Modern.az

Xaricdəki tələbəmiz - Məmməd Aslanın nəvəsi: “Babamın Türkiyədəki dostları kömək edirlər” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz - Məmməd Aslanın nəvəsi: “Babamın Türkiyədəki dostları kömək edirlər” - MÜSAHİBƏ

20 Noyabr 2015, 15:29

“Burada nəqliyyatdan başqa hər şey Azərbaycandan ucuzdur”


“Xaricdə təhsil alıb Azərbaycanda özünə yer tapa bilməyən yüzlərlə insan var”

Modern.az saytı “Xaricdəki tələbəmiz” rubrikasında növbəti müsahibəni təqdim edir. Budəfəki müsahibimiz Türkiyənin ən böyük universitetlərindən olan Hacettepe Universitetində təhsil alan magistr Məmmədkamal Paşabəylidir. O, mərhum şairimiz Məmməd Aslanın nəvəsidir: 

- Xaricdə təhsil almaq qərarı haradan yarandı?

- Bakı Dövlət Universitetində bakalavr təhsilimi bitirdikdən sonra magistr oxumağı düşünürdüm. Azərbaycanda magistr təhsilini yalnız öz ixtisasım və jurnalistika fakültəsində ala biləcəyimi dedilər. Bundan sonra xaricə üz tutmağı qərara aldım. Çünki Türkiyədə, eləcə də başqa bir çox ölkədə bakalavr təhsilindən asılı olmayaraq, magistrdə müxtəlif ixtisasları seçə bilərsən. Hazırda Hacəttəpə Universitetinin İqtisadi və idarəçilik elmləri fakültəsinin “Siyasət elmi” bölümündə oxuyuram. Qrup yoldaşlarımın əksəriyyətinin siyasətlə heç bir əlaqəsi yoxdur. Sırf zövq aldıqları üçün oxuyurlar. Qrupumuzda mühəndislər, iqtisadçılar, hüquqşünaslar və tarixçilər var. Məncə, bu daha məntiqlidir. Çünki yaxşı iqtisadçı güclü siyasətçi kimi yetişə bilər. Bütün siyasi ideologiyaların özəyini iqtisadiyyat, yəni xalqın rifahı təşkil edir. Başqa ixtisasların bir-biri ilə sintezi daha yaxşı mütəxəssis hazırlayır. Təəssüf ki, bizim təhsil sistemi bizə bu şansı tanımır.

- Yaşadığın yer və universitet haqqında nə deyə bilərsən?

- Ankara şəhərinin Ümitköy adlı bir səmtində yaşayıram. Ümumiyyətlə, Ankara Türkiyədə təhsil üçün ən uyğun şəhərdir. Şəhərin 8 milyona yaxın əhalisi var. Bu yaxınlarda baş verən terror hadisəsini çıxsaq, çox sakit və maraqlı şəhərdir. Atatürkün məzarı, Atakule, Ankara kulesi və başqa tarixi məkanları var. Türkiyənin 10 ən yaxşı universiteti Ankarada yerləşir. Hacettepe Universitetini ən çox böyük meşəsi və ərazisi olduğu üçün sevdim. 32 min tələbəmiz, araşdırma mərkəzlərimiz, hər sahəni əhatə edən fakültələrimiz, tələbələrə Avropa və Amerikada oxumaq şansı yaradan şirkətlərimiz və saymadığım yüzlərlə özəlliyimiz var.



- Azərbaycan universitetlərindəki tələbə həyatı ilə oxuduğun universitetdəki tələbə həyatı haqqında hansı fərqlər var?

- Bakalavr pilləsini bitirdiyim Bakı Dövlət Universiteti lap məktəb vaxtlarından xəyalım olub və çox şanslıyam ki, orada oxumuşam. Mənim burada da oxumağıma oradakı mühit səbəb oldu. Amma təbii ki, kəskin fərqlər var. Məsələn, burda “ekle sil haftası” deyilən bir sistem var. Semestrin ilk həftəsində istədiyin dərsləri seçirsən və semestr ərzində yalnız seçdiyin dərsləri oxuyursan. Hər semestr ən azı iki, ən çoxu beş dərs götürə bilərsən. Bizdə isə standart dərslər verirlər, seçim şansın olmur. Universitetin böyük yataqxanası və yeməkxanası var. Yeməkxanada hər gün ən azı üç cür yemək verilir, bizim pulla cəmi 50 qəpiyədir. Üçmərtəbəli 24 saat açıq olan çox böyük kitabxanası, dərs oxumaq üçün otaqlar, yüzlərlə kompüteri olan pulsuz laboratoriyası, hətta tələbəyə kitabxanada duş almaq şansı verən böyük bir yer var. İldə bir neçə dəfə tanınmış müğənnilərin konserti, xarici tələbələr üçün partilər və yığıncaqlar təşkil edilir. Müxtəlif təşkilatlara üzv olursan, yaxşı zaman keçirirsən, öyrənirsən. Pulsuz trenajor zalı, hovuzu, çox ucuz, təxminən 10 manata başqa şəhərlərə getmək kimi imkanlar var. Heç bir müəllim və personal, rektorun, yaxud dekanın qohumu deyil, öz zəhməti və savadı ilə o mövqeyə çatıb. Dürüstlük, çalışqanlıq və rəqabət Türkiyə universitetlərində inkişaf yaradır. Bu saydıqlarım Azərbaycan universitetləri ilə müqayisədə xırda fərqlər idi.

- Bir ayda nə qədər xərcin çıxır? Aldığın təqaüd bəs edir?

- Təqaüd almıram. Ayda təxminən 800 dollar bəs edir. Kirayə, kommunal xərclər, yemək, yolpulu, istirahət və başqa ehtiyaclara sərf olunur. Burda nəqliyyatdan başqa hər şey Azərbaycandan ucuzdur.

- Ümumiyyətlə, oradakı tələbə həyatının nə kimi çətinlikləri var?

- Ciddi çətinlik yoxdur. Gəldiyim ilk bir ay uyğunlaşa bilmirdim. Amma sonra hər şey qaydasına düşdü. Burada ən çox Azərbaycan yeməkləri üçün darıxıram. Xalq arasında bizə qarşı çox böyük sevgi var.

- Mərhum babanız Azərbaycanın tanınmış şairlərindən biri olub. O, Türkiyədəki təhsiliniz barəsində nə düşünürdü? Sizə necə dəstək verirdi?

- Babam bunu çox yaxşı qarşılamışdı, sevinmişdi. Türkiyə ilə yaxın əlaqələri var idi. Türkiyəli dostları indi də məni axtarırlar, hər problemimə dəstək olurlar. Təbii ki, bunlar hamısı babamın sayəsindədir.



- Bildiyimiz qədər Məmməd Aslana Türkiyədə münasibət hər zaman yaxşı olub. Siz bunu oxuduğunuz illərdə hiss etmisiniz?

- Babamın yanına ən çox ən yaxın dostları gəlirdi. Əlövsət Ağalarov, Qənbər Şəmşiroğlu, Həqiqətimiz (özü belə deyərdi), Şəmdin Qubadlı, Qurban Sadıqov, Eldar Həsənov, Vaqif həkim və yaxın qohumları. Azərbaycanda fəaliyyət göstərən Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim və Osman Nuri Topbaş isə Türkiyədən ən sadiq dostları idilər. “Xəzər” televiziyasının işçiləri tez-tez ziyarət edirdi. Bu adamların Türkiyədə təhsilimdə yaxından təsirləri, məsləhətləri ol. Sadiq dostlarının mənə olan dəstəyi babamın vəfatından sonra daha çox oldu.

- Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb Azərbaycana gəlmək istəmirlər. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Bu məsələni bir çox tərəflərindən izah etmək olar. Məncə, bunun ən məntiqli səbəbi, xaricdə min bir əziyyətlə təhsil alan həmyerlilərimizin xaricdə özlərini daha dəyərli görməklərindədir. Bu adamların əksəriyyəti məhz bu fikirdədir. Xaricdə təhsil alıb Azərbaycanda özünə yer tapa bilməyən yüzlərlə insan var. Amma mən Azərbaycanda qalmaq və mübarizə aparmağın tərəfdarıyam. Haqq yavaş-yavaş öz yerini tapacaq və bu insanlara dəyər veriləcək. Çünki inkişaf etmiş ölkələrdə insan kapitalı ən vacib amildir.

- Sənin Türkiyədə qalmaq fikrin var?

- Bu barədə fikir bildirməyim çox tezdir. Doktoranturaya davam etmək fikrim var və bundan sonra qərar verəcəyəm.

- Sonda azərbaycanlı tələbələrə xaricdə təhsilin daha fərqli üstünlüklərindən danışardınız…

- Xaricdə təhsil almaq biliklə bərabər dünyagörüşünüzü artıracaq. Fərqli cəmiyyətlər və fərqli mədəniyyətlərlə tanış olub, öz xalqınızla müqayisələr edəcəksiniz. Bu isə sizin yaxşı ilə pisi ayırmağınızda çox kömək olacaq. Özünüzdən asılı olmayaraq bəzi xarakterlər mənimsəyəcəksiniz.

Dərs aldığınız hər müəllimlə dost olmağa çalışın, öyrəndiyiniz hər biliyi qənimət kimi görün...



Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı