10 saylı 3-cü Binəqədi seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçki qərargahı seçki prosesindən ciddi şəkildə narahatdır.
Seçki Qərargahının yaydığı məlumatda göstərilib ki, 10 saylı 3-cü Binəqədi Seçki Dairəsində baş verən saxtakarlıq faktları DSK sədri İsgəndər Əliyev və əksər məntəqə sədrlərinin səyləri nəticəsində baş tutub.
“Məsələn, qərargaha daxil olan məlumata görə, “karusel” əməliyyatı nəticəsində 13 saylı məntəqə üçün nəzərdə tutulan çoxsaylı büllütenlər 11 saylı məntəqənin qutusundan çıxıb. Birbaşa cinayət məsuliyyəti yaradan bu fakta görə, həyəcanlanmaq, məsələni formal da olsa hüquqi müstəviyə salmaq əvəzinə 11 saylı məntəqənin sədri Quliyeva Lalə və 13 saylı məntəqənin sədri Qasımov Osman bu dəhşətli faktı lağa qoyub gülürmüşlər”-deyə sənəddə deyilir.
"DSK və əksər məntəqə sədrlərinin əməllərinə hüquqi qiymət vermək və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
Vəziyyətin qəlizliyini hiss edən DSK sədri İ. Əliyev 11, 12 və 13 saylı məntəqə sədrlərinə göstəriş verib ki, guya seçki günü Qorxmaz İbrahimlinin müşahidəçilərinin komissiya üzvlərini və digər müşahidəçiləri təhqir etdikləri ilə bağlı “toplantı” keçirsin və müvafiq orqanlara şikayət etsin”.
Q.İbrahimlinin Seçki Qərargahı bəyan edir ki, heç bir təhdid onları seçki saxtakarlığında iştirak etmiş DSK sədri İ.Əliyevin və məntəqə sədrlərinin məsuliyyətə cəlb olunması və 10 saylı 3-cü Binəqədi Seçki Dairəsində seçkilərin nəticələrinin ləğv olunması istiqamətindəki mübarizədən yayındıra bilməz.