Modern.az

Ödənişsiz kompüter kurslarında dərslər başlayıb

Ödənişsiz kompüter kurslarında dərslər başlayıb

Qarabağ

12 Noyabr 2010, 18:00

«Regional İnsan Hüquqları və Media Mərkəzi» İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz kompüter kurslarını davam etdirir. Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sonuncu iki qrup üçün dərslərə başlanılıb.  Bu dəfə də dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Layihə çərçivəsində qaçqın, məcburi köçkün, şəhid, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan uşaqlara kompüter bilikləri veriləcək. Həmçinin, kursları müvəffəqiyyətlə bitirən 20 nəfərə sertifikatlar təqdim edilib.

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, bir il davam edəcək layihə çərçivəsində Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan 120 nəfər kompüter biliklərinə yiyələnə biləcək: «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəni bu ilin sonunadək maliyyələşdirir. Şuranın maliyyə dəstəyi ilə bu müddətdə Qarabağ müharibəsindən zərər çəkən daha 60 nəfər kompüter biliklərinə yiyələnə biləcək. Artıq kursları bitirən ilk 40 nəfərə sertifikatlar verilib. Sonuncu  20 nəfər üçün kurslar isə bu ilin sonunadək davam edəcək».

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qarabağ müharibəsindən zərər çəkən, qaçqın, məcburi köçkünlər, şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin övladlarına müasir informasiya-kommunikasiya texnologiyalarının sirlərini öyrətməkdən ibarətdir. Layihəni gerçəklşdirmək üçün TİKA təşkilatı “Regional İnsan Hüquqları və Media Mərkəzi”nə müvafiq texniki avadanlıq verib. Kursların keçirilməsi üçün müəllimin əmək haqqı, rabitə, internet və digər xərclərin ödənilməsini isə 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası öz üzərinə götürüb. Kompüter kurslarında iştirak üçün edilən müraciətlərin çoxluğu əhalinin bu kimi layihələrin gerçəkləşməsində maraqlı olduğunu göstərir. Bugünədək kurslarda iştirak etmək üçün Bərdə, Ağdam və Tərtər rayonlarından olan təxminən 170 müraciət daxil olub. Bu da layihənin davam etdirilməsinin zəruriliyini göstərir. Buna görə də təşkilat layihənin davam etdirilməsi üçün donor təşkilatlara da müraciət edəcək.

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir