Modern.az

Bizim Hicran Hüseynov

Bizim Hicran Hüseynov

Mədəni̇yyət

1 Mart 2020, 12:48


Mahiq Qabiloğlu


AzTV-nin “Xəbərlər”inə təzə gəlmişdim. Diktor Hicran Hüseynov, redaktorlar Mənzərə Sadıqova, Esmira Çərkəzqızı, Bahadır Şəfi, Əli Nəcəfxanlı otaq yoldaşlarım idi. Şöbəyə  Rafiq Yusifoğlu rəhbərlik edirdi.

El dilində desək, Hicran müəllim yüz ilin diktoruydu. Mən ilk dəfə onu ekrandan tanımışdım. Amma indi sadəcə iş yoldaşıydıq. Maraqlı xatirələri vardı. Təkcə televiziyadan yox. Səməndər Rzayevdən, Fuad Poladovdan, Eldəniz Zeynalovdan və digər aktyorlarımızdan.

HAŞİYƏ: Hicran müəllim danışırdı ki, günlərin bir günü Eldəniz Zeynalov, Mikayıl Mirzə, Səməndər Rzayev və mən yemək-içməkdəydik. Bu dəm yadımıza düşdü ki,  bəs vacib bir  hüzr məclisinə getməyi unutmuşuq. Yemək-içməyi yarıda qoyub getdik ora. Əvvəlcədən də danışdıq ki, 10 dəqiqə oturub dururuq. Ağzımızı da açmırıq ki, dəm olmağımızdan duyuq düşməsinlər. Ayıbdır.

Xülasə, girdik çadıra. Oturduq. Qabağımıza çay qoydular. Heç kim dinmirdi. Təkcə mollanın səsi gəlirdi. Hansısa dini bir ayindən danışırdı. Biz də gözümüzü ona zilləyib guya ki, qulaq asırdıq. Əlbəttə ki, hörmət əlaməti olaraq. Bu dəm molla “bu barədə şair gözəl deyib” şeir demək istəyirdi ki, Eldəniz ayağa durub mollanın sözünü kəsdi:

- Molla, şeiri sən demə. Mikayıl Mirzə burdadır. Ondan yaxşı deyəcəksən? Dur, Mikayıl, bir şeir de, hamı dinləsin. (SON)

Hicran müəllim deyilənə görə yeyib-içən adam idi. Onunla bir süfrə arxasında oturmasam da, bu barədə danışdıqlarına qulaq asmaqdan xüsusi zövq alırdım:
“Dünən bir məclisdəydim. Zoğal arağı qoydular ortaya. 100 getdik. Uf-uf-uf... Şipşirin” və sairə. Sonda da ağzını özünəməxsus marçıldadırdı. Hərflə ifadə edə bilmirəm. Danışdıqlarının çoxu yadımdan çıxıb. Çünki onda yeyib-içən deyildim. Ümumiyyətlə, televiziyada özəl yemək-içmək məktəbi var idi ki, Nizami Xudiyev sədr gələndən sonra Qorbaçov kimi “suxoy zakon” tətbiq etməklə bu ənənəyə son qoydu.


Mən 1996-cı ildə AzTV-yə gələndə diktorlarımız bir sinif kimi artıq tarixə çevrilməkdə idilər. Yalnız proqram oxuyurdular. Onların yenidən ekrana qayıtmasında, verilişlərə, xüsusilə də “Xəbərlər”ə cəlb olunmasında  Nizami müəllimin  böyük rolu oldu. Qocaman və orta yaşlı diktorlarımız hüquqi dildə desək, reablitasiya olundular. 20.00 “Xəbərlər”ini iki diktorun aparması ənənəsi bərpa olundu. Sabir Ələsgərov,  Roza Tağıyeva, Rafiq Həşimov, Qarasim Tağızadə, Ofelya Sənani, Nailə İslamzadə, Nəsimi Nəbizadə, Tamilla Məmmədova, Esmira Çərkəzqızı, Hicran Hüseynov, Kəmalə Əzizqızı və digərləri xalq arasında “Prezident proqramı” kimi tanınan, hamının izlədiyi “Xəbərlər”in yenidən aparıcısına çevrildilər. 


Hicran Hüseynovla Esmira Çərkəzqızı bu aparıcılıqda duet idilər. Onları digər diktorlardan fərqləndirən o idi ki, Sabir Ələsgərovun rəhbərlik etdiyi diktor şöbəsinə daxil deyildilər. “Xəbərlər”in redaktoru sayılırdılar. Yəni ki, həm də çəkilişlərə gedirdilər. Hicran müəllim əsasən parlament iclaslarını çəkirdi. Səliqəli saç düzümü, geyimi-keçimi ilə digərlərindən seçilirdi. Onu belə öyrətmişdilər, o da digərlərinə nümunə göstərirdi.


HAŞİYƏ:
Günlərin bir günü gördük ki, Hicran müəllim 18-19 yaşlı oğlanı otuzdurub qabağında deyir: “Bu gün biz sizə gələcəyik cüməaxşamlaşmağa. Sabah siz bizə gələcəksiniz cüməaxşamlaşmağa. Bu gün onlar gələcək bizə cüməaxşamlaşmağa. Sabah biz gedəcəyik onlara cüməaxşamlaşmağa”.
Hicran müəllim bunu deyəndən sonra cavan oğlan da başlayırdı  bu sözləri təkrar eləməyə: “Bu gün biz sizə gələcəyik cüməaxşamlaşmağa. Sabah siz bizə gələcəksiniz cüməaxşamlaşmağa...”. Mən də çəkilişdən qayıdan adam, oturub kadr arxası mətni yazırdım. Axırda uşaqlardan kimsə bu, eyni təkrar ifadələrdən bezib “Hicran müəllim, bəsdir də...” deyə ərklə ona çımxırdı. Hicran müəllim də “atasıyla dostam. Xarici görünüşü düşür efirə. İndi xüsusi məşğul oluram bununla. Bir şey alınsa, Nizami müəllimə təqdim edəcəyəm” deyərək, yaraşıqlı,boy-buxunlu cavanı bizimlə də tanış etdi.

Daha heç kim bir söz demədi. Bir müddətdən sonra oğlan gözə dəymədi. Fikirləşdik  ki, yəqin Hicran müəllim bizi narahat etməsin deyə, onunla başqa yerdə məşğul olur. Amma günlərin bir günü “uşaqlar məni soruşan olsa, bir hüzr yeri var dəyib gəlirəm. Burda dərs dediyim oğlan var idi e... Dənizdə çimərkən boğulub-ölüb. Cüməaxşamısıdır. Gedirəm cüməaxşamlaşmağa”. (SON)

Günlərin bir günü gördük ki, Hicran müəllim tünd yaşıl rəngdə “DAEWOO-ESPERO” maşını alıb. O vaxt hər adamda xarici maşın yox idi. Barmaqla sayılırdı. Bu cür xarici maşınlar Milli Məclisim daimi komissiya sədrlərinə verilmişdi. Səmimi adam idi Hicran müəllim. Heç nə gizlətmirdi başqalarından. Dedi ki, “Qəbələdən Milli Məclisin deputatlığına namizəd olan hörmətli bir adamın vəkili idim. O da qalib gəlib seçkilərdə. Bu da ona verilən qələbə şirinliyidir. Ayağım yüngül olub”. (Onu da qeyd edim ki, ayağı bu gün də yüngüldür Hicran müəllimin. Həmin adam yenə də deputat seçildi). Onda bildim ki, Hicran müəllimin əsli-kökü Qəbələdəndir.

Düzünü deyim ki, onunla yola getmirdik. Hər söylədiyi söhbətin, xatirənin sonuna bir qulp qoşurdum. Bəzən söyürdü, vurmaq da istəyirdi... Amma əl saxlayırdı - “Qurban olasan Qabil müəllimə. Yaxşı kişidir. Dostumdur. Yoxsa...” – deyərək. Amma xətrimi də çox istəyirdi. Hardan bildim?..


HAŞİYƏ:
 Günlərin bir günü işdə Hicran müəllimin ürəyi tutur. Uzadırlar “Xəbərlər”in dəhlisindəki kresloya. Demə infarkt imiş. Mən də o vaxt komandirovkadaydım rayonda. Təcili yardım maşını gələnəcən, biri validol tapıb qoyur dilinin altına. Köhnə qvardiya – diktorlar tez özlərini çatdırırlar. “Can, can” deyərək biri əlini ovuşdurur, o biri alnının tərini silir. Hicran müəllim də özündə olmur. Gözünü yarı açaraq “Mahir, hardasan Mahir” deyə başlayır çağırmağa. Təcili tibbi yardım vaxtında özünü yetirib Hicran müəllimi çatdırır xəstəxanaya. Rayondan qayıdandan sonra o qadın diktorlardan biri mənə “ay Mahir, yanında olan biz, buna ürək-dirək verən biz. Bizim adımızı çəkmir, səni çağırır” deyəndə, onda bildim ki, Hicran müəllim məni çox istəyirmiş. Bütün şıltaqlıqlarıma baxmayaraq. (SON)

Hicran müəllim 5 saylı Xəstəxanada  müalicəsini başa çatdırıb qayıtdı sıralarımıza. Amma xəstələnməsinə səbəb bu deyildi. Qızının toyuna köhnə dostu, diktor, xalq artisti Rafiq Hüseynovu çağırması, onun sağlığına badə qaldırması və ardınca toy kassetinin sədr Nizami Xudiyevə “xüsusi izahlarla” çatdırılması nəinki Hicranın, digər diktorların da yenicə işıqlanmağa başlayan karyerasına son qoydu. “Xüsusi izah” bilirsinizmi nə idi? Amma gülməyin. “Nizami müəllim sən Hicranı yenidən ekrana qaytardın. “Xəbərlər” kimi yerə işə bərpa etdin. Maşın aldı. Deputatların sevimlisinə çevrilib. Gündə onlarla yeyib-içir. Hara gedir, ayağa dururlar. Amma bax-gör toyda bir dəfə sənin sağlığına badə qaldırdılar? Yox! Amma Rafiq Hüseynovu bəh-bəhlə təriflədi”.
Bax bu “xüsusi izah” Hicranın karyerasına son qoydu. Düzdür, Nizami müəllim onu işdən çıxarmadı. Sadəcə quru maaşa oturtdu. Çəkilişlərə getməyinə qadağa qoyuldu. Vəssalam-Şüttəmam. Hə, yadımdan çıxmışdı. Diktorlar şöbəsi də ləğv olundu. Onları redaksiyalara səpələdilər.



HAŞİYƏ:
Hicran müəllim qızının toyuna məni də çağırmışdı. Çox həyəcanlı idi. Təbii ki, bütün toy yiyələri toy günü həyəcanlı olur. Mənim isə heç nə vecimə deyildi. Yeyib-içib, rəqs edirdim. Toyun ortasında foyeyə çıxdım. Gördüm ki, Hicran müəllim bir aktyor dostuyla dayanıb söhbət edir. Məni görcək söhbətini kəsdi.

- Nədi?
- Heç nə. – deyə cavab verdim.
- Bax gicləmə ha... Bura səninçün iş deyil, toydur, - deyə Hicran müəllim gərgin olduğunu bir az da biruzə verdi. Yəni ki, Mahir uzaq gəz, zarafatlaşmalı halım yoxdur.
- Hicran müəllim, elimizin adəti var. Bir abrın olsun, həyan olsun. Heç olmasa dilucu da olsa, gəlib icazə alaydın. Sadəcə elə-belə,  mədəniyyət xatirinə.
- Əəə, sən bunu görürsən? – deyə məni yanında dayanan aktyor dostuna göstrədi, - deyir ki, qızına toy eləyirsən, bəs məndən icazə almalısan,- deyə Hicikin (onu belə əzizləyirdim) qırışığı açıldı, başladı gülməyə.
- Onu demirəm e... Hicran müəllim.
- Bəs nəyi deyirsən, - Hicik yenidən  ciddi görkəm aldı.
- Deyirəm ki, kürəkəninin adı Qabildir. Adam kürəkəninə ad qoyanda gəlib məndən icazə almaz? Nə ixtiyarla atamın adını kürəkənə qoymusan?

Bunu demişdim ki, Hicran qaqqanaq çəkib güldü. Mən isə tez zala keçdim. (SON)

HAŞİYƏ: Redaksiyanın dəhlizində televizor vardı. Gecə-gündüz AzTV-ni göstərirdi. Həmişə açıq idi – baxsaq da, baxmasaq da... Günlərin bir günü də televizorda “Gün keçdi” bədii filmini göstərirdilər. Hicran da oturub baxırdı. Mən də arxam televizora tərəf kresloda oturub onunla söhbət edirdim. Bir də hiss etdim ki, mənimlə danışsa da,  fikri ekrandadır.

- Hicik, bu filmi görməmisən? Nə maraqla baxırsan?

Heç nə demədi. Acığa televizorun düyməsini basıb söndürdüm. Az qaldı ki, “öldürsün” məni. Yerindən sıçrayıb tez televizoru yandırdı. Day yerinə oturmadı. Əliylə düyməni məndən qoruyurmuş kimi tutub, başladı maraqla baxmağa. Az qala televizorun içinə girəcəkdi. Bu an isə baş qəhrəmanın aeroportdan avtobusla qayıtması səhnəsini göstərirdilər.  Həsən Məmmədov pəncərədən yola baxır. Bu dəm yanlarından oğlanın sürdüyü və arxasında bir qız oturan  motosiklet keçir. Yəqin ki, xatırladınız. Hicran müəllim bu səhnəyə baxıb “indi söndürürsən, söndür” deyib oturdu yerinə. Kövrəlmişdi. Nəsə gizlədirdi. Bu dəm:

- Hicik, motosikleti sürən sən idin? Bəs o qız kim idi, hə?

Bu sirrini də belə açmışdım. Amma dedi ki, heç kimə demə. Niyə gizlədirdi? Bilmirəm. Amma məndə təqsir görməyin. Mənə demişdi ki, “heç kimə demə”. Amma deməmişdi ki, “YAZMA!” (SON)

Bir müddətdən sonra sədrin yanında keçirilən iclasda Hicran özünü pis hiss etdi. İcazə alıb kollegiya zalından çıxdı. O çıxandan sonra, dostumuz Sakit Ocaqlının “Nizami müəllim, “Qul qəbahətsiz, ağa kəramətsiz olmaz”. Hicran Hüseynov yaxşı adamdır. Nə olub-olub.  İndi nəsə bir xəta edib də... Keçin günahından” xahişindən sonra Nizami müəllim də yumşaldı. Amma işçisinin onun yaxşılığının əleyhinə olaraq etdiyi hərəkətləri bizimçün sadalayıb ürəyini boşaltdı. Sonda çəkilişə getməyinə icazə verdi. Siftə isə uğurlu alınmadı.


HAŞİYƏ:
  Xalq şairi Mirvarid Dilbazi rəhmətə getmişdi. Ertəsi gün cənazəni Şəhriyar adına klubdan götürəcəkdilər. Amma ora çəkiliş qrupunu göndərmək yaddan çıxmışdı. Daha doğrusu anlaşılmazlıq olmuşdu. Baş redaktorumuz elə bilmişdi ki, mərasimi Prezidentin çəkiliş qrupu çəkəcək. Bir də ayıldıq ki, bəs mərasim sona çatır, amma ora çəkiliş qrupu getməyib. Mən növbətçiydim. Allahverdi müəllim dəhlizə çıxdı və gördü ki, Hicran oturub televizora baxır.

- Hicran müəllim, maşın gözləyir. Kasset götürün çıxın enerqoblokun qabağına. Şəhriyar klubuna gedəcəksiniz.

Qrupu yola saldım. Yarım saatdan sonra Allahverdi müəllimə zəng edirlər ki, bəs çəkiliş qrupu gəlib çıxmayıb. Zəng elədik ki, “Hicran, bəs hardasan?”

Bizə təzə, Əli adlı bir şofer vermişdilər. Qarajdan çıxan kimi “bənzin yoxdur” deməyə adət eləmişdi. Bu sözü Hicran müəllimə də deyib. O da çoxdan çəkilişlərə getmədiyi üçün Əlinin bu bicliyini bilmirmiş. Yazığı gəlib və deyib ki, “sür benzindoldurma məntəqəsinə”. Biz də zəng edəndə ki, “Hicran bəs hardasan?”. Cavab verdi ki,  “Qələbənin kruqundayam, Allahverdi müəllim. Benzinkolonkada”.  Xülasə, Hicran müəllim vida mərasimini çəkməyə gecikir. Düzdür, başqa televiziyaların “donor” köməyi ilə materialı efirə verdik. Amma, Nizami müəllim bundan xəbər tutmadı. Xəbər tutsaydı, yenidən Hicran müəllimi cəzalandıracaqdı. Fürsət bilib işdən çıxara da bilərdi.

Hətta studiyadan çıxanda guya ki, Hicikin ayağı harasa ilişib yıxılmışdı da... Sonra kresloda oturub ürəyini tutmuşdu. Amma “skorı” çağırmağa icazə verməmişdi. Niyə “guya ki” dedim? Çünki orda ayağa ilişməli heç çöp də yox idi. Bunu məncə bilə-bilə eləmişdi, ürəyini də yalandan tutmuşdu ki, danlamasınlar, cəza almasın. Televiziyaya çox bağlı adam idi. Hər şeyi yoluna qoyandan sonra baş redaktor məsləhət etdi ki, Hicran müəllimi öz maşınına mindirim və özüm sükan arxasına keçib evəcən aparım. Təzə xarici maşın və "Volqa"dan yüksək maşın sürməyən mən. Başladım hər addımbaşı siqnal verib, mərkəzi küçələrlə şütüməyə. Heç nə demirdi. Axırda dözməyib soruşdu ki, “bəs niyə addımbaşı siqnal verirsən?”. Cavab verdim ki, “Hicik, qoy görsünlər ki, mənim də xarici maşınım var”.
“Kül başıva. Mənim maşınımla tirpaşlıq edirsən?” deyib qapazı qoydu başıma.  (SON)

O, otağa girən kimi başlayırdıq zarafata. Ağzından elə sözlər çıxırdı ki, sanki ayaq verirdi bizə. Biz də zarafata başlayanda başlayırdı cırnamağa. Bəzən isə heç başa düşmədiyimiz halda sözü pis yönə yozurdu.


HAŞİYƏ:
Günlərin bir günü qadın əməkdaşlardan biri otağa girdi. Bizim yanımızda:

- Hicran müəllim, vaxtın var?
- Var. Necə bəyəm?
- Tolkuçkaya gedirəm. Şalvar almağa. Hansı yaxşıdır, hansı pis, bilmirəm. Sənin şalvardan başın çıxır?

Hicran müəllim heç nə demədi. Qızardı, bozardı. Qız sualını bir də təkrar elədi?

- Hicran müəllim, şalvardan başın çıxır?
- Ay uşaq, sən mənim övladım yerindəsən. Bu nədir deyirsən, utanmırsan?
- Hicran müəllim, nə dedim ki hirslənirsən? Başın çıxmır çıxmır da... Başqasıyla gedərəm. (SON)


HAŞİYƏ:
Sovet vaxtı Hicran müəllim diktorskidə oturub verilişə hazırlaşıbmış. Bu dəm qadın əməkdaşlardan biri təlaşla otağa girib “qızlar, ay qızlar, qulağınızı çəkin”. Qızlar da qulaqlarını çəkib, soruşurlar ki, “bəs axı nə olub?”. O da cavabında “Bilirsiniz nə olub? Ujas. Filankəsin matkasını çıxarıblar”. Birdən həmin qadın əməkdaşın gözü sakitcə oturub verilişə hazırlaşan Hicrana sataşır.

- Hicran, sən də qulağını çək.
- Başın xarabdır? – deyə Hicran gözünü kağızdan çəkib açıqla o qadına dillənir. -  Mən niyə qulağımı çəkim? Mənim matkam var?
- Sənin də oran var. – deyə qadın ciddi görkəm alaraq cavab verir. (SON)

Bizim Hicran müəllim belə adamıydı. Hamı onu çox istəyirdi. Mən isə bəzən bilə-bilə, bəzən də bilməyə cırnadırdım onu.


HAŞİYƏ:
Günlərin bir günü işimi tez qurtardım. Otaqda Hicran müəllimdən başqa heç kim yox idi. O da çəkilişdən qayıdıb mətn yazırdı. (Gözəl xətti vardı.) Könlümə xaş düşmüşdü. Səhər tezdən vaxt olmadığı üçün, günorta getmək fikrinə düşdüm. Şəhər telefonuyla zəng elədim bir qohuma:

- Gedirəm “Lalə” kafesinə. Bacanağım Rəfailin yanına. Yaxşı hazırlıq görüb. Xaş, sirkə-badımcan, sarımsağ, dənələnmiş nar, nar soku, təzə təndir çörəyi, suxarı, zoğal arağı. Təmizindən. Bir rumka içən kimi tər təpənin ortasından süzülür-süzülür alnının ortasıyla burnunun üstünə, ordan da  süzülür düz burnunun ucuna. Ordan da damcı-damcı damcılayır köynəyinə. Bu dəm çəngəli batırırsan xaşın içindən bir dənə qarın parçasını götürürsən qoyursan ağzına, həmən əriyir. Əlin kley kimi olanda boşqabda ortaya gələn qaynar, yaş əskiylə əlini silirsən. Oxxayy!

- Günorta da xaş olar? Başqa vaxt inşallah. -  deyə qohum rədd cavabı verdi. Bu cür təqdimatın qabağında tab gətirməyəcəyini düşünürdüm. Beləcə 3-4 nəfərə də zəng elədim. Onlar da “otkaz” getdilər. Bu an Hicran müəllim qələmini yerə çırpdı. Kağızı da bürmələyib yerə atdı:

- Bəsdir də, Mahir. Qanacağın olsun, qabiliyətin olsun. Haram olsun Qabilin çörəyi sənə...

Telefonun dəstəyini yerinə qoyub məəttəl-məəttəl ona baxmağa başladım. Axı neyləmişdim? Ona nə demişdim ki, mənə belə deyir.

- Ay kişi, - deyə Hicran müəllim sözünə davam elədi, - səhərdən yüz adama zəng eləmisən ki, gəl gedək qonaqlığa. Hamısı da “otval” verir sənə. Qarşında bu boyda, bu ranqda yeyib-içən adam oturub. Heç nəzakət xətrinə təklif də etmirsən. (SON)

İndi başa düşürəm ki, nəzakətsizlik eləməmişəm. Yeyib-içən adamın yanında yemək-içməkdən danışıb, onu dəvət eləməmək, ən azı eşşəklikdir. Nə edə bilərəm ki... artıq gecdir. Səhvlərimi düzəldə bilməyəcəyəm. Çünki Hicran müəllim aramızda yoxdur.  Axırıncı dəfə onu atamın yasında gördüm. Artıq AzTV-də işləmirdi. Nizami Xudiyev işdən çıxanda, Arif Alışanov sədr gələndə yaman sevinirdi. Hətta yeni sədrin təqdimatı, Prezidentimiz İlham Əliyevin sərəncamıyla ona Azərbaycanın "Əməkdar artisti" fəxri adı da vermişdilər. Sonra isə təqaüdçü damğası qoyub, işdən uzaqlaşdırmışdılar. Sanki balığı dənizdən  çıxarıb, akvariuma salmışdılar.

Çadıra girəndə qarşıladım onu. Qanıqara halda “ayağın yer almasın. Sənə görə gəlməmişəm. Kişi mənim dostum idi. Allah rəhmət eləsin ona” dedi. İncik idi, büzüşmüşdü, qocalmışdı. Səhnəsi, meydanı əlindən alınan Əməkdar artist idi Hicran Hüseynov. Deyəsən Nizami Xudiyevin atasına rəhmət oxuyurdu. Ona acığı tutanda belə, dənizdən çıxarıb evindəki akvariuma atmayan Nizami Xudiyevin atası Mənaf kişiyə.


HAŞİYƏ:
“Xəbərlər”in 20.00 buraxılışını Esmira Çərkəzqızı ilə birlikdə aparırdı. Bəzən bəxtinə Prezident Aparatından faksla göndərilən, latın qrafikasında sərəncam və məktublar da düşürdü. Çətinlik çəkirdi latın qrafikasında mətnləri oxumağa. Gözü kirilə öyrəşmişdi. Ona görə də efir gedə-gedə latın qrafikasında olan yazıları Esmira tərəfə sürüşdürürdü. O da Hicran müəllimin xətrinə dəymirdi. Oxuyurdu. (SON)


Artıq bir neçə ildir ki, diktor, əməkdar artist Hicran Hüseynov, Hicran müəllim, Hicik aramızda yoxdur (1 mart 2013-cü ildə vəfat edib). Arabir onunla bağlı xatirələri yadıma salıram. Çoxunu qələmə ala bilmədim. Çoxlu-çoxlu üç nöqtələr qoymaqdan acığım gəlir. Sonda isə bütün yazdıqlarımı bir daşlaşmış ifadədə yekunlaşdırmağa məcburam: “Allah rəhmət eləsin!”...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu