sonra İ.İsmayılov prezidentin andiçmə mərasiminə dəvət edilir. 2005-ci ildə parlament seçkilərində namizəd kimi qatılan Ədalət sədri deputat ola bilir. İndiki seçkidə o, yenə qələbə qazananlar sırsında yer alır.

Sabir Hacıyev Vətəndaş Birliyi Partiyasının sədridir. Rəhbəri olduğu VBP-yə  əvvəlcə Ayaz Mütəllibov sədrlik edib və S.Hacıyev qurumda baş katib olub. 2002-2003-cü illərdə müxalifətin aksiyalarına A.Mütəllibovun rəsmi nümayəndəsi kimi qatılan S.Hacıyev mitinqlərdə çıxış edir, hakimiyyətə qarşı mübarizəyə çağırırdı. Lakin sonradan A.Mütəllibov partiya ilə əlaqələrini kəsir və S.Hacıyevdən imtina edir. Bundan sonra S.Hacıyev VBP-nin sədri olur. Nəticədə 2005-ci ildə Milli Məslisə deputat mandatı qazanır. Belə görünür qarşıdakı 5 ildə də mandat sahibi olaraq qalacaq.

Asim Mollazadə Demokratik İslahatlar Partiyasının sədridir. 1993-cü ildə prezident Elçibəyin beynəlxalq münasibətlər üzrə müşaviri olan A.Mollazadə uzun illər AXCP sədri Əbülfəz Elçibəyin beynəlxalq əlaqələrini kurasiya edib. AXCP-nin ABŞ və Avropa ölkələri ilə əlaqələrinin yaradılmasında böyük rol oynayan A.Mollazadə daha çox ABŞ-la əlaqələri ilə yadda qalıb. 2000-ci ildən Milli Məclisə seçilən Mollazadə Azərbaycanın Avropa Şurasındakı ilk nümayəndə heyətinin üzvü olub. O, 2005-ci il də yenidən parlamentə düşə bilib. Bu dəfə yeni siyasi pariyanın sədri kimi...
Parlament seçkiləri ərəfəsində Milli Məclisdə keçirdiyi brifinqdə Müsavat başqanı İsa Qəmbəri müxalifətin əməkdaşlığına ciddi əngəl yaratmaqda ittiham edən A. Mollazadə bir müddət sonra AXCP-dən istefa verir və  yeni partiyasını elan edir.  Bu dəfə də A.Mollazadə deputat mandatı qazana bilib.

Ötən əsrin 80-ci illərinin sonlarında xalq hərəkatəında aktivliyi ilə seçilən Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cəbhəsinin yaradanlardan və Meydan hərəkatının rəhbərlərindən biri olub. “Azərbaycan” qəzetini bərpa edib. Cəbhə hakimiyyəti dövründə mətbuat və informasiya naziri işləyib.
O, Vətəndaş Həmrəyliyi Partiyasını 1992-ci ildə yaradıb və o vaxtan etibarən partiyanın sədridir. Sabir Rüstəmxanlı 1995-ci ildən deputat mandatı gəzdirir. Builki seçkilərdə də MSK onun qaliblər sırasında olduğunu bildirib.

Əli Məsimli Azad Demokratlar Birliyi Partiyasının sədri olsa da, demək olar ki, bu qurum barədə az məlumat var. 1993-cü ildə Azərbaycanın baş naziri olmuş Əli Məsimli AXC devrildikdən sonra qurumda qalıb. AXCP-dəki “islahatçılar”ın “xaç atası” sayılan Əli Məsimli partiyanın idarə olunmasında həlledici rol oynayıb. Lakin sonradan “islahatçılar”ın lideri Əli Kərimli ilə arası dəyir və “klassiklərə” yaxınlaşıb.
2000-ci ildə “klassiklərlə” bir yerdə AXCP-nin qapılarını çırpıb gedən Ə. Məsimli “klassiklər”lə bir yerdə çox davam gətrimir. Özünün müstəqil partiyasını yaradır. 2005-ci ildə “YeS” blokunun namizədi kimi seçkilərə qatılan Ə. Məsimli deputat ola bilir.
4-cü çağırış Milli Məclisdə onu yenidən görəcəyik.


Xaqani Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır