Modern.az

Nazim İmanovun institutu nə iş görür, hara baxır? - TƏNQİD

Nazim İmanovun institutu nə iş görür, hara baxır? - TƏNQİD

4 Dekabr 2015, 17:33

“Elmlər Akademiyasının özü hələ də sovet ab-havasından, sovet təsirindən çıxa bilməyən bir qurumdur. Bu sovetdənqalma sistem elmin inkişafına və onun ölkəyə verəcəyi töhfələrə də mane olur. AMEA sovet dövründə necə çalışırdısa, indi də o cür işləyir. Effektivliyi çox aşağıdır. Həmçinin akademiyanın tərkibində olan İqtisadiyyat İnstitutunda da effektivlik aşağı səviyyədədir. Qənaətbəxş deyil”.  

Bunu Modern.az saytına iqtisadçı ekspert Natiq Cəfərli Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun fəaliyyəti barəsində danışarkən deyib.

O, “İqtisadiyyat İnstitutu bu gün öz üzərində düşən işi necə yerinə yetirir?” sualını cavablarkən qurumun çox passiv mövqedə olduğunu vurğulayıb:

“Azərbaycanda bir ildən çoxdur ki, ciddi iqtisadi problemlər yaşanır, böyük təlatümlər olur. Bu özünü həm bank sektorunda, həm manatın devalvasiyasında, həm də makroiqtisadi göstəricilərdə özünü əks etdirir. Buna baxmayaraq İqtisadiyyat İnstitutu bu günə kimi böyük bir layihə, proqram və yaxud da sənədlər, təkliflərlə çıxış etməyib. Ən azı ictimai müzakirələrə səbəb olacaq heç nə ortalığa qoymayıb. Təkliflər paketi irəli sürməyib. Halbuki, indiki şəraitdə buna daha çox ehtiyac var. Bu, orada çalışan alimlər, iqtisadçıların əsas missiyası olmalıdır. Şəxsən mən son bir ildə İqtisadiyyat İnstitutunun bu yöndə hər hansı bir addımlar atdığının şahidi olmamışam”.

Natiq Cəfərli İqtisadiyyat İnstitutunun direktoru professor  Nazim İmanovu güclü iqtisadiçılardan biri hesab edir, lakin akademiya ab-havasının onun işinə də mənfi təsir göstərdiyini vurğulayır:

“Mənim şəxsəm Nazim İmanova çox böyük hörmətim bar. O, Azərbaycan iqtisadiyyatı üçün dəyərli simalardan biridir. Hələ deputat olduğu vaxtlarda çox qiymətli iqtisadi təkliflər və məqalələrlə çıxış edirdi.  Sadəcə olaraq ümumi akademiya sisteminin problemidir ki, Nazim müəllimə öz potensialını sona qədər realizə etməyə imkan vermir”.

İqtisadçı ekspert instituta  yeni böhran qruplarının yaradılmasını və təkliflər paketlərinin irəli sürməsini tövsiyə edib:

“Böhran qrupu yaradılmalıdı, tez-tez dəyirmi masalar keçirilməlidir. Bank sektorunda, istehsalatda çalışan şəxslərlə  iqtsidaçı alimlər arasında görüş keçirilməlidir. O görüşlərdə təkliflər paketi hazırlanmalıdır. Bu institutun işi problemləri müəyyən etmək, onu diaqnoz etmək və çıxış yollarını hazırlamaqdır. Nazim müəllimə bir iqtisadçı alim kimi çox hörmət edirəm. Amma görünür akademiyanın ümumi sistemi ona nəsə bir iş görməyə imkan vermir”.

Modern.az saytı İqtisadiyyat İnstitutunun durumu ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə  müraciət etsə də, heç bir cavab ala bilməyib.
O, bu haqda İnstitutun özündən rəy almağı tövsiyə edib.

Təəssüf ki, İqtisadiyyat İnstitutunun mətbuatla əlaqəyə maraqlı görünməyən direktoru Nazim İmanovdan həmişəki kimi münasibət öyrənmək mümkün olmadı.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir