Modern.az

DAK-ın qurultayının vaxtı dəyişdi

DAK-ın qurultayının vaxtı dəyişdi

19 Noyabr 2010, 14:32

Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti – XI Qurultayının vaxtı dəyişdirilib. Qurumun mətbuat xidmərindən Modern.az-a verilən məlumata görə, qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən bildirlib ki, qurultay 2010-cu il dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək. Qurultayda 25 ölkədən 200 nümayəndə və qonağın iştirakı gözlənilir. 

Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların problemləri, oradakı insan haqları, diasporların təşkilatlanması və cari məsələlər qurultayın gündəliyinə salınıb. Qurultaya Azərbaycan Milli Elmlər Akademiyasından, Milli Məclisdən, QHT-lərdən də nümayəndələr dəvət olunub.

Xatırladaq ki, Dünya Azərbaycanlıları Konqresi 1997-cı ildə ABŞ-ın Los-Anceles şəhərində təsis olunub. DAK Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının hüquqlarının müdafiəsində duran beynəlxalq ictimai təşkilatdır. DAK fəaliyyətində demokratik prinsiplərin aliliyini əsas tutaraq, hər bir azərbaycanlınin fərdi, sosial-iqtisadi, siyasi və mədəni hüquqlarının qorunmasını ictimai təşkilat kimi bir vəzifə olaraq üzərinə götürüb. DAK kollegial idarəetmə sisteminə malikdir, fəaliyyətində tam sərbəstdir, heç bir dövlət, hökumət və qeyri-hökumət təşkilatları qarşısında məsul deyil. DAK fəaliyyətini Ümumdünya insan haqları Bəyannaməsinə, beynəlxalq hüquq normalarında əks olunmuş mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqların müdafiəsinə yönəlmiş prinsiplərə və nizamnaməsinə uyğun qurur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!