Noyabrın 20-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Tədbirə YAP üzvü olan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıblar.
APA-nın məlumatına görə, mərasimdə YAP-ın 7 noyabr parlament seçkilərində qalib gəlmiş üzvləri ilə yanaşı, seçkiyə qatılmamış və seçkiyə qatılaraq uduzmuş şəxslər də (Əhəd Abıyev, Aydın Həsənov, Sevindik Hətəmov ) iştirak ediblər.
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiya sədrini və üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü münasibətilə təbrik edib. O, YAP-ın yaranmasından keçən 18 ilin şərəf və ləyaqət ili olduğunu vurğulayıb:
«18 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 18 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir».
Ə. Əhmədov 7 noyabr parlament seçkilərində qalib gəlmiş 71 YAP üzvünü qələbə münasibəti ilə təbrik edib.
Millət vəkili Rəbiyyət Aslanova YAP-ın yaranmasının Azərbaycan tarixində çox önəmli bir hadisə adlandırıb
YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov isə deyib ki, partiya yarandığı vaxtdan etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.
E.İbrahimov bildirib ki, partiya qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə əsaslanıb.
«Bu gün artıq YAP 520 min nəfərdən artıq insanı öz ətrafında birləşdirir və regionun ən güclü siyasi təşkilatıdır. Eyni zamanda, YAP hazırda dünyanın əksər ölkələrinin partiyaları ilə sıx əməkdaşlıq qurub və bununla da beynəlxalq əlaqələrini genişləndirməkdədir. İnanıram ki, Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə YAP gələcəkdə də böyük uğurlar qazanacaq»- deyə E.İbrahimov vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov bildidb ki, Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 18 illik fəaliyyəti Azərbaycan tarixində mühüm yer tutur.
“Çünki partiyamız bu müddətdə çox keşməkeşli dövr yaşayıb”.
Ş.Əsgərov bildirib ki, bu gün YAP sıralarında cəmiyyətin intellektual təbəqəsi birləşdirib. Bu amilin partiyanın uğurlarında vacib rol oynadığını deyən Ş.Əsgərovun fikrincə, ölkəmizdə YAP-la rəqabət aparmaq iqtidarında olan siyasi qüvvə yoxdur.
«Bu gün partiyamızın sıralarında 520 mindən çox insan birləşib. Yetişən gənc nəslin YAP sıralarına qoşulması da bizi çox sevindirir. Bu fakt göstərir ki, YAP gələcəyin partiyasıdır»- deyə o, vurğulayıb.
YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib.