Modern.az

Hansı qəzetlərin bölgə müxbirləri var? (sorğu)

Hansı qəzetlərin bölgə müxbirləri var? (sorğu)

19 Noyabr 2010, 15:57


Azərbaycanın əsas mətbuat orqanları Bakıda yerləşir. Telekanalların isə hər bir bölgədə təmsilçiləri var. Bəs qəzetlər, bölgələrdə baş verən hadisələrdən necə xəbər tuturlar? Onların həmin bölgələrdə müxbirləri var, yoxsa məlumatı agentliklərdən və ya rəsmi mənbələrdən alırlar?

Modern.az saytı bır sıra qəzet redaksiyaları ilə əlaqə saxlayaraq bölgələrdə müxbirlərinin olub olmaması ilə maraqlanıb.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, bəzi bölgələrdə müxbirləri var və onlar bir neçə rayondan xəbərlər veririlər. Amma baş redaktor müxbirləri olan bölgələrin adlarını açıqlamayıb.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev isə qeyd edib ki, əvvəllər bölgələrdə qəzetin müxbirləri olsa da, indi daimi olanları yoxdur: “Lənkəranda bir müxbirimiz vardı, 20-50 manat qarşılığında orda olan hadisələr barədə bizə məlumat ötürürdü. Amma yüksək maaş istəməsi səbəbi ilə onunla əlaqəmizi kəsdik. İndi yalnız Gəncəbasar zonasında olan müxbirimizdən həmin bölgədə olan hadisələr barədə məlumat alırıq. Digər informasiyaları isə agentliklərdən, televiziyalardan və heç bir məbləğ vermədən əvvəl bizdə çalışmış jurnalistlərdən alırıq”.

Xalq” qəzetinin redaktoru Tahir Rüstəmov ölkənin ən uzun ömürlü ana dilli qəzeti kimi əsas bölgələrdə müxbirlərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, müxbirlər tez-tez dəyişsə də, qəzetin həmin bölgələrdəki məntəqələri dəyişmir: “Müxbirlər gündəlik informasiya ilə yanaşı, bölgələrdən reportajlar və müsahibələr də hazırlayıb redaksiyaya göndərirlər”.
Baş redaktorun birinci müavini qəzetin 10 bölgədə müxbir postunun olduğunu bildirsə də, onlardan yalnız dördünün adını açıqlayıb: Gəncəbasar, Qarabağ, Şəki – Balakən və Şirvan...

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə bölgələrdə müxbirlərin olmadığını və əsas məlumatları informasiya agentliklərindən götürdüklərini bildirib: “Bundan əlavə bizə bölgələrdən zəng edən, elektron poçt və ya adi poçtla məlumat verənlər də olur. Bunlar əsasən adi vətəndaşlardır və onlar öz şikayət və ya müraciətlərini göndərirlər”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bölgələrdə qəzetin müxbirlərinin olmadığını və əsas informasiyaları abunə olduqları agentliklərdən və xəbər portallarından götürdüklərini deyib: “Həmin mənbələrdən də ancaq operativ və balans qorununan məlumatları onlara istinad edərək qəzetimizdə dərc edirik”.

Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli isə söyləyib ki, 6 bölgədə müxbirləri var: “Naxçıvan, Qarabağ, Qərb, Şimal, Cənub, Şimal-şərq. Bölgə müxbirlərinin hər biri 8-15 rayona məsuldur. Həmin bölgələrdə müxbirlərimiz ofis, kompüter və faksla təmin olunublar. Onlar hər zaman bizə operativ məlumatlar ötürürlər”.

Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib ki, bölgələrdə xüsusi müxbirləri olmasa da, lazimi məqamlarda jurnalistləri hadisə baş vermiş rayonlara ezam edirlər: “Sabirabadda baş vermiş təbii fəlakət zamanı biz ora bir neçə jurnalistimizi ezam etdik. Onlar həmin yerdən reportaj yazıb, informasiyalar götürüb geri qayıtdılar”.
Sevinc xanım onu da əlavə edib ki, bölgələrdə məxsusi post yaratmaq, jurnalistləri orda saxlamaq üçün “Həftə içi”nin  imkanları yoxdur.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev  bir neçə bölgədə müxbirin olmasına baxmayaraq, abunə olduqları informasiya agentlikləri və xəbər portallarından da informasiya götürdüklərini bildirib: “Qarabağda, Şimal bölgəsində, Mingəçevirdə müxbirlərimizin olmasına baxmayaraq, onlar elə də fəal deyillər. Yalnız Qarabağ bölgəsindəki müxbirimiz bizə tez-tez məlumatlar göndərir. Həmin rayonlarda fövqəladə hallar olanda isə biz özümüz əlaqə saxlayıb tapşırıqlar veririk, adi vaxtlarda isə özləri lazım bildikləri informasiyaları yazıb bizə ötürürlər”.
Redaktor həmin müxbirlərin qonarar prinsipi ilə işlədiklərini qeyd edib: “İstərdik ki, bütün bölgələrdə müxbirlərimiz olsun, ancaq qəzetlərin bugünkü iqtisadi vəziyyəti həmin yerlərdə post yaratmaq və jurnalistləri saxlamağa imkan vermir”.

Yeni Müsavat” qəzetinin redaktoru Zahid Səfəroğlu bölgələrdə müxbirlərinin olmadığını, həmin yerlərdəki məlumatı isə daimi oxuculardan və daha çox da müsavatçılardan aldıqlarını bildirib: “Bundan əlavə, abunə olduğumuz informasiya agenlikləri və xəbər portallarından da məlumatlar götürürük”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bölgələrdə müxbirlərinin olmamasını bir neçə səbəblə əlaqələndirib: “Birinci, qəzetin maliyyə imkanları bölgələrədə jurnalist saxlamağa mane olur. İkincisi, bölgələrdə peşəkar, etibarlı qələm sahiblərini tapmaq çətindir”.
A.Aşırılı regionlarda baş verən hadisələri agentliklərdən və xəbər portallarından izləməklə yanaşı, onları özlərinin də dəqiqləşdirdiklərini ildirib: “Bölgələrdə siyasi partiyaların təmsilçilərindən orda baş vermiş hadisələri dəqiqləşdirir, informasiyalar alırıq. Bundan əlavə, Naxçıvanda baş verən hadisələri “Azadlıq” radiosunun müxbiri Məlahət Nəsibova ilə, Qazax-Ağstafa bölgəsində isə Ayvazalı Orucov ilə əlaqə saxlayıb öyrənirik”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub