Modern.az

Bakıya satmağa gətirilən naməlum heyvan cəmdəkləri saxlanıldı

Bakıya satmağa gətirilən naməlum heyvan cəmdəkləri saxlanıldı

İqtisadiyyat

1 Dekabr 2015, 19:23

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri 30 noyabr və 1 dekabr 2015-ci il tarixlərində Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirib.

Modern.az saytı xəbər verir ki, reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda 30 noyabr 2015-ci il tarixdə gecə saat 11-12 radələrində  Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayətedici baytarlıq və digər sənədlərinin  olmadığı müəyyən edilib.

Avtomobil sürücüsününün və yükü müşayət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsusdur. Novruzov Seyfəddin Vəliyəddin oğlunun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameralara 1 dekabr 2015-ci il tarixdə baxış keçirilib və  20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a bildirilib ki, aşkar edilmiş heyvan cəmdəklərinə  baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr  götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Qanun pozuntuları aşkar olunarsa ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü