Modern.az

Mətbuat Şurası 4 qəzetlə bağlı şikayətə baxıb

Mətbuat Şurası 4 qəzetlə bağlı şikayətə baxıb

11 Noyabr 2010, 16:31

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Komissiya üzvləri Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan İslam Partiyasının «Alma», «Təfəkkür» Universitetinin «Qanun və şah», Quba Dövlət Sosial-İqtisadi Kolleci və Oğuz Rayon Maliyyə İdarəsinin «Polit alyans», Şamaxı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin «Müasir zaman» qəzeti ilə bağlı müraciətlərini araşdıraraq rəylər qəbul edib.

«Alma» qəzetinə ciddi xəbərdarlıq edildi

İclasda öncə Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan İslam Partiyasının «Alma» qəzeti ilə bağlı şikayətlərinə baxılıb. Bildirilib ki, şikayətə səbəb bu mətbu nəşrin 31 oktyabr 2010-cu il tarixli sayında dərc olunmuş «Cəhalət, yoxsa elm?» və «Turan Dursundan seçmələr» sərlövhəli materiallardır. Şikayət müəllifləri yazılarda İslam dininə qarşı hörmətsiz yanaşıldığını, milyonlarla müsəlmanın heysiyyatına toxunulduğunu vurğulayaraq Mətbuat Şurasından məsələ ilə bağlı ölçü götürməyi xahiş ediblər.

Komissiya belə rəyə gəlib ki, hər bir KİV kimi, «Alma» qəzeti də mövzu seçimində və təqdimatında sərbəstdir. Lakin elə məsələlər var ki, onlara həssas yanaşmaq zərurəti duyulur və media orqanının peşəkarlıq səviyyəsi, hadisə və proseslərə münasibətdə qərəzsizliyi məhz bununla ölçülür. «Alma» qəzetində gedən hər iki materialda və «Turan Dursundan seçmələr» sərlövhəli yazıya çəkilmiş illüstrasiyada «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra tələbləri pozulub. Nəşrin məsələyə dair dərc etdiyi təkzib isə narazılığın aradan qaldırılması baxımından məqbul deyil. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bunları nəzərə alaraq qəzetə ciddi xəbərdarlıq olunması rəyinə gəlib. Rəydə həmçinin «Alma» qəzetinin adının Şuranın «qara siyahı»sına salınması üçün əlavə əsasların olub-olmadığının da araşdırılması əksini tapıb.

«Qanun və şah»: qanuna istinad, yoxsa reketçilik əlaməti?

İclasda müzakirə edilən ikinci məsələ «Qanun və şah» qəzeti ilə bağlı olub. Nəşrin baş redaktoru qəzetin «Yeni Çağ» Analitik İnformasiya Agentliyindən «Təfəkkür» Universiteti ilə əlaqədar yazını 6 aydan sonra olduğu kimi dərc etdiyini deyib. O bildirib ki, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanunu rəhbərlik etdiyi KİV qarşısında buna dair hər hansı məsuliyyət qoymur. Komissiya üzvləri məhz həmin qanuna istinadən bu arqumentin yanlışlığını əsaslandırıblar.

Komissiya «Yeni Çağ»ın rəsmi surətdə qeydiyyatdan keçən kütləvi informasiya vasitələri şəbəkəsinə daxil olmadığını, şikayətçinin belə bir saytın mövcudluğundan qəzetdə material getməsindən sonra xəbər tutduğunu, etik prinsiplərə sayğısızlığın bu təqdimat zamanı da təkrarlanmasını cavabdehin iddiasının əsassızlığına sübutlar kimi dəyərləndirib.
«Qanun və şah» qəzetinin məsələyə yanaşma tərzinin nəşrin fəaliyyətindəki digər məqamların araşdırılmasına ehtiyac yaratdığı vurğulanıb. Komissiyanın rəyində qəzetə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi, nəşrin 3 aylıq monitorinqinin aparılması əksini tapıb. Şuranın Katibliyinə monitorinqin yekunu barədə komissiyanı məlumatlandırmaq tövsiyyə olunub.

«Polit alyans»a sonuncu xəbərdarlıq

Quba Dövlət Sosial-İqtisadi Kollecinin və Oğuz Rayon Maliyyə İdarəsinin «Polit alyans» qəzeti ilə bağlı müraciətlərinin müzakirəsində şikayətçilərin iddialarında ifadəsini tapan tələblərin haqlı olduğu müəyyənləşdirilib. Bildirilib ki, mətbu nəşr 14-20 oktyabr 2010-cu il tarixli sayında kollec və idarə barəsində gedən yazılarda araşdırılmamış, həqiqiliyinə aydınlıq gətirilməyən, anonim mənbələrə istinad edilən fikirləri qabardıb, qarşı tərəfin məsələyə münasibətini öyrənməyib, hətta buna cəhd göstərildiyini də vurğulamayıb. Komissiya üzvləri «Polit alyans» barədə Şurada əvvəllər də müzakirələrin aparıldığını önə çəkərək hazırkı xoşagəlməz halı nəşrin iradlardan nəticə çıxarmaması kimi dəyərləndiriblər. Qəzetin təsisçisi Hakim Rəhimov mətbu nəşrlə bağlı səslənən tənqidi fikirlərlə razılaşıb. O  bu yaxınlarda qəzetin təsisçiliyini üzərinə götürdüyünə, kollektivini yeniləşdirdiyinə diqqəti çəkərək Mətbuat Şurasından bütün bunların nəzərə alınmasını xahiş edib. H.Rəhimov qəzetin tezliklə fəaliyyətində dönüş yaradacağını bildirərək müzakirə edilən məsələlərlə əlaqədar üzrxahlığa və təkzib verməyə hazır olduğunu deyib. Komissiya bunu yetərli sayıb və «Polit alyans»a sonuncu xəbərdarlığını edib. Qəzetin fəaliyyətində nə dərəcədə dönüş yaratdığını müəyyənləşdirmək məqsədilə Şura Katibliyinin bu KİV-lə də bağlı 3 aylıq monitorinq aparması məqsədəuyğun sayılıb.

«Müasir zaman»ın qarşı tərəfdən üzr istəməsi nəzərə alındı

Komissiya üzvləri «Müasir zaman» qəzetinin 25 sentyabr 2010-cu il tarixli sayında gedən «3 icra başçısı bir meşəbəyi ilə bacarmır» sərlövhəli yazıda da «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğunu nəşr rəhbərliyinin nəzərinə çatdırıb. Qeyd olunub ki, yazıda Şamaxı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru A.Şirinovun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə yönələn fikirlər xüsusi diqqət çəkməkdədir. Mətbu nəşrin rəhbəri iclasda məqalə müəllifinin işdən azad olunduğu, qəzetin son sayında qarşı tərəfdən üzr istənildiyi və təkzib dərc edildiyi barədə məlumat verib. Komissiya görülmüş tədbirlərin şikayətçi tərəfi qane etdiyini nəzərə alaraq məsələni həll olunmuş sayıb.

2 KİV-in adının Mətbuat Şurasının «qara siyahı»sına salınıb

Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası da keçirilib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiya Şikayətlər üzrə Komissiyanın və Şura Katibliyinin 6 qəzetlə bağlı təqdimatları ətrafında müzakirələr aparıb.

Komissiya sədri V.Rəhimzadə araşdırılacaq məsələlərin xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, burada əsasən iki cəhət nəzərə çarpmaqdadır. Elə qəzetlər var ki,  onlar ucuz sensasiya yaratmaq istəkləri ilə ictimaiyyət içərisində özlərinə qarşı kəskin reaksiyanın formalaşmasına səbəb olublar. Ən başlıcası isə onlar yolverilməz hərəkətləri ilə milyonlarla insanın heysiyyatına toxunurlar. Belə media vasitələrinin etdikləri hansısa təmənna umaraq peşə davranışı qaydalarını pozanlardan heç nə ilə fərqlənmir. Buna görə də Şikayətlər üzrə Komissiya onlarla bağlı məsələlərə dair yekun rəyin verilməsini «Reket jurnalistika»ya qarşı Komissiyaya tövsiyyə edib.

V.Rəhimzadə ikinci qrupa daxil olan KİV-lərin fəaliyyəti üçün təmənna xarakterli telefon zənglərinin, hansısa məsələ ilə bağlı guya məlumatlı olmanın bildirilməsinin, həmin məsələ barəsində susmaq üçün qapalı, əksər hallarda açıq eyhamların vurulmasının, istək ödənilmədiyi təqdirdə açıq şantaj üsullarına əl atmanın, bunun üçün anonsdan istifadənin və digər cəhətlərin xarakterik olduğunu vurğulayıb.

Komissiya üzvləri diqqəti bəzi qəzetlərin materiallarında təhqir və böhtan atılmasının, bəzən ən ağır cinayətlərdə ittihamlandırmanın bariz tendensiyaya çevrildiyini narahatlıqla bildiriblər. Qeyd olunub ki, ayrı-ayrı şikayətlərdə KİV-lərin məhkəmə, hakim və müstəntiq rolunda çıxış etməyə cəhd göstərdikləri də əksini tapıb.

Müzakirələrdən sonra 2 KİV-in adının Mətbuat Şurasının «qara siyahı»sına salınması, 4-ü barədə araşdırmaların davam etdirilməsi rəyinə gəlinib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir