Modern.az

“Səs Azərbaycan” haqqında düşüncələr...

“Səs Azərbaycan” haqqında düşüncələr...

Mədəni̇yyət

18 Noyabr 2015, 16:09

əməkdar jurnalist,
fəlsəfə doktoru


Bu gün milli – mənəvi dəyərlərimizə dövlət rəhbərliyi tərəfindən göstərilən qayğı və bu yöndə aparılan tədbirlər bütövlükdə milli mədəniyyətimizin inkişafına böyük təsir göstərir. Musiqi estetik baxımdan tamaşaçıya, dinləyiciyə daha tez təsir göstərir, onun dünya görüşünü formalaşdıran amillərdəndir. Bu baxımdan televiziya kanallarının, radioların üzərinə böyük məsuliyyət düşür. Indiki informasiya və veriliş bolluğu içərisində yeni veriliş ərsəyə gətirmək, onu tamaşaçıya sevdirmək böyük bacarıq və təcrübə tələb edir. Ayrı – ayrı telekanallarda bayağı televirilişlərə - antihumanist ideyalara, anormal əxlaqa, estetik dəyərlərə, həyati – mənəvi dəyərlərə uyuşmayan dəyərlərə aid verilişlərin meydana gəlməməsi üçün düşünülmüş, tamaşaçı zövqünü oxşayan, milli adət-ənənələrə, tarixi estetik dəyərlərə köklənən verilişlərə meydan verməklə onların qarşısını almaq mümkündür.

Estetik dəyərlərə söykənən musiqili verilişlər tamaşaçıda, xüsusən gənc nəsldə hisslərin, estetik zövqün tərbiyəsi fikir, ideya formalaşdırır. Bu hisslər inkişaf edərək zənginləşir, tədricən, estetik ideala çevrilir. Məhz, yüksək zövqlə hazırlanmış musiqili verilişlər insan şəxsiyyətinin xarakter və simasında keyfiyyət dəyişikliyinə rəvac verir, onun müxtəlif fəaliyyət növündə, münasibət və davranış formalarında özünü tam dolğunluğu ilə göstərir.


Musiqili verilişlərdə tamaşaçılar - müasir gənclik həyat tərzinin və vətənpərvərliyin ideya istiqamətini, milli birliyin, qədim muğam sənətinin, musiqi mədəniyyətimizin, müasir estradamızın, onun nadir incilərinin əsas amillərini mənimsəməlidirlər.

Ayrı – ayrı televiziya kanallarında son zamanlar bir çox müsabiqələr, yeni musiqili layihələr həyata keçirilir. Məncə, bu təqdirəlayiqdir.

Milli Televiziyamızda bu günlərdə yayımlanan “Səs Azərbaycan” yeni layihə mənim yuxarıda səsləndirdiyim fikirlərlə həmahəng səslənən bir səs yarışmasıdır. Bu, 50-dən çox nüfuzlu dünya ölkəsində telekanallarında yayımlanan “The voice of” layihəsinin lisenziyası əsasında Azərbaycan Milli Televiziyasında işıq üzü görüb. Artıq ilk veriliş televiziya ilə yayımlanıb. Ilk verilişdən sonra belə qənaətə gəldim ki, veriliş çox uğurla başlayıb, milyonlarla tamaşaçı rəğbəti, məhəbbəti qazanıb. Ən başlıcası odur ki, bu yarışmada xalqımız üçün lazım olan əsrarəngsiz səs sahibləri üzə çıxacaq, gələcəkdə millətimizin dəyərli sənətçilərinə çevriləcəklər.

Münsiflər heyətində Azərbaycan musiqi mədəniyyətində öz yerini tutmuş tanınmış sənət adamlarının – xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Manana Çaparidzenin olması seçimin düzgün və ədalətli olmasından xəbər verir. Artıq seçim turu geridə qalmış, ilk efir həyəcanı tamaşaçılara bəxş olunub.

Gözəl, estetik tərtibatı ilə göz oxşayan yarışma ilk andan diqqət çəkdi. Məncə, yeni nəsl estrada ulduzunu bu yarışmadan seçmək mümkün olacaq. Layihələrdə götürülən əsas meyar yalnız və yalnız səsdir. Aparıcı Tural Əsədovun seçimi də düzgündür, o, ecazkar səsə və auditoriyanı ələ almaq kimi peşəkar qabiliyyətə  malikdir. Yarışanların repertuarı da çox maraqlı və rəngarəng idi.

Verilişin ən maraqlı detallarından biri yarışma öncəsi hər bir münsifin yarışma ilə bağlı öz ürək sözlərini, istəklərini dilə gətirmək, tamaşaçıların ovqatına yeni bir ahəng, yeni rənglər və estetik, xoş duyğular bəxş etməsi oldu. Fikrimcə, digər ölkələrin telekanallarında yayımlanan analoji yarışmalardan bizim ana televiziyada yayımlanan bu layihə öz möhtəşəmliyi, rəngarəngliyi, baxımlılığı ilə heç də onlardan geridə qalmadı, əksinə müəyyən yeni elementlərlə yadda qaldı.

Yarışmanın ən maraqlı epizodlarından biri münsiflərin yarışmaya qatılanların üzünü görmədən, səsini dinləyib dəyərləndirmək, sonra isə kürsünü onlara tərəf çevirərək öz fikrini – bəyəndiyini bildirməsidir. Münsiflərin eyni zamanda yekdil bəyəndikləri iştirakçı isə Samirə Əfəndiyeva oldu. Yarışmada təbii ki, bəyənilməyən iştirakçı da oldu. Lakin, münsiflər bunu peşəkarcasına, insan hisslərinə, şəxsiyyətinə, ləyaqətinə hörmət ruhunda qəlb sızıldatmadan, ürək sındırmadan ifadə etmələri diqqəti daha da çəkirdi. Hər bir iştirakçıya səsinə görə fərdi yanaşılır, mədəniyyət, etik, əxlaqi normalar gözlənilməklə münasibət göstərilirdi. Bu da təqdirəlayiq, xoşagəlimlidir.

Məncə, bu yarışma haqqında gələcək verilişlərdə daha çox fikir söyləmək imkanı yaranacaqdır.

İnanıram ki, hələ qarşıdakı verilişlərdə bizi yeni sürprizlər gözləyəcək, parlaq istedadlar üzə çıxacaqdır.

Uğurlu olsun bu gözəl layihə. “Səs Azərbaycan” ailəmizə, evimizə xoş gəlmisən. Bir Televiziya jurnalisti kimi bütün yaradıcı və texniki işçilərə uğurlar arzulayıram.                                                                             

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır