Modern.az

Milli Məclisin mətbuat katibi 2 qəzetin parlamentə müxbir göndərməməsinə münasibət bildirdi

Milli Məclisin mətbuat katibi 2 qəzetin parlamentə müxbir göndərməməsinə münasibət bildirdi

12 Noyabr 2010, 13:11

Azərbaycanın iki müxalifət qəzeti Milli Məclisin fəaliyyəni işıqlandırmaq üçün parlamentə jurnalist göndərməkdən imtina edib. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin baş redaktorları bu addımlarını parlament seçkilərinin saxta keçirilməsi ilə izah edirlər.

 “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, Milli Məclisdə oxucunun diqqətinə səbəb olacaq fövqəladə hadisə baş versə, onu əldə etmək o qədər də çətin olmayacaq: “Amma parlamentin tərkibi onu göstərir ki, orda hansısa fövqəladə hadisənin baş verəcəyinə inanmıram. Çünki oradakı personaların kimliyi bəllidir. Uzaqbaşı bir-birindən xoşu gəlməyən hansısa deputatların söz atışması ola bilər ki, bunun da ictimai fikrə heç bir aidiyyəti yoxdur. Bu parlament oxucuların diqqətinə və marağına layiq deyil”.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, baş verən hadisə ölçüyəgəlməz dərəcədə böyük biabırçılıqdır: “Parlament seçkiləri ölkə boyunca istisnasız olaraq saxtalaşdırılıb. Bu baxımdan əlbəttə ki, biz də olaya reaksiya verməyə, yaxud protest etməyə məcbur və borcluyuq. Böyük ehtimalla ”Yeni Müsavat" parlamentin bu tərkibini boykot edəcək və iclaslara qatılmayacaq. Hər halda, qəzet rəhbərliyi hazırda bu variantı təhlil edir. Yəqin ki, boykot qərarı verəcəyik".
R.Arifoğlu bildirib ki, qəzetçilik nöqteyi-nəzərindən “Yeni Müsavat” parlamentə müxbir göndərməyə məcbur və borcludur. Lakin yeni tərkibə olan ictimai münasibət və qınaq qəzeti boykot kimi qərarlar verməyə vadar edir.

Modern.az Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu  bununla bağlı mövqeyini öyrənib. A.Təvəkküloğlu bildirdi ki, parlamentə müxbir göndərib-göndərməmək həmin qəzetlərin öz işləridir. “Amma hesab edirəm ki, Milli Məclisin işi barədə informasiya əldə etmək onların marağında olmalıdır”-deyə A.Təvəkküloğlu deyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu il keçirilən parlament seçkilərində deputatlığa namizəd olublar. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!