Modern.az

“Məşhur filmlərdən sitatlar” - “Bəxtiyar”ın dillər əzbəri olan ifadələri: “Pulumu verin!!!” - RUBRİKA

“Məşhur filmlərdən sitatlar” - “Bəxtiyar”ın dillər əzbəri olan ifadələri: “Pulumu verin!!!” - RUBRİKA

23 Noyabr 2015, 12:32


Modern.az
saytı “Məşhur filmlərdən sitatlar” rubrikasını davam etdirir. Bu dəfə 1955 –ci ildə lentə alınmış və 1956-cı ildə efirə verilməklə Azərbaycanın televiziyada göstərilən ilk film kimi tarixə düşən “Bəxtiyar” filminin maraqlı sitatları təqdim ediləcək. Əvvəlcə onu qeyd edək ki, bir çox məşhur aktyorları – Ağasadıq Gəraybəyli (Ağabala), Münəvvər Kələntərli (Gülzar), Məmmədrza Şeyxzamanov (professor Rəcəbov), Rəşid Behbudov (Bəxtiyar), Lütfi Məmmədbəyov, Müxlis Canızadə (Bəxtiyarın dostları) və başqalarını komanda şəklində bir araya gətirən film çətinliklər hesabına çəkilib. Hətta Moskva filmin gənc rejissoru Lətif Səfərovdan dekorasiyaların pis və yararsız olmasını bəhanə gətirərək, işi yarımçıq qoymağı tələb edib. Amma Tofiq Quliyevin 10 mahnı, 11 musiqi bəstələdiyi, Rəşid Behbudovun bənzərsiz səsi ilə həyat qatdığı həmin film çox sonradan öz layiqli dəyərini tapa bildi. Filmin ilk adı “Mahnı ilə eldən-elə” olub. Daha sonra isə dəyişiklik edilərək “Bəxtiyar” adlandırılıb. Rəşid Behbudovun da oynadığı rolun adı Bəxtiyar yox, Kamal olub. Beləliklə, o filmdən dillər əzbəri olan sitatları təqdim edirik:

Filmin əsas rollarından biri özünü incəsənətdə köhnə adlandıran Ağabala  Hüseynovdur. Ağabala obrazı olmasaydı, bəlkə də bu film bu qədər sevilməzdi. Ağabala fırıldaqçı, fitnəkar və yaltaq obrazdır. Filmin uğuru ondadır ki, hətta mənfi obrazları belə, tamaşaçıya sevdirməyi bacarıb. Bu da aktyor Ağasadıq Gəraybəylinin yüksək peşəkarlığından xəbər verir. Ağabalanın dilindən səslənidirilən məşhur ifadələri təqdim edirik:

“İşimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir” (kollektivə müraciətlə)

“Bunu bilin ki, Zəhra xala, mən bu klubun direktoruyam, siz isə burada kassirşasız” (xalası Zəhraya məzəmmət edir )

“Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir” (xalası Gülzara təpinir)

“Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar” (qohumlara - klub üzvlərinə müraciət edir)

“Bəlkə bir balaca antrakt elan edək?” (komissiya üzvlərinə müraciətlə deyir)

“Rza kimi qohumun başına daş düşəydi”(“pionist” Rzadan gileylənərək deyinir)

“Heç artistə də qabaqcadan pul verərlər?” (xalası Gülzara əsəbiləşir)

“Vay dədəm var, atova lənət “Kirpi”” (satirik jurnaldakı məqalədən şübhələnərək deyir)

Siz mənə sərt xəbərdarlıq və şiddətli töhmət verə bilərsiniz” (komissiya üzvləri ilə mübahisə edir)

Azərbaycanda məni az-çox tanıyırlar” (Rza İsmayılova müraciətlə)

Gördüyümüz kimi filmdə əsas replikalar Ağabala tərəfindən səslənir. Amma başqa obrazların ifasında eşidilən maraqlı sitatlar da var:

“Niyə yox, nəyə baxacaqlar?! (Zəhra xalanın klubun iclasındakı çıxışından)

“Axırıncı qazdığınız quyunun dərinliyi nə qədər olub?” (komissiya üzvü rəqqasa sual verir)

Mən tək kontrabasda?..” (kontrabas ifaçısının Ağabalaya etirazı)

“Sizin alma bağınızı özümüzün meyvə bazası hesab etdiyimiz zamanda” (Yusifin yarımçıq qalmış tostu)

Boyy, başıma xeyir, deyəsən Yusif partladı” (Nataliya bibinin şampanların partlamasına münasibəti)

Filmdəki maraqlı dialoqlar:

“-Yaman yerdə axşamladıq…

-Bu gün axşam?!” (Həmidlə kar Rzanın dialoqu)

“-Axşama artist tapmaq lazımdı..

-İtirmişəm ki, tapım” “ (Rza ilə Ağabalanın dialoqu)

-“Axırıncı qazdığınız quyunun dərinliyi nə qədər olub?

-Beş metr!

-Yox, 10 metr” (komissiya üzvləri ilə rəqqasların dialoqu)

-Balam heyyy, oğlun Əhməd toy eyləyir Gülcahan?

-Yox canım babam evlənir, Gülbadam” (Hüseynova bacılarının oxuduğu bu  “mahnı”nın bütün sözləri az qala dillər əzbərinə çevrilib). 

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü