Modern.az

Yeni parlamentin ilk iclasını Cəlal Əliyev aparacaq

Yeni parlamentin ilk iclasını Cəlal Əliyev aparacaq

12 Noyabr 2010, 10:28

Milli Məclisin növbəti çağırışının birinci iclasını ən qocaman deputat açmalıdır


Parlament seçkiləri başa çatdı. Bundan sonra yeni Milli Məclis özünün iş rejimini müəyyən etməlidir. Bunu isə Milli Məclisin daxili Nizamnaməsi tənzimləyir. Modern.az bununla bağlı bir sıra məqamları oxuculara çatdırır. Daxili Nizamnaməyə görə, Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını müəyyən edir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir.

Daxili Nizamnaməyə görə, yeni Milli Məclisin birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Qeyd edk ki, 2005-ci ildə 3-cü çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. Milli Məclisin ilk iclasına adətən prezident, Prezident Admnistrasiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri və digər rəsmi şəxslər qatılır.
Bu dəfə parlamentdə ən yaşlı deputat Cəlal Əliyevdir. Onun 82 yaşı var.

2005-ci ildə prezident İlham Əliyev 3-cü parlamentin ilk iclasında çıxış edib. O zamankı gərgin siyasi mühitin bütün çalarları İlham Əliyevin çıxışında əks olunub. Biz həmin iclasda prezidentin çıxışının maraqlı hissələrini sizə təqdim etməklə o dövrün seçki ehtiraslarını və siyasi mənzərəsini bir daha müqayısə etmək imkanı yaradaq.

O vaxt Milli Məclisdə çıxış edən İlham Əliyev 2005-ci ilin parlament seçkiləri ölkə həyatında çox mühüm bir proses kimi qiymətləndirib.

İlham Əliyev: “Sərbəst toplaşma azadlığı təmin edilmişdi”...

“Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün hər şey edilib və nəticə etibarilə açıq, ədalətli, şəffaf şəkildə parlament seçkiləri keçirilib və yeni deputatlar mandat əldə ediblər. Bu ərəfədə həm müvafiq sərəncamlar imzalandı, həm də seçki kampaniyasının aparılmasında çoxlu yenilik oldu. Bəzi istisnalar olmaq şərti ilə sərbəst toplaşma azadlığı təmin edilmiş, Azərbaycanın bütün yerlərində namizədlər seçicilərlə əlaqə saxlamış, öz görüşlərini keçirmişlər. Bəzi hallarda isə qəsdən törədilmiş hadisələr nəticəsində buna imkan olmadı”.

Prezident çıxışında seçkilərdə böyük sayda namizədlərin qatılmasına da diqqət  ayırıb.

“2000 namizədin qeydiyyatdan keçməsi də özlüyündə parlament seçkilərinə əhali tərəfindən böyük inamın təzahürü idi. Bu inam olmasaydı, heç vaxt 2000 adam bu yarışa girməzdi. Media qurumları seçki kampaniyasında çox fəal iştirak etmişlər. Bu da yenilikdir. Deyə bilərəm ki, biz hətta bu baxımdan inkişaf etmiş ölkələri geridə qoyduq. Çünki inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində özəl telekanallar seçki kampaniyasında iştirak etmirlər. Onlar yalnız reklam vaxtından istifadə edib bu və ya digər namizədlərə öz efir vaxtını verirlər. Azərbaycanda isə bütün özəl kanallar parlament təşviqatında fəal rol oynamışlar. Başqa yeniliklər də oldu. İlk dəfə Azərbaycanda “exit-poll” keçirildi. Ondan sonra, barmaqların mürəkkəblə işarələnməsi məsələsi həllini tapdı”.

“10 dairədə nəticlər ləğv edilib, 2 dairədə son nəticələr dəyişdirilib”

“Bir sözlə, bütün tədbirlər görüldü ki, Azərbaycanda şəffaf seçkilər keçirilsin, seçki saxtakarlığına imkan olmasın, əgər hansısa hallarda bu saxtakarlıq olarsa, onu gizlətmək mümkünsüz olsun. Nəticələr də bunu təsdiq etdi. O dairələrdə ki qanun pozuntuları olub, qanunsuz müdaxilələr, yaxud saxtakarlıq olub, bildiyiniz kimi, orada nəticələr ya dəyişdirilib, ya da ləğv edilibdir. Nəticədə 10 dairədə ləğv edilib, 2 dairədə son nəticələr dəyişdirilibdir. Bütövlükdə 12 dairədə seçkilərin keçirilməsində problemlər yaranmışdır. Məhz bizim tərəfimizdən qəbul edilmiş sərəncamlar, verilmiş göstərişlər, atılmış addımlar imkan yaratdı ki, bu qanun pozuntularının aşkarlanması mümkün olsun. Bütövlükdə seçki kampaniyası çox uğurlu keçdi. Hesab edirəm ki, hər bir namizəd sərbəst şəkildə öz platformasını, fikirlərini seçicilərə çatdıra bilib…
…Seçkilərin nəticələri Azərbaycanda hökm sürən ab-havanın təzahürüdür. Mən şəxsən şübhə etmirdim ki, seçkilərdə Azərbaycan dövlətçiliyinə xidmət edən, Azərbaycanı istəyən, sevən vətənpərvər insanlar, öz biliyi, fəaliyyəti ilə hörmət qazanmış insanlar üstünlük əldə edəcəklər. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqı öz seçimini edibdir. Bu gün xalqla iqtidar arasında olan bu birlik, bu inam bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Parlament seçkiləri bunu bir daha təsdiqlədi. Mən çox sevinirəm ki, parlamentdə təmsil olunan deputatlar açıq, ədalətli mübarizədə qələbə qazandılar və əlbəttə, bu, parlamentin legitimliyinə də öz böyük töhfəsini vermiş oldu…
…İndiki seçkilərdə Prezidentin göstərişlərinə əməl etməyən insanlar cəzalandırıldılar və bu proses davam edəcəkdir. Hamı bilməlidir ki, əgər mən bəyan edirəmsə, – bunu bir dəfə, iki dəfə yox, rayonlarda olduğum zaman bütün görüşlərdə, burada keçirdiyim toplantılarda vurğulamışdım, – gərək heç kəs müdaxilə etməsin, yerli icra orqanları seçki prosesinə müdaxilə etməsinlər. Seçkilər şəffaf keçirilməlidir. Heç bir namizədə problem yaradılmamalıdır. Hamı eyni, bərabər hüquqa malik olmalıdır. Amma məni eşitməyən, göstərişlərimə əməl etməyən məmurları mən cəzalandırdım. Artıq bəziləri həbs olunub, bəziləri işdən çıxarılıb və bu proses davam edəcəkdir”.

İlham Əliyev: “Çevriliş etmək üçün güclü müxalifət lazımdır və cəsarətli müxalifət lideri lazımdır”

“Seçkilərə hələ bir neçə ay qalmış müxtəlif fərziyyələr irəli sürülürdü ki, görəsən, Azərbaycanda növbəti inqilab olacaq, yoxsa yox. Bəziləri yazırdı ki, olacaq, bəziləri yazırdı ki, olmayacaqdır. Mən bu barədə öz fikrimi dəfələrlə, hələ bir neçə ay bundan əvvəl, seçki kampaniyası başlayan gün ifadə etmişəm. Bu gün həyat göstərir ki, mən haqlıyam. Çünki inqilabı, yaxud da çevrilişi şərtləndirən amillər var. Ümumiyyətlə, bu hadisəyə inqilabmı, çevrilişmi demək də, əlbəttə, hər bir insanın, yaxud təşkilatın yanaşmasından asılıdır. Əgər buna müsbət hal kimi baxırlarsa, deyirlər ki, bu, inqilabdır. Əgər bunu qəbul etmirlərsə, deyirlər ki, bu, çevrilişdir. Başqa ölkələrdə, postsovet ölkələrində baş vermiş hadisələrə qiyməti, yəqin ki, o ölkələrdə yaşayan xalqlar verəcəklər. Ona görə mən bu məsələyə toxunmaq istəməzdim. Amma Azərbaycana gəldikdə, əlbəttə ki, burada çevriliş etmək üçün müəyyən amillər lazım idi və onlar da Azərbaycanda yoxdur. İlk növbədə, Azərbaycanda iqtidarla xalq arasında uçurum olmalıydı. Bizdə əksinə, xalqla iqtidar arasında birlik, inam var. Biz bunu gündəlik fəaliyyətimizlə daha da möhkəmləndiririk. Digər tərəfdən, çevriliş etmək üçün güclü müxalifət lazımdır və cəsarətli müxalifət lideri lazımdır. Azərbaycan, nə o var, nə də bu. Bundan başqa, bunu etmək üçün təkcə müxalifətin güclü olması kifayət etməz. Güclü ictimai bir fikir də olmalıdır. İctimai, yaxud da sosial sifariş olmalıdır. Bu, Azərbaycanda bütövlükdə yoxdur və mövcud deyildir. Azərbaycan ictimaiyyəti bunu dəstəkləmir. Parlament seçkiləri, onun nəticələri və seçkilərdən sonra baş vermiş hadisələr bunu bir daha təsdiqləyir. Əksinə, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.

“Azərbaycanda siyasi həmrəylik yoxdur”…

“Mən deyə bilmərəm ki, Azərbaycanda siyasi həmrəylik var. Yox. Əfsuslar olsun ki, biz hələ o səviyyəyə çatmamışıq, gərək siyasi mədəniyyət o səviyyəyə çatsın ki, siyasi partiyalar, yaxud siyasi mübarizə aparan tərəflər bu mübarizəni sivil qaydada aparsınlar. Ancaq Azərbaycanda vətəndaş həmrəyliyi var. Azərbaycan iqtidarının apardığı siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Ona görə Azərbaycanda çevrilişi təmin edə biləcək heç bir amil yox idi. Ancaq buna baxmayaraq, biz bilirik ki, media mənsubları bəzi hallarda sensasiya axtarışındadırlar. Bilirəm, bura gəlmiş çoxlu xarici jurnalistlər bir az məyus oldular ki, Azərbaycanda bu hadisəni görmədilər. Ancaq mən dedim, onlara deyin ki, üzr istəyirik, əgər bu hadisələri görmək istəyirlərsə, getsinlər, bunu öz ölkələrində görsünlər. Bu kimin üçünsə, tutaq ki, bir sensasiyadır, yaxud hadisədir, bizim üçün isə bu bizim həyatımızdır, müqəddəratımızdır. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş çox möhkəm qorunur və saxlanılır.
Bilirəm ki, seçkilərdən sonra müxalifətin bəzi mitinq cəhdləri də böyük maraq doğururdu və bəzi jurnalistlər artıq başlıqları da hazırlamışdılar ki, sabah öz qəzetlərində, yaxud telekanallarında çevriliş haqqında məlumat verəcəklər. Ancaq Azərbaycan xalqı bir daha göstərdi ki, o, kimin tərəfindədir və seçkilər bunu bir daha sübut etdi. Bəziləri, müxtəlif ictimai əsaslarla fəaliyyət göstərən təşkilatlar hesab edirdilər ki, bu seçkilərdən sonra Azərbaycan iqtidarı və onun Prezidenti zəifləyəcək və belə olan halda Azərbaycanda hansısa işləri görmək daha da asan olacaqdır. İqtidar yaralı, zəif olacaq və bunun nəticəsində burada müəyyən maraqlar təmin ediləcəkdir. Amma həyat göstərdi ki, Azərbaycan iqtidarı bu seçkilərdən sonra daha da möhkəmləndi”.

Bu, prezident İlham Əliyevin 2005-ci il parlamentinin ilk iclasındakı çıxışından bəzi hissələr idi. Bu dəfəki Milli Məclisdə dövlət başçısının nə deyəcəyi də böyük maraq doğurur.
  
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı