Modern.az

Heydər Əliyevə MƏKTUB

Heydər Əliyevə MƏKTUB

11 Dekabr 2015, 11:43

Dövlət başçısına məktub ünvanlamaq... İlk növbədə cəsarət tələb edir. Bu  aydın məsələdir. Nağıl dilində desək, bu, kəfəni boğazına salıb padşahın hüzurunda dayanmaqdır. Qalan məsələlər isə şahdan asılıdır. Boynunu vurdura da bilər, ya da yazdığını səmimi  qəbul edər. Yox elə bilməyin ki, söhbət “Azərpoçt” vasitəsiylə göndərilən milyonlarla zərfdən, onun içindəki şəxsi problemlərlə dolu  məktublardan gedir. Əsla. Mən dediyim məktubun adına “Açıq məktub”  derlər.  Belə məktubları təkcə prezident oxumaz.


Atam Qabilin həyatında bu qəbildən üç məktub olub. Birinci sovet dövründə, 19 oktyabr 1990-cı ildə prezident Ayaz Mütəllibova ünvanladığı 24 sual. Çox böyük rezonans doğuran bu məktubla bağlı “Ayaz Mütəllibov, yaxşılığa yamanlıq hansı...”  adlı məqaləmdə geniş bəhs etmişəm.

İkincisi şeirlə yazılmış avtoqraf məktub idi. 10 fevral 1991-ci ildə Milli Məclisin üzvü  Heydər Əliyevə (məşhur çıxışından sonra) ünvanlanmışdı. Modern.az saytında yayımladığım “Heydər Əliyevlə şair Qabilin zarafatları -1” videosunda bu şeiri Qabilin dilindən hamınız eşitmisiniz.

Məsləhətdir, aç, oxu,
Sən bu kitabı, Heydər!
Çox suala tapacaqsan da
Cavabı, Heydər!
Görəcəksən quruluş –
Zay quruluşdur, a kişi,
Yandırır həm şişi o, 
Həm də kababı, Heydər!
Üstünə kim bu saat
Qalxdı, xoruzlandısa da,
Xoruzun uçmağa
Hardaydı ki, tabı, Heydər!
Hansı namərdin olub
Vicdanı, abrı-həyası,
Mərdə-mərdanəyə xas
Vicdan əzabı, Heydər



ÜÇÜNCÜ MƏKTUB

Bu yaxınlarda hansısa kitabı axtarırdım. Qarşıma bir qovluq çıxdı. Açdım. Müxtəlif illərdə atamın yazdığı məktublar və şeirlər vardı qovluqda. Onların arasında iki Xalq yazıçısı və üç Xalq şairinin Prezident Heydər Əliyevə ünvanladığı məktub da vardı.  Məktub kompüterdə, kirill əlifbasında yazılmış, altından  da imzalar atılmışdı. Birinci – Anar, ikinci – Hüseyn Abbaszadə, üçüncü – Qabil, dördüncü – Fikrət Qoca, beşinci – Bəxtiyar Vahabzadə. Atamın arxivində olan nüsxədə məktub və 4 imza kseokopiya şəklindədir. 5-ci imza – Bəxtiyar Vahabzadənin imzası isə kopiya deyil, bu siyahıya qələmlə atılıb. Çünki məktubun təşkilatçısı Bəxtiyar Vahabzadə idi. Ona görə də axırıncı imza atmışdı.  Məktubun altında tarix qeyd olunmayıb. (Yaddaşım aldatmırsa, 1998-99-cu illər olmalıydı).

Gəlin sizi əvvəlcə məktubla tanış edim.

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri

Möhtərəm Heydər Əliyev cənablarına

         Hörmətli Prezident!

         Nə vaxtdır ki, Azərbaycan xalqı çox gərgin günlərini yaşayır. Ölkədəki iqtisadi çətinliklərə, keçid dövrünün ağırlıqlarına səbrlə sinə gərir. Siz Azərbaycana qayıtdıqdan və Prezident seçildikdən sonra bizdə gələcəyə inam və Qarabağ münaqişəsinin ədalətli həllinə böyük ümid yarandı. Siz bütün çıxışlarınızda bəyan etmisiniz ki, əgər torpaqlarımızı danışıqlar yolu ilə azad etmək mümkün olmasa Azərbaycan xalqı hərb yoluna müraciət etmək məcburiyyətində qalacaq.

         Son vaxtlar məsələnin sülh yolu ilə həll olunması üçün kompromisin vacibliyini bəyan edirsiniz. Ancaq Azərbaycan ictimaiyyəti bu güzəştin nədən ibarət olmasından xəbərsizdir.

          Azərbaycandan kənardakı bəzi mənbələrdən belə məlumatlar yayılır ki,  Minsk qrupunun yeni təkliflərində Azərbaycanın ilkin şərti hesab olunan ərazi bütövlüyü prinsipi qoyulmayıb. Şübhəsiz ki,  biz Sizin Azərbaycan üçün şərəfsiz sülh müqaviləsinə qol çəkə biləcəyinizə inanmırıq.

         Lakin ölkədə gedən bu söz-söhbətlərə son qoyulması üçün Sizin Qarabağ münaqişəsinin nizamlanması barədə mümkün qədər geniş açıqlama vermənizi və Xalqın narahatlığına, həyəcanına son qoymağınızı xahiş edirik.

 Anar, Hüseyn Abbaszadə, Qabil, Fikrət Qoca, Bəxtiyar Vahabzadə" .



Deməli məktub yazılır. Beş nəfər altından qol çəkir. Zərfə qoyulur. Və göndərilir Prezident Aparatına.  Səhər açılır. Və bu məktub “Yeni Musavat” qəzetinin manşetində çap olunur. O vaxt  AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Məktubun yazılması, atamın da altından imza atması öz yerində, müxalifət qəzetində çap olunması mənimçün gözlənilməz oldu. Mənim bundan xəbərim yox idisə, bəs qəzetlər  necə xəbər tutmuşdu? Axşam işdən çıxıb atamgilə yollandım. Özüm də bilmədən sualı düzgün qoymadım. Cavabımı da aldım:

- Papa, Prezidentə niyə məktub yazmısan?
- Əcəb eləmişəm. Səndən icazə almalıydım?
- Axı mən “Xəbərlər”də işləyirəm...
- Gözüm aydın!

Vəssalam. Söhbət bununla bitdi. Çörək yedik. Həyəcanlı idi. Amma biruzə verməməyə çalışırdı. Zarafat deyildi Heydər Əliyevə “Açıq məktub” yazmaq. O Heydər Əliyevə ki, onların hər nazıyla oynayırdı.

Xüsusilə də “Şübhəsiz ki, biz Sizin Azərbaycan üçün şərəfsiz sülh müqaviləsinə qol çəkə biləcəyinizə inanmırıq” cümləsi. Yaxşı, inanmırsınızsa, onda məktub niyə yazırsınız? Suallar beynimi qazırdı. Amma qorxumdan soruşa bilmirdim. Məktubun “Açıq məktub”a çevrilməsinin səbəbini, yəni ki, qəzetə, özü də müxalifət qəzetinə verilməsinin səbəbini anlamırdım. Sadəlövhlüyümə bax e... Guya ki, məktubu dövlət qəzetlərinə versəydilər, onlar şıppıltıyla çap edəcəkdilər.

HAŞİYƏ: Məktub qəzetdə çıxan gün Xalq şairi Nəbi Xəzri atama zəng edib “Mənə niyə deməmisiniz. Mən də imzamı qoyardım” deyə gileylənmişdi. (SON)

Yeməyimi yedim, atamla bir yüz-yüz də vurub, evə gəldim. Səhər tezdən işdəydim. Sakitçilik idi. Yəni ki, “Xəbərlər” öz ahəngiylə işləyirdi. Əsasən belə hallarda müsahibələr alınır, ictimaiyyətin, sadə camaatın  rəyi öyrənilirdi. Amma  hələ ki, sakitçilik idi. Təsəvvürümə gətirə bilmirdim ki, atamın da  imzaladığı məktubun əleyhinə nüsahibələri necə alacağam. Yaxud da müsahəbələri özgələri alsalar belə, onlara necə qulaq asacağam. Çünki belə müsahibələrə 1990-cı ildə, atam Ayaz Mütəllibova 24 sual ünvanladıqdan sonra qulaq asmışdım. Nə deyirdilər? Deyirdilər ki, “Qabil şair adamdır. Getsin işiylə məşğul olsun. Şeirini yazsın”.

Amma indi bütün bunlar baş vermirdi. Yalnız Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qısa açıqlaması oldu. O da deyəsən bizim AzTV-də yox, ANS-də.  Məğzi də ondan ibarət idi ki, prezident Heydər Əliyevin iş rejimi gərgindir, bu məktuba cavab verməyəcək.

Ertəsi gün ANS-də Xəyal Tağıyevin apardığı veriliş efirə gedirdi. İndi bazar günləri yayımlanan “Hesabat” formatında. Yəni ki, həftənin mənzərəsi.  Məktub müzakirə obyektinə çevrilmişdi. Qonaq  isə imza atanlardan biri – Qabil idi. Sonda aparıcı ona, bu məktuba Əli Həsənovun reaksiyasını xatırlatdı. Bu həm də bir sual idi. Atam da çox təmkinlə “Möhtərəm Əli Həsənov məncə yanılır. Heydər müəllim  bizi qəbul da edəcək, qaldırdığımız məsələlərə diqqətlə yanaşacaq”. Təqribən belə bir cavab.

Nəhayət, məktub ictimailəşəndən sonrakı üçüncü gün. Prezident Heydər Əliyev 5 görkəmli yazıçını qəbul etdi.  Birinci cümləsindən məni narahat edən bütün suallara son qoydu. Heydər Əliyev incimişdi. Məktubdan yox. Məktubun müxalifət mətbuatında çap olunmasından. Narazılığını da bu formada bildirdi: “Siz nə vaxt demisiniz ki, mən də sizi qəbul etməmişəm”. 
Düzgün irad idi. Bu beş yazıçının hamısının xətrini istəyirdi. Xüsusilə də Bəxtiyarla Qabili. Bütün tədbirlərdə hal-əhval tutardı, zarafatlaşardı. Özü ilə xarici dövlət səfərlərinə aparardı. Yəni ki, “sözünüz varsa, gəlin deyin, bu rəsmiyyət nəyə lazım idi?”.
Bəxtiyar Vahabzadənin bu irada həmən cavabı isə belə oldu. “Biz “Turan” agentliyinə vermişdik, qəzetlər ordan götürüb çap ediblər” dedi. Heydər Əliyev bu cavaba güldü.

Bu cür girişdən sonra Heydər Əliyev beş yazıçının hər birinin çıxışına təmkinlə qulaq asdı. Sonra da hamısına cavab verdi. Heyf ki, rəsmi versiyasını tapa bilmədim. Çox gözəl görüş idi. Hardasa iki saat çəkdi.

Və bütün görüşün videoyazısı AzTV-nin efirində getdi. Atamın dediyinə görə, yalnız bir məqamı çıxartmışdılar. Anarın bir sualını və bu suala cavabı. Təqribən yadımdadır. Amma Xalq yazıçısı Anar sağ-salamat ikən bu dialoqu yazmağa haqqım yoxdur. Bir də ki, efirdən çıxarılıbsa, deməli belə məsləhətmiş. Vəssalam.

Görüşdən uduşla ayrılan da oldu. Atam Heydər Əliyevdən şair Fikrət Sadığa Fərdi təqaüd kəsməyini xahiş etdi. Bu xahiş elə həmin gün də həyata keçdi.

SON

Bu qədər. Bu, bir tarix idi. Yaxud da, tarixin kiçik bir anına mənim publisist kimi ekskursiyam. Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ərəfəsində yadıma düşdü. Yazdım. Yəqin ki, lap ətraflı və dəqiqini tarixçilərimiz yazacaq. Çünki bu görüşdə səslənənlər bir kitaba bərabərdir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir