Modern.az

“Azərbaycandakı bahalaşmanın səbəbkarları möhtəkirlərdir”

“Azərbaycandakı bahalaşmanın səbəbkarları möhtəkirlərdir”

3 Dekabr 2015, 11:39

Vahid Əhmədov: “Ehtiyat tükəndikcə devalvasiya labüdləşəcək”


İqtisadi böhran şəraitində insanları daha çox narahat edən manatın taleyidir. Ekspertlərin bir hissəsinin fevral devalvasiyasının təkrarlanacağını proqnozlaşdırması, ərzaq və ərzaq məhsullarının kifayət qədər bahalaşması manatla bağlı narahatlıqları daha da artırır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Modern.az saytına manatın taleyi ilə bağlı məsələnin gündəmdə olduğunu bildirib: “Neftin qiymətinin kəskin aşağı düşməsinin manatın məzənnəsinə təsiri aydındır. Əgər neftin qiyməti müsbət yöndə həll edilməyəcəksə, manatın müəyyən qədər devalvasiyası labüd olacaq.

Mərkəzi Bank hazırda yumşaq devalvasiyaya gedir ki, təsirləri o qədər də hiss edilməsin. Mən bunu normal addım hesab edirəm. Çünki Mərkəzi Bank öz ehtiyatlarını da qoruyub saxlamalıdır. Növbəti ildə neftin qiymətinin hansı səviyyədə olacağı bilinmir. İstənilən halda manat bazar qiymətini almalıdır.

Mən əvvəldən fikrimi demişəm, bir daha təkrar edirəm ki, Mərkəzi Bankın ehtiyatları həddən artıq çox olsaydı, manatın məzənnəsini qoruyub saxlamaq mümkün idi. Bildiyiniz kimi, on illərlə dünyada baş verən böhranlara baxmayaraq milli valyuta öz stabilliyini saxlayırdı. Bu, əhalinin sosial vəziyyəti baxımından vacibdir. Amma dövlətin maraqlarını, dünyada gedən iqtisadi böhranı da nəzərə almaq lazımdır”.

Deputat deyib ki, Mərkəzi Bankın ehtiyatlarının kəskin aşağı düşməsinə razılaşmaq olmaz: “Manatın məzənnəsinin qorunub saxlanması üçün milyonlarla vəsait xərclənir. Bütün bunları nəzərə alaraq yumşaq devalvasiyaya getməyin tamamilə düzgün olduğunu düşünürəm. Çünki Mərkəzi Bankın o qədər vəsaiti yoxdur ki, illərlə manatı stabil saxlasın”.

Vahid Əhmədov “Fevral devalvasiyası təkrarlana bilərmi” sualına cavabında bunun təkrarlanmasının tərəfdarı olmadığını vurğulayıb: “Şok terapiyanın gərəkli olmadığını düşünürəm. Yumşaq devalvasiyanı daha məqsədəuyğun hesab edirəm. Çünki bu da müəyyən qədər problemlər yaradacaq. Amma ehtiyat kəskin azalmağa doğru gedəcəksə, devalvasiyaya getmək lazım olacaq”.

Parlamentin üzvü istehlak bazarında müşahidə edilən bahalaşmaya da münasibət bildirib. O qeyd edib ki, baş verən bahalaşmanı görməmək mümkün deyil:

“İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərə nəzarəti həyata keçirir. Amma biz də gündəlik marketlərdən bazarlıq edirik və bahalaşmanın olduğunu görürük.

Həddindən çox olmasa da, bahalaşma var və bunu görməmək mümkün deyil. Bir var obyektiv bahalaşma, bir də var subyektiv bahalaşma. İdxal məhsullarının qiymətinin artması problem yaradır. Amma daxildə subyektiv bahalaşma da var ki, bir çox möhtəkirlər bundan istifadə edərək süni qiymət artımına gedirlər. Hesab edirəm ki, nazirliyin aidiyyəti departamenti qiymətlərin tənzimlənməsinə xüsusi fikir verməlidir”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər