Modern.az

“Dolların uçot dərəcəsinin artırılması manata birbaş təsir göstərməyəcək”

“Dolların uçot dərəcəsinin artırılması manata birbaş təsir göstərməyəcək”

İqtisadiyyat

18 Dekabr 2015, 09:30


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən dolların uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın dollara qarşı məzənnəsinə təsiri ilə bağlı danışıb.

Modern.az xəbər verir ki, deputat bunun dünyanın çoxdan gözlədiyi hadisə olduğunu qeyd edib: “ABŞ-ın Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi faiz dərəcələrini artırdı.

Bu da kifayət qədər nəzərə çarpan artım olduğu üçün ilk növbədə dolların möhkəmlənməsinə gətirib çıxaracaq və ABŞ iqtisadiyyatında bir sıra hədəflərə yönələn siyasət yeridilməyə başlayacaq. Dolların möhkəmlənməsi ilk növbədə inkişaf etməkdə olan ölkələrin milli valyutalarına təsir edəcək.

Bu Braziliya və Cənubi Amerikanın, müəyyən dərəcədə Çin, Rusiya, Türkiyə kimi ölkələrin milli valyutalarında öz əksini tapacaq. Azərbaycanı daha çox maraqlandıran məsələ isə Federal Ehtiyat Sisteminin bu addımının Azərbaycan milli valyutası olan manata necə təsir göstərməsidir”.

Əli Məsimli qeyd edib ki, Federal Ehtiyat Sisteminin bu addımı manatın məzənnəsinə birbaşa təsir göstərməyəcək: “Manatın tənzimlənmə mexanizmi dünya valyuta sistemi ilə birbaşa əlaqəli deyil. Bu dolayı və psixoloji təsirdən ibarət olacaq və tezliklə təsir göstərməyəcək. Bir müddət sonra bunun təsiri hiss oluna bilər. Əgər dollar bahalaşacaqsa, müəyyən dərəcədə neftin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq.

Neftin qiymətinin ucuzlaşması isə neft ölkəsi olaraq və Azərbaycanın maliyyə sistemində neftdən gələn vəsait çox olduğu üçün manata təsirsiz ötüşməyəcək.  

Mərkəzi Bankın hazırda əlindəki vəsait bir il bundan əvvəlkindən iki dəfə aşağı olması bir sıra suallar yaradır. Amma Azərbaycanın əlində olan indiki vəsait manatı müəyyən müddətdə sabit saxlamağa imkan verir. Burada məsələ tamamilə başqa cürdür. Belə ki, 21 fevral devalvasiyasından sonra manatın dünya bazarında neftin qiymətinin qalxıb enməsinə həssaslığı artıb”.  

Deputat bildirib ki, əgər neftin qiyməti 30 dollardan aşağı düşsə, Azərbaycanda təzyiq artacaq və bu devalvasiyaya aparacaq: “Yox, əgər 40 dollardan bir balaca aşağı olarsa, onda Azərbaycanın indiki valyuta ehtiyatı manatın nisbi sabitliyini qorumağa əsas olacaq.

Burada başqa məsələ var, bu gün manatın nisbi sabitliyini qorumağı uzun müddət davam etdirmək mümkündür, ya yox. Eyni zamanda, Azərbaycanın beynəlxalq praktikadan məlum olan üzən məzənnə siyasətinə birbaşa keçməsi də mümkün deyil. Yaxın vaxtlarda birbaşa keçməsi də mümkün deyil.  Azərbaycan bu vəziyyətdən ehtiyatlı çıxması üçün islahatlara geniş yer verməli və islahatların sürətlənməsi istiqamətində ciddi addımlar atılmalıdır”.

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!