Modern.az

“Sirus Təbrizlinin YAP-la bağlı dediklərinin üstünə gəlib çıxırıq” - MÜSAHİBƏ

“Sirus Təbrizlinin YAP-la bağlı dediklərinin üstünə gəlib çıxırıq” - MÜSAHİBƏ

23 Noyabr 2015, 16:58

“91-lər”in üzvü Ariz Abduləliyev: “Vəzifədən qanunsuz əməllərinə görə azad edilən eks-məmurlar niyə hələ də YAP-ın üzvlüyündə saxlanılırlar?” 


““91-lər”in müraciətini imzalamayanlar nazir və deputat olub dövlətə ziyan vurmaqdadırlar"

Vaxtı ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) “qızıl fondu” kimi xarakterizə edilən “91-lər”in üzvlərindən biri Ariz Abduləliyev Modern.az saytının suallarını cavablandırıb.
Xatırladaq ki, 1992-ci ilin 16 oktyabrında 91 nəfər ziyalı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyib.

- Ariz müəllim, 91 nəfər Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün edilən müraciətə imza atmışdı. Bəzi iddialara görə, həmin adamların heç də hamısı ürəkdən o sənədə imza atmayıb. Yəni, belə nəticə çıxır ki, onların içərisində təsadüfi adamlar da olub. “91-lər”in üzvü kimi bu barədə nə deyə bilərsiniz?

- Mən təsadüfi adamlar sözünün bu kontekstdə işlədilməsinin əleyhinəyəm. Söhbət burada Azərbaycanın siyasi həyatına demokratik bir hərəkatın daxil olmasından gedir. Bu istiqamətdə göstərilən səylər təqdirəlayiqdir, bunu tarix də, müasirlik də təsdiq edib. Heydər Əliyevə müraciət edən 91 nəfər arasında təsadüfi adamlar axtarmaq mənə elə gəlir ki, artıq bir işdir. O insanların sayı çox da ola bilərdi, amma o dövrün mürəkkəb siyasi situasiyası vaxt baxımından buna imkan vermədi. Heydər Əliyevin şəxsiyyəti, siyasi təcrübəsi, xidmətləri şübhəsiz ki, xalqın yaddaşında, qəlbində idi. Buna görə də bəhs etdiyimiz şəxslər milli mənafe üçün Heydər Əliyevə müraciət etdilər.

- Fikrinizi burada kəsməli olacağam. Çünki belə məlumatlar var ki, müəyyən insanlar ümumiyyətlə o sənədə imza atmayıb, sadəcə olaraq onların adından müraciətə qol çəkilib. Bu, doğrudurmu?

- İmza atanlar Azərbaycanda milyonlarla insanın siyasi iradəsini ifadə edib. Deməzdim ki, kimsə onları məcbur edib və ya bir başqasının yerinə imzanı digəri çəkib. Şəxsən məni də heç kim məcbur etməmişdi. 

Amma başqa məsələlərə toxunmaq istəyirəm. Elələri olub ki, Heydər Əliyevin gəlişinə imza atmaq istəsələr də, bu, baş tutmayıb. Çünki onlara AXC hakimiyyətinin nümayəndələri təzyiq edirdi. O vaxt daxili işlər naziri olan İsgəndər Həmidovun “Bozqurd” dəstəsindən qorxurdular. Hətta Heydər Əliyevin adı çəkilən qəzetlərə təhdidlər edirdilər. Bəziləri bu qorxu səbəbindən, bəziləri də başqa bəhanələr gətirərək, həmin sənədə imza atmadılar.

- Dediniz ki, təsadüfi adamlar anlayışını başqa kontekstdə işlətmək olar. Bayaqkı fikriniz bu qənaəti doğurur. Biz də istərdik ki, elə o başqa məqamlara toxunasınız.

- Belə adamlar, yəni müxtəlif bəhanələrlə o sənədə imza atmayanlar sonradan idarəetmədə, icra orqanlarında, Milli Məclisdə özlərinə yer aldılar. Hətta partiyanın rəhbər orqanlarına da seçildilər. Təəssüf edirəm ki, indi də idarəçilikdə, nazirliklərdə, müxtəlif icra strukturlarında, Milli Məclisdə, telekanallarda, mediada belə “təsadüfi adamlar” çoxdur. Onların mövcudluğu cəmiyyətə və dövlətə də ziyan vurmaqdadır. Belələri Heydər Əliyev zamanında da hakimiyyətdə postlar tutdular, özlərinə necə lazımsa gün-güzəran düzəltdilər, sayları da get-gedə artdı. Onlar dövlətçiliyə sadiq, cəmiyyətimizə faydalı olan təmiz insanlara, o cümlədən “91-lər”ə də qarşı açıq və ya gizli çıxışlara, planlara başladılar. Mən buna təəssüf edirəm ki, belə adamlara yerlər açıldı. Vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlişinə bu və digər şəkildə qarşı çıxan, onun hakimiyyətinə qarşı sərt, radikal, qərəzli siyasi-ideoloji müharibələr aparan, hər cür təxribatlara qoşulan insanlara, belələrinin övladlarına, qohumlarına bu hakimiyyətin yuxarı sıralarında, dövlət və hakimiyyət orqanlarında vəzifələr verildi. Belə hallara ədalətsizlik kimi də baxıla bilər. Getdikcə, nəticələrini hamılıqla gördük... Etimadı təkcə xarici dili bilməyə, region göstəricilərinə, savadlı təsir bağışlamağa görə deyil, sadiqlik amilinə görə də göstərmək lazımdır. Bu dövlətin daxili sarsılmazlığı da dövlətə və hakimiyyətə sadiq insanların birmənalı mövqeyi üzərində qurulub, daha təsadüfilərin, dünən əks mövqedə olanların, öz dilində belə, danışa bilməyən və xalqına, milli maraqlara saymazyana baxanların üzərində yox.      

- Qeyd edirsiniz ki, “91-lər”in sırasında təsadüfi simalar olmayıb. Amma sonradan bəziləri partiya əleyhinə fikirlər səsləndirməyə başladı...

- YAP-la o adamlar arasında qarşılıqlı anlaşma olmadığına görə bəziləri – belələri bi-iki nəfər ola, ya olmaya - partiyadan çıxdılar. Bir insanı dinləmək, fikirlərini eşitmək lazımdır. Heç olmasa partiyanın tarixi başlanğıcında dayanan şəxslərə bir qədər hörmətli münasibət lazımdır. Nəzərə alınmalıdır ki, bunlar ziyalılardır. Onlarla necə lazımdır davranmaq, amirənə danışmaq olmaz axı! Kiminsə sözü var idi, müracitə edirdi, eşitmirdilər, onu qəbul etmirdilər. Partiyada oturan ayrı-ayrı şəxslər insanları qəbul etmirdilər, ya da köməkçiləri, qapıda dayanan polis heç onları partiyaya buraxmırdı. Axı YAP qarşılıqlı anlaşma, aşkarlıq, şəfaflıq, demokratiya meyarları üzərində qurulub! Lakin partiya daxilində buna qarşı gedilməsi bəzən ziyalıları haqlı olaraq narazı saldı. Bir də diqqət etsək, bir-iki nəfərin başqa partiyaya üz tutması baş veribsə də, belə istisna transfer halları YAP-la əməkdaşlıq edən, onunla eyni siyasi mövqedə dayanan, birgə müzakirələr aparan partiyalara olub.

Mən özüm də dəfələrlə YAP üzvlüyünə bərpa ilə bağlı, mənə qarşı qərarın ədadlətsiz və haqsız olması haqqında müraciətlər etdim, amma buna cavab verənlər olmadı. Yazılı ərizələrə baxmamaq, cavab verməmək, bu, partiyanın siyasi xəttinə, nizamnaməsinə də, qanunvericiliyə də ziddir. Belə hallara gərək partiyamızda qətiyyən yol verilməsin. Amma baxın: Bu gün möhtərəm prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən kənarlaşdırılanlar hələ də YAP üzvü kimi qalırlar.  

- Yeri gəlmişkən, ölkədə “MTN işi” ilə bağlı baş verən proseslərlə əlaqədar YAP bəyanat vermir. Hakim partiyanın belə bir səssizliyi vacibdirmi?

- Təəssüf ki, hakim partiya son hadisələrlə bağlı heç bir bəyanat vermir. Dünən də, bu gün də Prezidentin sərəncamı ilə vəzifədən gedənlər, ictimai qınaq hədəfinə tuş gələnlər, rüşvətxorluq, dələdüzluq, vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə kimi qanunsuz hallara yol verənlər, təəssüf ki, hələ də partiya üzvlüyündə qalırlar. Elə hansı isə “görünməz əl” onlara himayədarlıq göstərir. Çox qəribədir... Cəmiyyət isə partiyadakı belə təsadüfi adamlar, ölkə qanunlarını pozanlar haqqında birmənalı mövqe, açıqlama gözləyir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifədən qanunsuz əməllərinə görə azad edilən məmurlar, o cümlədən, YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri vəzifəsindən qovulan Məhəmməd Məmmədov  hələ də YAP-ın üzvlüyündə saxlanılırlar. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sinəsini sipər edib YAP-la bağlı bütün sualları cavablandırır...

Halbuki, YAP-da o qədər şöbələr var, başqa cavabdeh şəxslər var, deputatlar, o cümlədən ideoloji sektor var, yerli təşkilat sədrləri var. Niyə bütün məsələlərlə bağlı ancaq Siyavuş Novruzov danışır? Mənim Siyavuş Novruzovun çıxışlarına heç bir iradım yoxdur, ona çox böyük hörmətim var. Amma partiyada danışacaq başqa adamlar da olmalıdır axı! Bu gün YAP baş verən hadisələrlə bağlı bəyanat verməlidir. Bu qədər insan istintaqa cəlb edilib, bəziləri həbsdədir, amma bu üzvləri haqqında partiya hələ də susur. Mən düşünürəm ki, dövlət maraqları olan yerdə, Prezidentin, YAP sədrinin mövqeyi birmənalı olduğu halda, kimlərsə partiyanın nizamnaməsinə ikili münasibətə yol verilməməlidir. İctimaiyyətə açıq olan belə hadisələrdə qanunlara zidd mövqe tutan məmurlara - YAP üzvlərinə partiya öz nizamnamə tələbləri ilə yanaşmalı, onları təcili üzvlükdən kənarlaşdırmaq barədə qərarını ictimaiyyətə açıqlamalıdır. Partiyanın nüfuzunu qorumaq onun hər bir üzvünün nizamnamə borcudur. Ulu Öndərimiz, YAP-ın qurucusu Heydər Əliyev də bunu öyrədirdi, hər bir üzvü dövlətçiliyə, şəffalığa dəvər edirdi.  

Amma neçə illərdir bunun əvəzində cəmiyyətimiz nəyi görür? Baxanda görürsən ki, bu adamların bəziləri, ya da onlarla cinayət əlaqələrində olan şəxslər hələ də YAP üzvüdürlər. Əli Abbasovun, Elnur Aslanovun, “paralel dövlət”də və “MTN işi”ndə adı keçənlərin, digər cinayət əməlləri törədənlərin hamısının hələ də YAP-ın üzvü olaraq qalması ictimaiyyətdə, elə YAP-çılar arasında da haqlı olaraq çoxlu suallar, narahatlıq doğurmaya bilmir. Belə adamları niyə partiyadan kənarlaşdırmırlar?! Bu qədər cinayətlərin qarşısında YAP cəmiyyətə bir açıqlama vermir. Halbuki, bu hüquqa-zidd əməlləri törədənlərin çoxu elə YAP-ın üzvləridir. Amma bir fağır, ziyalı, mədəni bir adam YAP haqqında tənqidi fikir bildirən kimi buna tez reaksiya verir, hətta üzvlükdən kənarlaşdırırlar.

- Bu sualı “91-lər”in məşhur üzvləri Sirus Təbrizli və Maksim Musayev üzərində fokuslaşdıracağam. Rəhmətlik Sirus Təbrizli YAP-ın kəskin tənqidçilərindən birinə çevrildi, Maksim Musayev də demək olar ki, indi o mövqedədir. Onların belə addımlarını qəbul edirsinizmi?

- Sirus Təbrizli YAP-da kifayət qədər nüfuzu olan şəxsiyyət idi. Sadəcə olaraq, Sirus Təbrizli partiyanın və cəmiyyətin gələcəyi ilə bağlı olayları bir qədər qabaqlamışdı. Onun proqnozları özünü doğrultdu. Bilirsiniz ki, Sirus Təbrizli YAP-da simasız quldurlar, rüşvətxorlar olduğunu bəyan etmişdi. Zaman gəldi, biz doğurdan da gördük ki, fəaliyyətində neqativ, dövlətəzidd hallar olan partiya üzvlərinin bəzilərin əməlli-başlı qanunsuzluqlarla məşğuldurlar.

Özü də bu insanlar YAP üzvüdürlər. Hardasa biz Sirus Təbrizlinin dediklərinin üstünə gəlib çıxırıq.

Maksim Musayevə gəlincə, onu deyim ki, mən bu adamın nə istədiyini,  açığı bilmirəm. Gah deyir ki, guya 37-ci il olsaydı, onu güllələyərdilər, gah deyir ki, onu filan tədbirə çağırmadılar. Heç bilmirəm ki, niyə belə çıxışlar edir? Partiyanın yarım milyonluq üzvü var. Dünən tədbirə səni dəvət eləmişdilər, bu gün məni, sabah başqa üzvü dəvət edəcəklər ki, ədalət pozulmasın. Bir də partiyamızda böyük xidmətləri olan təcrübəli üzvləri təhqir etmək, gözdən salmaq nəyə lazım? Zamanında bu dəyərli ziyalıya etimad göstərdilər, vəzifə verdilər, o da işlədi, özünü doğrultdu, Siyasi Şuraya, Milli Məclisə seçdilər. Bu baxımdan, Maksim Musayevin məqsədini, fikrini tuta bilmirəm.

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır