Modern.az

Habil Əliyevin lətifələri...

Habil Əliyevin lətifələri...

İqtisadiyyat

23 İyun 2012, 17:41

Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. 
Uzun illərdir  musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır.

Modern.az Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırır:

***

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?
Nazim Ağayev gileylənir:
- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.
Habil Əliyev zarafatla deyir:
- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

***
Sovet dönəmləriydi. Yayın cırhacırında Bakıdan Qubadlının kəndlərindən birinə kolxozçular üçün konsert veməyə getmişdik. Klubda adamlar ət-ətə durmuşdular, içəri boğanaq idi. İlk çıxışı mənə verdilər. Elə kamançanı təzəcə çalmağa başlamışdım, gördüm nəfəs ala bilmirəm. Bir az da tox olduğumdan ürəyim ağzıma gəlirdi. Bu, azmış kimi birdən içərini üfunət iyi bürüdü. Hava lap dözülməz oldu.
Qabaq cərgədə oturmuş kolxoz sədri mənim bərk narahat olduğumu görüb ayağa durdu və geri dönüb ucadan qışqırdı:
- Ə, Surxay, dur rədd ol bayıra!

***

Altmışıncı illərdə yevlaxlı Abbasqulu ağa adlı bir tarzən vardı, tez-tez dəstəsiylə birgə onu toylara çağırırdılar. Bir gün Yevlaxda Abbasqulu ağanın qarnı ağrıya düşübmüş. Nə qədər eləyirsə, qabağını ala bilmir. Axırda həkim çağırmalı olur. Həkim gəlib ona bir-iki dərman yazır və deyir:
- Abbasqulu ağa, bu dərmanları üç gün qəbul elə, ağrın keçib gedəcək.
Zarafatcıl Abbasqulu ağa dillənir:
- Ay rəhmətliyin oğlu, üç gün nədir, yarım saata mənim qarın ağrımın qabağını alırsan al. Almasan, Yevlaxı pox aparacaq.

***

Opera və Balet Teatrında bəstəkar Fiktət Əmirovun yubiley gecəsi keçirilirdi. Zal dolu idi adamla, ölkə rəhbərliyi də içəridə əyləşmişdi. Məşhur xanəndə Bülbül səhnəyə çıxıb çıxış etdi, sonra əlini Fikrətə tərəf uzadıb onu tərifləməyə başladı:
- Bu Fikrət var ha, indi böyüyüb bəstəkar olub, dünya bunu tanıyır. Körpəlikdən mənim qucağımda böyüyüb. İndi onun yubileyinə yığışmışıq. Fikrət uşaq vaxtı mənim üstümə o qədər işəyib ki...

***
Bir dəfə rəhmətlik tarzən Qurbam Pirimov bazardan kəllə-paça alıb çıxanda qocaman tarzən Paşa kişiylə rastlaşır.
Paşa kişi maraqla soruşur:
- Bu nədi belə almısan?
Qurban Pirimov keçir zarafata:
- Paşa kişi kəllə-paçadır, ancaq heç bilmirəm bunu necə bişirirlər.
Paşa kişi deyir:
- Həri? Əntiqə! Apar bunu əntiqə ütdür, əntiqə parçalasınlar, töksünlər qazana, gecədən səhərəcən asta-asta əntiqə qaynasın. Səhər dur, bunu sirkə-sarımsaqla ye, gör nədir?
Qurban Pirimov:
- Əşşi, Allah səni hardan yetirdi. Nə yaxşı mənə rast gəldin, yoxsa kəllə-paçanı aparıb elə tüklü-tüklü yeyəcəkdim.

ardı var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!