Modern.az

Ceyhun Hacıbəyli ilə Rəsulzadə arasında niyə konflikt yaranıb? - TARİX

Ceyhun Hacıbəyli ilə Rəsulzadə arasında niyə konflikt yaranıb? - TARİX

26 Noyabr 2015, 11:02

“Ceyhun Hacıbəyli elə şeylər danışmışdı ki, Stalin bunu heç oğluna da bağışlamazdı”


Bir neçə gün bundan öncə prezident İlham Əliyev ictimai-siyasi xadim, ömrünü mühacirətdə keçirən jurnalist Ceyhun  Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan mühacirət tarixini araşdıran tədqiqatçı alim Nəsiman Yaqublu Modern.az saytına Ceyhun Hacıbəylinin kimliyi və yaradıcılığı haqqında müsahibə verib:

Nəsiman müəllim, əvvəlcə “Ceyhun Hacıbəyli kimdir” sualı ilə söhbətə başlayır. Məlum olur ki, Ceyhun bəy xarici ölkələrdə 3 ali məktəb bitirib. Qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Nofəl rolunu da oynayıb:

-XX əsrin əvvəllərindən başlayan Azərbaycan ictimai-siyasi proseslərini Ceyhun Hacıbəylidən kənarda təsəvvür etmək olmaz.  O, bunların həm canlı şahidinə çevrilib, həm də fəal iştirakçılardan biri olub. Çox təəssüflər olsun ki, Azərbaycanda Ceyhun Hacıbəylini ancaq Üzeyir bəyin qardaşı kimi tanıyıblar. Amma müstəqillik dövründən sonra bir sıra tədqiqatçıların onun barəsində apardıqları geniş tədqiqatlar göstərdi ki, Ceyhun bəyin özü ayrı-ayrılıqda Azərbaycan ictimai-siyasi fikir tarixi üçün çox lazımlı bir fiqurdur və o, fərd olaraq daha geniş araşdırılmalıdır.

Ceyhun bəyin uşaqlığı və yeniyetməliyi Şuşa ilə bağlıdır. O, 1891-ci ilin fevral ayının 3-də Şuşada anadan olub və ilk təhsilini də orada alıb. Daha sonra isə Bakıda “Realnı məktəb”də oxuyub. Sonra Peterburqda və Sorbonda ali təhsil alıb. Ən son oxuduğu universitet isə Parisdəki Ali Politexnik məktəbi olub. Bütün bunlardan sonra isə ən çox mətbuata önəm verib. Bir çox mətbuu orqanlarda –“Kaspi”, “Proqress”, “Azərbaycan”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə çalışıb. O zəngin bir irs yaradıb. Bundan əlavə, mədəni-maarif sahəsində də bir çox işlər görüb. Hətta qardaşı Üzeyir bəyin “Leyli və Məcnun” operasında Nofəl rolunda çıxış edib.  Həm də tamaşanın texniki ağırlıqları onun çiyninə düşüb”.

Nəsiman Yaqublu Ceyhun Hacıbəylinin fəaliyyətinin ən aktiv çağlarını Azərbaycan Xalq Cumhuriyyəti (AXC) ilə əlaqələndirir. Tarixçi alim Ceyhun bəyin 1930-cu ildə çap etdirdiyi bir məqalə aşkara çıxarmaqla vaxtilə cəmiyyətdə böyük maraq yaratdığını da qeyd edir:

-Fəaliyyətin ən aktiv çağı isə AXC dövrünə düşür. O zaman dövlət üçün çox əhəmiyyətli olan “Azərbaycan” qəzetini yaradır və onun əsas ağırlığını öz çiyinlərinə götürür. Sonradan bu qəzetin necə yaranması haqqında mühacirətdə olarkən 1951-ci ildə Fransada çıxan “Azərbaycan”  dərgisində “Azərbaycan davam edir” adlı məqalə yazır. O məqalə mən araşdırma apararkən rastıma çıxdı və onu ilk dəfə mətbuatda çap etdirdim. Məqalə cəmiyyətdə Ceyhun bəy haqqında yeni fikir yaratmış oldu. Ceyhun bəy həmin məqaləsində Xudadat bəy Rəfibəylinin adını çəkir. Onunla bərabər bir çox insanlara təşəkkür edir”.



Paris sülh konfransına nümayəndə heyətinin əsas üzvlərindən biri kimi yollanmaq isə  Hacıbəylinin ömrünün həm ən xoş, həm də ən ağrılı parçası olub. Çünki bu səfərdən sonra o bir daha Bakıya qayıda bilmir:

-Onun fəaliyyətinin ən önəmli  dövrü 1918-ci ilin axırı 1919-ci ilin əvvəllərinə təsadüf edir. O zaman Ceyhun bəy Topçubaşovun başçılığı ilə Parisin Versal sarayında təşkil olunan  konfransa gedirlər. Ceyhun bəy dövlətin müşaviri kimi AXC-ni təmsil edirdi və Topçubaşov komandasının ən vacib üzvlərindən biri idi. Çünki o həm Sorbonda oxumuşdu, Paris mühitini yaxından tanıyırdı,  həm də Parisdə xeyli şəxsi əlaqələri var idi. Həm onun, həm də nümayəndə heyətimizin səyi nəticəsində az müddət ərzində 23 dövlət Azərbaycan Xalq Cumhuriyyətinin  müstəqilliyini tanıdı. AXC dağılandan sonra isə Ceyhun bəy Bakıya qayıtmadı. Fransada nə qədər ağır, kasıblıqla dolu bir həyat yaşasa da, yenə geri dönmədi. Çünki o, yaxşı bilirdi ki, Bakıya qayıdandan sonra onu nələr gözləyir. Qardaşı ilə yazışmalarda da bunu görmək olar. Üzeyir bəyin onu Bakıya dəvət etməsinə baxmayaraq, Ceyhun bəy qəti şəkildə gəlməyəcəyini deyib”.

Amma bütün bunlara baxmayaraq, Ceyhun bəy orada Azərbaycanın təbliği istiqamətində bir  çox işlər görür. Nəsiman müəllim həmin işlər barəsində qısaca olaraq məlumat verir və qeyd edir ki, o bütün bunları bir parça çörəyə möhtac olan zamanlarında edib:

-Baxmayaraq ki, o, Fransada çox ağır məhrumiyyətlər içində yaşayırdı. Hətta oğlunu oxutmağa belə, pulu yox idi. Amma Azərbaycanın təbliği istiqamətində əlindən gələn nə var idisə, hamısını edirdi. Təsəvvür edin ki, qardaşı Üzeyir bəyin məşhur “Arşın mal alan” operettasını fransız dilinə tərcümə edib və Fransada böyük teatrların birində səhnələşdirilib. Qarabağ folkloru və dialektikasına  aid kitab yazaraq, onu Fransa cəmiyyətində təbliğ edib. O, 1930-cu ildə ilk dəfə olaraq Azərbaycan mətbuat tarixi barəsində kitab yazıb. Bunların hamısı Fransanın nüfuzlu jurnallarında işıq üzü görürdü. “La revyü de monde musulman” jurnalında  Şərqin ilk müstəqil müsəlman dövləti olan Azərbaycan haqqında məqalə dərc etdirdi”.

-Nəsiman müəllim o zaman Qərb Azərbaycan mühacirlərinə laqeyd münasibət göstərirdi. Ceyhun bəy yazılarında buna toxunub?

-Ceyhun bəyin ən vacib işlərindən biri də 1951-ci ildə rus və Azərbaycan dilində çap etdirdiyi  “Azərbaycan” dərgisidir. Jurnal Avropanın iki şəhərində çap olunurdu. Birini Ceyhun bəy, o birini isə Fətəli bəy Düdənginski nəşr  etdirirdi. Onlar arasındakı məktublar məndə var. Orada bir çox mətləblərə toxunublar. Məsələn, Ceyhun bəy Düdənginskiyə deyirdi ki, “necə olur ki, gürcülərə öz ana dilində  dərgi çıxarmağa icazə verilir, onlara pul ayrılır, amma bizə yox”. Onu da deyim ki, o zaman SSRİ-nin əleyhinə ABŞ-ım kommunizmə qarşı idarəsi  yaradılmışdı və həmin idarə bəzi dərgilərin çapı üçün pul ayırırdı.



-Deyəsən, Ceyhun bəy yaradıcılığında bütün məsələlərə toxunub. Bu gün onun irsi nə dərəcədə öyrənilib?

-Ceyhun Hacıbəylinin ikinci vacib işi də onun SSRİ-ni öyrənmə institutdakı fəaliyyətidir. Bunu da ABŞ SSRİ-ni öyrənmək üçün yaratmışdı və Ceyhun bəy burada xeyli sayda məruzələr etmişdi. O zaman “Dərgi” jurnalı yaranmışdı ki, orada Ceyhun bəyin çox əhəmiyyətli yazıları çap olunub. Bu gün həmin jurnallar araşdırılmalıdır. Ceyhun bəyin irsi üzə çıxarılmalıdır. Mən istərdim ki, 125 illik yubiley münasibətilə bu işlər görülsün. Şəxsən biz buna hazırıq. Prezidentin yubileylə bağlı verdiyi sərəncam kağız üzərində qalmasın. Ceyhun bəyin yubileyini təkcə əl çalmaqla keçirməsinlər.

-Ceyhun bəy Fransada çox ağır həyat tərzi keçirib. Qərb niyə onun kimi demokratik fikirli insanları dəstəkləmirdi?

-Təkcə Ceyhun bəy yox,  o zaman mühacirətə gedən bütün ziyalılarımız çox ağır şəraitdə yaşayırdılar. Bunun da bir neçə səbəbləri var idi: Əvvəlinci səbəb bu idi ki, onların daimi yaşayış yerləri yox idi, kirayələrdə qalırdılar. İkincisi, onlara heç bir yerdən maddi yardım göstərilmirdi. Fransa, Avropa bizim mühacir ziyalılarımıza çox biganə yanaşırdı. Üçüncü isə Rusiya və ruspərəst şovinistlərin işləri idi. Çünki onlar ABŞ-ı inandırmışdılar ki, bütöv Rusiyanı demokratikləşdirmək, onu bolşevizmdən stalinizmdən xilas etmək daha rahatdır, nəinki onu parçalayıb sonra demokratiya yaratmaq. Odur ki, Qərb və ABŞ  daha çox onlara meyl edirdi. Bu isə bizim mühacirlərin vəziyyətini daha da ağırlaşdırdı. Ona görə də Ceyhun bəyin və onun kimilərin vəziyyəti çox ağırlaşdı.  

-Bu gün Ceyhun bəyin varislərindən  kimlər qalıb?

-Təəssüflər olsun ki, Ceyhun bəyin varisləri, onun nəvə və nəticələrindən kimsə ilə əlaqəm qalmayıb. Amma onun oğlu Teymurçinin övladları, Ceyhun bəyin nəvə və nəticələri Bakıya gəlmişdilər. Mən onda gördüm ki, onlar dilimizi heç bilmirlər. Biz bunları kənara qoyub Ceyhun bəyin özündən yapışmalıyıq. Bu gün bizə onun araşdırılmamış, itmiş irsi lazımdır və bu istiqamətdə də işlər görülməlidir. Aydınlaşdırılmalı məsələlər  çoxdur. Məsələn, məni həmişə bu maraqlandırıb ki, Ceyhun bəy niyə bəzi yazılarını “Dağıstani” imzası ilə yazırdı. Onu Dağıstanla nə birləşdirirdi... Bu suallar o qədər çoxdur ki...

-Deyilənlərə görə, bir dəfə Məhəmməd Əmin Rəsulzadə ilə Ceyhun bəy arasında konflikt  yaranıb. Bu barədə ətraflı danışardıq...

-Vinsbaden şəhərində keçirilən konfransda Məhəmməd Əmin bəylə Ceyhun bəy arasında konflikt yarandı. Səbəbi  bu idi ki, Məhəmməd Əmin Türkiyədə, onlar isə Avropada yaşayırdılar. Avropadakılar,  yəni Ceyhun bəy və başqaları bilirdi ki, Qərb rus şovinistlərinə daha çox meyl edir. Ona görə də Avropadakı mühacirlər məcbur şəkildə rus şovinistləri ilə bərabər bolşevizmə qarşı mübarizə üçün sənəd imzaladılar. Belə olmasaydı onlara müəyyən iş görmək üçün maddi yardım da edilməyəcəkdi. Məhəmməd Əmin və onun tərəfdarları isə bununla qəti razılaşmadılar. Dedilər ki, necə ola bilir kki, siz ruslarla birgə mübarizə aparırsınız...

-Bir məlumat da var idi ki, Üzeyir bəy öz qəbrinin yanında Ceyhun bəyin basdırılmasını vəsiyyət etmişdi. Bu səbbədən bəstəkarın məzarının yaxınlığındakı torpaq uzun müddət boş qaldı...

-Açığı, mənim bu barədə o qədər də çox məlumatım yoxdu. Üzeyir bəy çox çalışdı ki, qardaşı vətənə dönsün. Bu, onun məktublarında da var. Amma bu, 1930-cu illərə qədər davam etdi.  Sonra Üzeyir bəy siyasi vəziyyətin həqiqətən pisləşdiyini görüb daha onu dəvət etmədi. Vəziyyət həqiqətən də pis idi. Bu, Üzeyir bəyin özü üçün də potensial təhlükə demək idi. Həyat elə gətirdi ki, iki qardaşın hər biri ayrı –ayrı siyasi ideologiyaların təbliğatçısına çevrildilər.

-Amma Üzeyir bəy bu barədə Stalindən  bir neçə dəfə xahiş etmişdi...

-Ceyhun bəy SSRİ-nin əleyhinə elə şeylər danışmışdı ki, Stalin onu heç oğluna da bağışlamazdı...

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub