Modern.az

Ucuz neft 3-cü Dünya Müharibəsinə aparır - TƏHLİL

Ucuz neft 3-cü Dünya Müharibəsinə aparır - TƏHLİL

11 Dekabr 2015, 10:18

Dünən dünya bazarlarında “Brend” markalı neft psixoloji səddi aşaraq 40 dollaradan aşağı qiymətə satılmağa başladı. Düzdür, 2 saatdan sonra Nyu-York və London birjalarında neftin 1 bareli 40,85 sentə qədər bahalaşsa da, ümumi mənzərə “qara qızıl” ixracatçıları üçün heç də ürəkaçan deyil.

Energetika sahəsində çalışan bütün nüfuzlu beyənlxalq analitik mərkəzlərin proqnozları yaxın illərdə neftin 50-60 dollar arasında olacağını ehtimal edir. Bütün bunlar isə əsas büdcə gəlirləri neftdən formalaşan bir çox dövlətləri – Rusiya, İraq, Venesuela, Səudiyyə Ərəbistanı və s. müəyyən daxili problemlərlə üz-üzə qoyur və dolayısı ilə beynəlxalq proseslərə mənfi təsir göstərir.

Neft qiymətlərinin siyasi manipulasiya instrumenti olduğunu nəzərə alaraq, enereji bazarında baş verənlərin dünyanın təhlükəsizliyinə təsir göstərdiyini qətiyyətlə demək olar.

Bu isə dünyaya yeni hərbi konfliktlər, ölkə əhalisinin diqqətini sosial çətinliklərdən yayındırmaq üçün bəzi dünya güclərinin geosiyasi konfrantasiyaya getməsini şərtləndirir. 

Məsələn, Rusiyanın iqtisadiyyat naziri Anton Siluanov neft qiymətlərinin 40 dollar həcmində qalacağı halda 2018-ci il üçün Rusiyanın bütün valyuta ehtiyatlarının tükənəcəyini və dövlətin vətəndaşlar qarşısında elementar öhdəlikləri, adicə maaşları vermək qabiliyyətində olmayacağını demişdi. Bu problem rublun sürətlə ucuzlaşması, Qərbin sanksiyaları və qonşu dövlətlərlə münasibətlərin pisləşməsi fonunda Rusiyanın daha da aqressivləşməsinə yol açır.

Siyasi ambisiyaları səbəbindən ayaqlarının altını belə görməyən Vladimir Putinin ölkə daxilində populyarlığının azalmasını önləmək və sıravi rusların həyat şərtlərinin çətinləşməsindən diqqətləri yayındırmaq üçün regional münaqişələr törətdiyini görmək olar. 

Daim ölkəsinin nüvə potensialından və Rusiyanın qonşu dövlətlərdəki təbii maraqlarından danışan Kreml bu yolda Avropaya qapılarını açan iki böyük dövlət – Ukrayna və Türkiyə ilə körpüləri yandırıb. Xüsusən, Ukraynada süni qızışdırılan daxili savaş Moskvaya nəinki gözlədiyi üstünlüyü vermədi, əksinə, SSRİ-nin varisinin geosiyasi autsayderə çevrilməsinə səbəb oldu.

Bu, xüsusən, Krımın ilhaqı ilə yaşanan eyforiyanın rublun kəskin ucuzlaşmasından sonra ümumi bədbinliklə əvəzlənməsində özünü biruzə verdi. 

İlk olaraq, Ukraynada guya rusdilli əhalinin maraqlarını millətçi ukraynalılardan qoruyan, amma böyük əksəriyyəti əslən Rusiyadan olan separatçılara hərbi-siyasi dəstək verildi. Ardınca, əksəriyyəti kriminal keçmişə malik həmin separatçı komandirlər 2014-cü ilin iyulunda səhvən Amsterdamdan – Kuala-Lumpur şəhərinə uçan beynəlxalq reysi Moksvanın gizli yolla ötürdüyü “Buk” zenith-raket kompleskinin köməyi ilə vurdular. 297 nəfərin öldüyü insident Moskvanın ciddi cəhdlərinə baxmayaraq, beynəlxalq tribunalda və BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı və Rusiyanın ifşası ilə nəticələndi. Yəqin ki, bu hərbi cinayətə görə yaxın illərdə Putin və onun komandası cavab verməli və çoxmilyardlı kompensasiya ödəməli olacaq.

Daha bir qədər keçəndən sonra Moskva inamlı addımlarla NATO-da doğru istiqamətlənən Gürcüstanı hədəf seçdi. Abxaziya və Cənubi Osetiya ilə kifayətlənməyən ruslar Gürcütanın hava məkanını pozmağa, ölkənin Saakaşvili dövründə qazandığı energetik müstəqilliyi əlindən almağa cəhd göstərdilər. “Qazprom”un Gürcüstan bazarına qayıtması bunun ilk işartısı idi.

Ukrayna və Gürcüstan cəbhəsi ilə yanaşı, Moskva 3-cü dünya müharibəsinə gedən yolda Suriya cəbhəsini də fəallaşdırıb. Hakimiyyətdən getməmək kaprizi ilə azı 250 min soydaşının ölümünə səbəb olan Bəşər Əsəd, onunla eyni diktator dəyərlərini paylaşan şimallı həmkarının hesabına hələ də taxtından devrilməyib. 4 ildir ki, davam edən münaqişədə əslində açar rolunu oynayan Moskva Suriya xalqı və bəşəriyyətin maraqları naminə öz merkantil və xudpəsənd maraqlarından imtina edə bilmir. Moskvanın bu inadı Avropada yaşanan miqrant böhranın və bununla paralel olaraq dini radikalların asanlıqla Avropaya qaçqın kimi daxil olaraq terror törətmələrinə stimul verir.

Ola bilsin ki, yazının əvvəlində vurğuladığımız neft amili Moskvaya güzəştə getməyə mane olur. Dünyada artan konfliktlər əslində qiymətlərin yenidən qalxması üçün Putinə əsaslı dividentlər verir.      

Bunun başqa bir nümunəsi kimi, hər gün 10 milyon bareldən artıq neft hasil edən Səudiyyə Ərəbistanını misal göstərmək ola. Moskva kimi Ər-Riyad da xarici müdaxilələrdə iştirak edir. Yəməndə şiə hüsilərə qarşı Ərəbistanın başçılıq etdiyi körfəz ölkələri koalsiyasının bütün beynəlxalq normaları pozan müdaxiləsi buna misaldır.

Eyni sözü şəriət dövləti qurmaq istəyən “Boka Haram” qruplaşması ilə mübarizə aparan Nigeriya haqda da söyləmək olar. Afrikanın ən böyük neft ixracatçısı hələ də ölkədəki əcnəbi neftçiləri girov götürən və çoxsaylı terror aktları gerçəkləşdirən ekstremistlərə qalib gələ bilmir yaxud qalib gəlmək istəmir.

Qərb yarımkürəsinin ABŞ-dan sonra ən böyük neft ölkəsi Venesuela haqda da bu sözü demək olar.

Son vaxtlar ucuz neft qiymətlərinə görə iqtisadi çətinliklərə düşən Vensuela rəhbərliyi qonşu Kolumbiya ilə az qala hərbi əməliyyatlar həddinə çatacaq konfrantasiyası ilə manevr edir.

Ümumlikdə isə neft ölkələrinin fəaliyyətinə nəzər saldıqda onların sanki 3-cü Dünya Müharibəsinə başlamaq istəklərinin, qlobal miqyasda qan tökülməsinin tərəfdarı olduğu təəssüratı yaranır. Əgər “qara qızıl” yaxın aylarda dəyər qazanmazsa, belə bədbin proqnoz reallığa çevrilə bilər. Bu isə müasir sivilizasiyanın üzləşə biləcəyi ən böyük təhlükə deməkdir.

Vüqar İsmayılov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı