İstanbul Adalar bələdiyyə başqanı Mustafa Farsakoğlu türk ideoloji ənənəsini pozaraq özünə erməni müavin təyin edib. Modern.az “Taraf” qəzetinə istinadən bildirir ki, Farsakoğlu şəhər şurasının üzvü Raffi Germon Araksı özünə müavin götürüb. Başqan bildirib ki, Adalar şəhərinin qeyri-müsəlman əhalisinin müdafiəsi üçün iradə nümayiş etdirmək lazımdır.
“Üzərimizdə olan məsuliyyəti anlayırıq. Burada “azsaylı xalq” anlayışını ifadə etmək belə ayıbdır. Biz bu posta xalq tərəfindən seçilmiş layiqli dostumuzu təyin etmişik”-deyə o, bildirib.
Qəzet qeyd edir ki, Qurban bayramı zamanı bələdiyyə başqanı məzuniyyətdə olduğundan Raffi Araks onun səlahiyyətlərini icra edib. Raffi bayram namazına rəhbərlik edib və şəhər camaatını təbrik edib. “Mən təkcə müsəlman qardaşlarımla namaz qılmadım, həmçinin yəhudi qardaşlarımızla sinaqoqda dua etdim”-deyə erməni məmur bildirib.